“Putinin “Bayraktar”lara görə Ərdoğana qəzəblənmək imkanı yoxdur...”

17:05 12.03.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Axı Rusiya özü gerçəkdən Suriyada, Liviyada həqiqi terrorçu qruplaşmalara silah verir...

Məlum olduğu kimi, Türkiyə hələ 2019-cu ildən Ukraynaya “Bayraktar TB2» zərbə pilotsuz uçan aparatlarını tədarük etməyə başlayıb. Və hazırda Ukraynaya təcavüz etmiş Rusiyanın zirehli texnikalarını, hava hücumundan müdafiə sistemlərini, radarlarını və s. kütləvi şəkildə sıradan çıxardan əsas texnika məhz Türkiyə PUA-larıdır. Amma Ukraynaya hərbi yardım edən digər ölkələrdən fərqli olaraq – bu savaşdan çox öncə imzalanmış ticari məsələ olsa da belə, Rusiya lideri Putin rəsmi Ankaraya qarşı qəzəbini ifadə etmir. Düzdür, ötən il Rusiya XİN başçısı S.Lavrov bu haqda Türkiyəyə öz “irad”ını çatdırmışdı. Ancaq bilavasitə Putindən bu məsələ ilə bağlı ciddi reaksiya olmayıb. Görəsən, buna səbəb nədir?..

Mövzu ilə bağlı Hafta.az-ın suallarını cavablandıran sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bunları söyləyib:

“Bilirsiz, Türkiyə və Rusiyanın əməkdaşlığı, əlaqələri çox spesifik xarakter daşıyır. Bu iki ölkənin münasibətlərini izləsək, görərik ki, burada həm danışıqlar, xoş ünsiyyət, eyni zamanda bəzi mqəamlarda biri-birinə qarşı ya dolayısıyla, ya birbaşa hədə və güc nümayişi yer alır. Biz onu da anlamalıyıq ki, digər silah ixrac edən dövlətlər kimi, Türkiyə və Rusiya da hər biri ayrı-ayrılıqda öz texnika və silahlarının ixracından fayda, mənfəət görməyə çalışır. Rəsmi Ankara da öz növbəsində yeni texnologiyalı silahlarının ixracını təmin etməlidir. Bu, Türkiyə üçün  həm iqtisadi, həm də siyasi baxımdan çox vacib məsələdir. Və bu baxımdan Moskva, konkret Putin Türkiyəyə, Ərdoğana irad tuta bilməz ki, siz “hansısa terrorçulara, nasistlərə” silah verirsiz. Axı Rusiya özü gerçəkdən Suriyada, Liviyada həqiqi terrorçu qruplaşmalara silah verir... Odur ki, Putinin “Bayraktar”lara görə Ərdoğana qəzəblənmək imkanı yoxdur...

Onu da qeyd etmək lazımdır ki, Türkiyə “Bayraktar”ları hələ Azərbaycana verməmişdən öncə Ukraynaya verməyə başlayıb...”

“Bu məsələdə  Rusiyanın “S-400” komplekslərini Türkiyəyə satmasının da adekvat rolu ola bilərmi” sualına isə politoloq belə cavab verib.

“Bəli, bu da bir faktordur. Çünki “S-400” kompleksləri Rusiyanın silah ixracı üçün vacib komponentdir. Ona görə ki, bəzi məqamlarda beynəlxalq arenada həmin qurğuların o qədər də effektiv olmaması haqda tənqidi fikirlər səslənir. Və bu mənada Rusiya heç bir “S-400” alıcısını itirmək istəməz. Digər tərəfdən,  əslinə qalsa, Türkiyə də “S-400”-ləri alarkən eyni zamanda gələcəkdə bu cür raket komplekslərinin istehsalı üçün lazımi texnoloji təcrübə əldə edir. Və biz anlayırıq ki, Türkiyə üçün bu raket texnologiyalarını mənimsəməsi işində bəzi problemlər də mövcuddur. Çünki Qərbdən bunların alternativlərini ala bilmir...

Yəni siyasətdə çox mürəkkəb mövzular olur. Bəzən iki ölkə arasında  vizual olaraq ziddiyyətlət görə bilərik. Amma əslinə qalsa, bu, ümumi tendensiyadır. Təhlil etsək, görərik ki, Türkiyə Ukraynada öz maraq və mövqelərini qoruyub və qorumaqdadır”- deyə sabiq baş diplomat bildirib.