Putin administrasiyası separatçı ermənilərin müraciətinə niyə susur? - Aydın Quliyev

12:52 28.03.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Ermənilər əvvəlcə təmas xəttində təxribat törədir, ardınca guya Azərbaycanın təmas xəttini pozması barədə hay-küy qoparır, puldan-paradan basıb Rusiya Müdafiə Nazirliyinin saytında  Azərbaycan hərbçilərinin guya sülhmıramlıların məsuliyyət zonasına daxil olduqları barədə xəbər yerləşdirir, hətta Fransa və Amerikanın xarici işlər nazirlərindən  Azərbaycanı "əvvəlki mövqeyə"çəkilməyə çağıran bəyanat çıxarmağa da nail olurlar. Sonra da Putinə məlum cəfəng müraciəti edirlər”.

Bunu hafta.az-a siyasi şərhçi Aydın Quliyev Qarabağda olan separatçı ermənilərin özləri üçün yaratdıqları "Təhlükəsizlik Şurası"nın adından Rusiya prezidenti Vladimir Putinə müraciət edərək sülhməramlıların sayını və hərbi texnikasını artırmağı xahiş etməsinə münasibətdə bildirib. 

  A.Quliyev deyib ki, bu prosesin altındakı erməni saxtakarlığı hər kəsə bəllidir. Onun fikrincə, burada maraqlı olan məqam Putin administrasiyasının separatçı ermənilərin müraciətinə müəmmalı şəkildə susmasıdır. Hansı ki, bu “sükut” erməniləri həvəsləndirir, onlara ümid verir.

Siyasi şərhçi qeyd edib ki, hələ 2014-cü ildə Ukraynadan ayrılan Donbas və Luqanskın tanınma barədə müraciətləri də beləcə sükutun ixtiyarına buraxılmışdı və sükut 8 il sonra bəlli formada pozuldu.

“Putin cənabları Azərbaycanla strateji tərəfdaşlığı səmimi ortamda, heç bir hiylə güdmədən aparmaq istəyirsə, belə müraciətlərə susmaqla  yox, açıq cavab verməlidir. Məsələn, deyə bilərdi ki, belə məsələlər dövlətlər arasında həll edilir, hansısa etnik toplumun müraciəti ilə yox...”