“Putin oturduğu yerdən çıxıb öz ayaqları ilə mənimlə görüşə gəlməlidir” - Vladimir Zelenski (VİDEO)

10:26 28.03.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Deməli, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya mətbuatına müsahibə verib. Amma bu müsahibədə yalnız Rusiya müxalifətini təmsil edən jurnalistlər, o cümlədən, Nobel mükafatı laureatı Dmitri Muratovun qəzeti olan “Novaya Qazeta”nın müxbiri iştirak edib. İki saatdan artıq davam edən müsahibədə Zelenski müharibə cinayətlərinə dair çoxlu faktlar açıqlayıb, Moskvanın hərbi həmlələrini insanlığa qarşı qətliam adlandırıb. Təbii ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Monitorinq Qurumu (Roskomnadzor) müsahibənin yayımlanmaması üçün xəbərdarlıq edib.

Ukraynanın dövlət başçısı nə deyib ki, Moskva müsahibənin yayımlanmasından belə ehtiyyatlanır? Müsahibəni izləməyənlər üçün bəzi məqamları diqqətə çatdırırıq:

Vladimir Zelenski deyib ki, Rusiyanın təcavüzü birbaşa insanlığa qarşı cinayətdir. Buna misal olaraq Mariupol şəhərini göstərib. “Ortada məlumat qıtlığı və saxtakarlığı var. Buna kimin səbəb olduğunu da hər kəs bilir. Mariupol şəhərinə bütün giriş-çıxışlar bağlıdır. Liman başdan-başa minalanıb. İnsani fəlakət göz önündədir. Ora dərman, ərzaq və içməli su çatdırmaq mümkün deyil. Rus ordusu humanitar yük daşıyan maşınlara atəş açır. Əlimizdəki məlumatlara görə iki mindən çox uşaq qətlə yetirilib. Onların çoxunun ölüsü və ya dirisinin harda olduğu bilinmir”, - deyib prezident Zelenski.

Dövlət başçısı bildirib ki, Mariupolda çox sayda rus əsgərlər də ölüb və Ukrayna tərəfi onların kimliyinə dair sənədləşmə aparıb, siyahını Rusiya tərəfə verib. Amma Moskvanın işğalçı mövqeyi imkan vermir ki, cəsədlər döyüş meydanından toplanılsın.

Müxbirlərdən biri sual verib ki, Kremlin müharibə qərarına görə niyə rusiyalı idmançılar, sənət adamları, musiqiçilər ziyan çəkirlər, onların beynəlxalq müstəvidə baykot olunması düzgündürmü? Zelenski deyib ki, şəxsən özü, məsələn, bu baykotlara qarşı çıxan ukraynalı rejissor Sergey Loznitsanın Ukrayna Kino Akademiyasından qovulmasına qarşıdır. “Amma rusiyalı idmançılarla bağlı baykot qərarı yerində verilib. Siyasətlə əlaqəsi olmayanlara belə verilməlidir cəza. Bizim yaşadığımız acıları hiss edə bilməzsiniz, amma ən azından bilirsiniz. Bu səbəbdən də baykot, Ukraynada insanlar öldürüldükdə ən azından özünüzü narahat hiss etməniz üçün lazımdır”, - deyib prezident.

Rus müxbirlərdən biri soruşub ki, Moskvanın təqdim etdiyi 6 maddəlik təkliflə bağlı nə düşünür. O da cavab verib ki, Kiyev hətta bu təklifləri qəbul etmək istəsə belə, xalqın rəyi soruşulacaq. Bu isə o zaman mümkün olacaq ki, müharibə başa çatacaq, qaçqınlar öz vətənlərinə qayıdacaq və ölkə ərazisində referendum keçirləcək. Xalq nə desə, hökumət də onu tətbiq edəcək.

