Donbasda yeni müharibəyə hazırlaşan Rusiya ordusu Ukraynada doqquzuncu polkovnikini itirib. Məlum olub ki, 59-cu Tank Alayına komandirlik edən polkovnik Aleksandr Bespalovun həlak olduğu və doğulduğu şəhərin lövhələrində belə bir yazı əks olunub: Onun dəfn mərasimi cümə günüdür!
Hafta.az xəbər verir ki, Ukrayna işğalında bir ay yarım ərzində 7 generalını itirən Rusiya lideri Vladimir Putinə daha bir bəd xəbər yüksək rütbəli əsgərlərindən gəlib.
Putin həftə sonu "Suriya qəssabı" ləqəbli general Aleksandr Dvornikovu yeni işğal komandiri təyin edib. Kiyev və Çerniqovdan çəkilən Rusiya ordusunun bir neçə gün ərzində Ukraynanın şərqindəki Donbasa hücumu gözlənilir. Kiyev ətrafında məğlubiyyətdən sonra uzunluğu 10 kilometri keçən rus karvanlarının Donbasa doğru hərəkət etdiyi görünüb.
Cəbhə xəttində işlər yaxşı getməyəndə uzaq mənzilli raket hücumlarına üz tutan Rusiya ordusu Ukraynada minlərlə əsgərini itirib. Ötən həftə verdiyi müsahibədə Putinin mətbuat katibi Dmitri Peskov ilk dəfə Ukraynada ağır itkilər verdiklərini etiraf edib.
ABŞ və NATO vurğulayır ki, Putinin Ukraynada itirdiyi əsgərlərin sayı azı 7 mindir və bu rəqəm 15 minə qədər yüksələ bilər.
BBC indiyədək Moskvanın adını çəkdiyi 1083 əsgərin beşdə birinin rütbəli zabit olduğunu müəyyən edib. Müəyyən edilənlərdən 217-si leytenantdan tutmuş generala qədər rütbədədir.
General-leytenant Yakov Rezantsevin öldürülməsi Rusiya ordusunun işğal etdiyi Ukraynada vurduğu ən ağır zərbə olub. Andrey Mordviçev, Oleq Mityaev, Andrey Kolesnikov, Vitali Gerasimov və Andrey Suxovetski kimi generallar Ukraynadan sağ qayıtmayıblar. Rusiyanın general rütbəsində təsdiq etdiyi yeganə ölüm general-mayor Andrey Suxovetskidir. Digər ölümlərlə bağlı Moskvadan hələlik heç bir açıqlama verilməyib.
Qara dəniz donanması komandirinin müavini Andrey Paliyinin ölümü ilə polkovnik rütbəsində ən ağır itkisini verən Rusiya ordusu bu gün doqquzuncu polkovnikini itirib. 59-cu tank alayına komandirlik edən polkovnik Aleksandr Bespalovun Ukraynada öldürüldüyü bildirilir.
Polkovnik Bespalovun Ukraynanın hansı hissəsində və necə öldüyü müəmmalı olaraq qalır. Lakin onun doğulduğu Ozyorsk şəhərinin xəbər lövhələri polkovnik Bespalovun dəfn mərasiminin cümə günü olacağını yazıb. Mesaj daha sonra tələsik silinib.
BBC-nin əldə etdiyi məlumata görə, rusiyalı itkilər arasında 10 polkovnik, 20 polkovnik-leytenant, 30 mayor və 155 astsubay var.