“Putinin Yaxın Şərqə səfəri Qərb siyasətinin uğursuzluğudur"

09:10 08.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putinin bütün embarqo və sanksiyalara baxmayaraq Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanına səfəri, onun yüksək səviyyədə qəbulları Qərb mətbuatında günün mövzusu olub.

Hafta.az-ın yazdığına görə, aparıcı Qərb mediası Putinin BƏƏ və Səudiyyə Ərəbistanına səfərini Qərb siyasətinin uğursuzluğu kimi qiymətləndirib.

“The Hill” açıq şəkildə Putinin səfərini Rusiyanı təcrid edə bilməyən Qərb siyasətinin uğursuz nəticəsi adlandırıb.

“Washington Post” Rusiya liderinin BƏƏ-də möhtəşəm qəbuluna diqqət çəkib. Bildirilib ki, Putin BƏƏ-də yerdə artilleriya atəşi ilə qarşılanıb, səmada üçrəngli Rusiya bayrağının dalğalanmasını simvolizə edən döyüş təyyarələrinin paradı keçirilib. Məqalədə bildirilir ki, liderlərin təbəssümləri və möhkəm əl sıxışmaları diqqətdən yayınmayıb və bu səfər Rusiyanın Yaxın Şərqdə effektiv vasitəçi kimi nüfuzunu daha da gücləndirmək məqsədi daşıyır.

Kanadanın CBS telekanalı Rusiyanın Əbu-Dabi ilə sıx ticarət və şəxsi əlaqələrinə diqqət çəkir. Telekanal bildirir ki, gözlənilməz səfər hər kəsi təəccübləndirib.

Qərb mətbuatı xüsusilə Putinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinə söylədiyi sözlərə diqqət çəkərək, Moskva ilə Ər-Riyad arasında dostluq əlaqələrinin inkişafına heç nəyin mane ola bilməyəcəyini qeyd edir və Rusiyanın Yaxın Şərqə çox sürətli bir giriş etdiyini vurğulayır.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin uzun fasilədən sonra Yaxın Şərqə səfərə çıxıb. O, əvvəlcə BƏƏ-nin paytaxtı Əbu-Dabiyə, oradan da Səudiyyə Ərəbistanına gedib.

Oxunma sayı 27
Siyasət rubrikasından digər xəbərlər