QAİ-nın Ağsaqqallar Şurası hesabat verib

21:02 06.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 6-da Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

İcmadan hafta.az-a bildirilib ki, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov Şuranın fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər və ilk yarımillik ərzində görülən işlər barədə ətraflı məlumat verib.

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, Vedi rayon İcmasının sədri, akademik Vaqif Şadlinski, Ağsaqqallar Şurasının üzvlər, Amasiya rayon İcmasının sədri, akademik Abel Məhərrəmov və Çəmbərək rayon İcmasının sədri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov çıxışlarında ilk yarımillik ərzində təşkilati fəaliyyətin gücləndirilməsi, icma üzvləri ilə görüşlərin keçirilməsi və sosial-ictimai təşəbbüslərin həyata keçirilməsi istiqamətində görülən işlər barədə danışıblar. Qarşıdakı dövrdə fəaliyyətin daha da genişləndirilməsinin vacibliyi qeyd edilib.

Digər natiqlər də ilk yarımillik ərzində həyata keçirilən elmi, ictimai, maarifçilik və media fəaliyyəti, Qərbi Azərbaycan həqiqətlərinin təbliği, milli-mənəvi dəyərlərin qorunması, tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi və gənclərlə iş istiqamətində görülən işlər barədə məlumat veriblər.

Sonda Şuranın 2026-cı ilin ilk yarımilliyinə dair fəaliyyəti qənaətbəxş qiymətləndirilib, qarşıdakı dövrdə Ağsaqqallar Şurasının fəaliyyətinin daha da genişləndirilməsi, ictimai fəallığın artırılması, gənclərlə işin gücləndirilməsi və Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə daha fəal şəkildə təbliği istiqamətində təkliflər səsləndirilib.