Qanun layihəsi hazırlandı: Yazıçılar nəzarətə götürüləcək

10:50 15.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Ədalətli Rusiya” Partiyası Rusiyada “yazıçıların milliləşdirilməsini” nəzərdə tutan mədəni islahatın başlanmasını təklif edib. Bu islahat “liberal paradiqmanın ənənəvi dəyərlərlə” əvəzlənməsini nəzərdə tutur.

Hafta.az-ın yazdığına görə, partiyanın lideri Sergey Mironov son 30 ildə ruslara “Qərb idealları”nın yeridilməyə çalışıldığını və “başqa düşüncə tərzinin qadağan edildiyini” bildirib. Mironov deyib ki, 2022-ci il fevralın 24-dən sonra “dünya dəyişib”.

Mironov həmçinin dövlət ideologiyasının təbliğinə və rəsmi senzuranın qaytarılmasına çağırıb. O, xüsusilə ədəbiyyat sahəsini tənzimləyəcək qanunlara ehtiyac olduğunu bildirib.

Mironov həmçinin Mədəniyyət Nazirliyinin yazıçılara və ədəbi prosesə cavabdeh olan dövlət orqanı olmasını təklif edib.

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonra bir çox məşhur yazıçılar müharibəyə qarşı çıxaarq ölkəni tərk edib. Bu yazıçıların bəziləri xarici agent (Dmitri Bıkov) və terrorçu (Boris Akunin) elan edilsə də, bəzilərinin (Dmitri Qluhovski) həbsinə order verilib.