Qaçqınlardan söz düşmüşkən, prezident müxbirlərə deyib ki, ölkəni tərk edənlərin 90 faizi geri dönəcəkləri günü gözləyir. O, bildirib ki, onsuz da kişilər ölkədədir, xaricə çıxanlar ancaq qadınlar, uşaqlar və qocalardır. “İlk növbədə rus qoşunları Ukrayna sərhədlərindən kənara çıxmalı, ölkənin ərazi bütövlüyü tam təmin olunmalıdır. Bunun üçün isə Putinlə oturub danışmalı, bir saziş imzalamalıyıq. Əks təqdirdə heç bir təminatçı dövlət danışıqlara getməz - nə Bayden, nə Conson, nə Ərdoğan, nə Duda. Ruslar deyir öncə qanunları dəyişin, sonra danışaq, bu isə mümkün deyil. Putinlə görüşüb, saziş imzalamalıyıq. Bunun üçün isə o, oturduğu yerdən çıxıb öz ayaqları ilə dünyanın istənilən yerində mənimlə görüşə gəlməlidir” deyən Zelenski, müxbirin “Birdən referendumda Moskvanın istəmədiyi və ya istədiyi qərar çıxdı, onda necə olacaq” sualına cavab olaraq bir daha xatırladıb ki, ölkə ərazisində Rusiya ordusu olduğu müddətdə referendum keçirilməyəcək. Vaxtilə eyni hal Krımda da yaşanmışdı, referendumun nəticələri qəbul edilmədi, çünki orada Rusiya ordusu vardı.

Jurnalist Vladimir Slovyov bildirib ki, müharibənin başlamasına dair hansısa tutarlı faktlar olmalıydı. Moskva bildirir ki, Ukrayna ordusu Donbasa hücum etmək istəyirmiş, ona görə də əvvəlcədən müdaxilə qərarı verilib. Bəs Ukrayna prezidenti bu barədə nə düşünür, əslində səbəb nə olub? Zelenski cavab verib ki, Moskvanın bu iddiaları tamamilə saxtadır, əsassızdır, Ukrayna ordusunun Donbasa hücum etmək niyyəti olmayıb. “2019-cu ildən başlayaraq prezident Putinə davamlı olaraq hər hansı hərbi əməliyyat aparmayacağımızı söylədim. Deyirsiniz ki, əllərində bu haqda sənədlər var. Mən o sənədlərdən xəbərsizəm, görmüş olsaydım sizə ətraflı cavab verərdim. Ukraynanın Donbasa hücum edəcəyinə dair sənədlər yüz faiz saxtadır. Deyirlər ki, sənəddə Mikola Balanın imzası var, o, kimdir, onun hansı səlahiyyəti var əməliyyat keçirmək üçün? O, Milli Mühafizə qoşunlarının bölmə rəhbəri idi, bu qurum isə Daxili İşlər Nazirliyinə tabedir. Sənəd o vaxt inandırıcı görünərdi ki, orda nazirin imzası olsun” deyən prezident bir vaxtlar Krımın geri qaytarılması üçün hərbi əməliyyatlara başlamaq üçün onun adından sənəd yayıldığını da xatırladıb.  

Jurnalist sual verib ki, əməliyyatların başlanğıcında “İlan adası”ndakı bütün ukraynalı əsgərlərin məhz Zelenskinin əmri ilə öldürülməsi haqda Moskvanın yaydığı məlumatlar nə dərəcədə doğrudur. Prezident də cavab verib ki, ağ yalandır. Çünki Rusiya qoşunları adaya hücum edərək öldürdüklərini öldürüblər, sağ qalanları isə Kiyevlə bazarlıq edərək rus əsirlərlə dəyişiblər.

Dövlət başçısı qeyd edib ki, Moskva guya Ukrayna ərazisində gizli nüvə silahlarının, kimyəvi və bakteroloji silah laboratoriyalarının olduğunu bildirir. Əsassız iddiadır. Ukraynada heç bir kütləvi qırğın silahı yoxdur. “Əslində çox istərdim belə silahlarımız olsun. Amma fakt budur ki, bu gün Ukraynada belə silahlar yoxdur”, - deyib Vladimir Zelenski…