Qarabağ atları: tarixi irs və mədəni simvol

12:51 21.08.2025 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Qarabağ atları Azərbaycan xalqının tarixində və mədəniyyətində xüsusi yer tutur. Bu nadir at cinsi yalnız bir heyvan növü deyil, həm də milli kimliyimizin, tarix və mədəniyyətimizin canlı simvoludur. Qarabağ atları öz çevikliyi, dözümlülüyü və zəka xüsusiyyətləri ilə dünyada tanınır. Onların hekayəsi yalnız zoogenetika və bioloji xüsusiyyətlərlə məhdudlaşmır. Bu atlar xalqın qəhrəmanlıq ənənələrinə, tarix boyunca keçdiyi çətinliklərə və mədəni irsin qorunmasına birbaşa bağlıdır.

Tarixi köklər və formalaşma

Qarabağ atlarının tarixi minilliklərə gedib çıxır. Arxeoloji və tarixi mənbələr göstərir ki, bu at cinsi Qafqaz Albaniyası dövründə artıq mövcud idi. Hələ eramızdan əvvəl I minilliyə aid mənbələrdən məlumdur ki, Manna dövləti bərqərar olduğu vaxtlarda atlardan geniş istifadə edilib. Midiya, Atropatena və Albaniyada da atçılıq geniş yayılıb. Eramızdan əvvəl IV əsrdə Midiyada Xəzərin cənub-qərbində, Nesey adlanan geniş ərazidə güclü, yaraşıqlı atlar yetişdirildiyi barədə tarixçi Herodot yazıb. Tədqiqatçılar bir çox araşdırmalara, tarixi ədəbiyyatlara, ayrı-ayrı mənbələrə istinadən belə fikrə gəliblər ki, Qarabağ atlarının əcdadları Azərbaycan atları, əsasən, Nesey atlarıdır. Zaman keçdikcə Türkmən xalqının yetişdirdiyi Axaltəkə atları və Azərbaycan xalqına məxsus Qarabağ atları olmaqla, Nesey atları əsas iki qola ayrılıb.

Sovet dövrünün bəzi tədqiqatçıları Qarabağ atlarının tarixini saxtalaşdırmağa səy göstəriblər. Onlardan biri - professor İ.İ.Kaluqin Qarabağ atının mənşəyini Ərəb atı sayıb, ona Axaltəkə, eləcə də İran atlarının təsir göstərdiyini qeyd edib. Bir sıra ərəb mənbələrində bildirilib ki, VIII əsrdə, artıq islam dininin bərqərar olduğu dövrdə Azərbaycanda qızılı Qarabağ atları geniş yayılıb. Buradan 60 min qızılı rəngli at ərəb istilaçıları tərəfindən Ərəbistana aparılıb. Qarabağ atlarının, əsasən, 4 növü - Maymun, Qarnıyırtıq, Əlyetməz (Ceyran) və Toxmaq məşhur olub.

Mədəniyyət və milli simvol kimi Qarabağ atı

Qarabağ atı Azərbaycan xalqının poeziyasında, musiqisində, nağıllarında və rəsmlərində tez-tez əks olunur. Onlar qəhrəmanlıq, azadlıq, sədaqət və fədakarlığın simvolu kimi təqdim edilir. Aşıqların və muğam ifaçılarının qoşmalarında Qarabağ atı tez-tez sevgi, qalibiyyət və maneələrin aşılması metaforu kimi işlədilir.

Folk ədəbiyyatında və rəvayətlərdə Qarabağ atı həm də qəhrəmanlıq dastanlarında rol oynayır. Tarixi döyüşlərdə cəsarətli igidlərin miniyi kimi təsvir olunan bu atlar, xalqın yaddaşında qorunub saxlanmış və nəsildən-nəsilə ötürülmüşdür. Qarabağ atları həm də milli qürur və vətənpərvərlik rəmzi olaraq qəbul edilir.

Qarabağ atlarının dünya səhnəsində də özlərinə yer tapdıqlarını görmək mümkündür. Bir çox beynəlxalq sərgilərdə iştirak edərək yüksək mükafatlar qazanıblar. Ümumiyyətlə, tədqiqatçılar XVIII-XIX əsrləri Qarabağ atçılığının “qızıl əsri” sayırlar. Bu cinsin ən tipik nümunələrinin həmin dövrdə Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın və Xurşidbanu Natəvanın (Usmiyevlərin) zavodlarında yetişdirildiyi məlumdur. O vaxtlar bir çox beynəlxalq sərgilərə aparılan Qarabağ atları yüksək yerlərə layiq görülüb. 1867-ci ildə “Xan” ləqəbli Qarabağ atı Fransada keçirilən sərgidə gümüş mükafata layiq görülmüşdür. Bu atın gözəlliyi və özünəməxsus rəngi o qədər təsiredici olmuşdu ki, fransız qadınları onun parlaq rənginə valeh olmuş və hətta öz saçlarını narıncı-qızılı rəngdə boyamağa başlamışdılar. 1869-cu ildə Ümumrusiya at sərgisində “Maymun” ləqəbli at gümüş, “Toхmaq” adlı at bürünc medallara, Хan qızı Natəvanın “Əlyetməz” adlı atı isə attestata layiq görülmüşdü.

Məlumatlara görə, Qarabağ atları yaraşığı, dözümlülüyü, sürəti və başqa keyfiyyətlərinə görə, bütün Cənubi Qafqazda şöhrətlənib. Rusiya, Polşa, İngiltərə, Fransa kimi ölkələrdə də müştəriləri olub. İngilislər bu atları hind süvari qoşunu üçün alıblar.

Tarixi sənədlərdə qeyd olunur ki, Qarabağ atları həmçinin diplomatik hədiyyələr kimi də istifadə olunub. 1956-cı ildə Sovet İttifaqının dövlət başçısı Nikita Xruşşovun Böyük Britaniyaya səfəri zamanı kraliça II Elizabetə Ağdam Atçılıq Zavodundan aparılan “Zaman” adlı Qarabağ atı bağışlayıb. Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin Qarabağ atlarına xüsusi sevgisi vardı. Qarabağ atlarını dünyanın ən qiymətli xəzinələrindən biri kimi qiymətləndirirdi. Onun məşhur ifadəsi bu atların özünəməxsus və nadir gözəlliyini tamamilə əks etdirirdi: “Əgər bütün dünyanın atları bir üzükdürsə, Qarabağ atları bu üzüyün qaşıdır”. Bu sözlər Qarabağ atlarının həm fiziki gözəlliyinə, həm də tarixi və mədəni əhəmiyyətinə verilən yüksək dəyərin bir ifadəsidir. 2022-ci ilin may ayında Britaniyadakı Vindzor sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından mərhum kraliçaya “Şöhrət” adlı Qarabağ atı hədiyyə olunmuşdu. 2021-ci ilin iyununda isə Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərinə rəsmi səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da “Zəfər” adlı Qarabağ atı hədiyyə olunmuşdu. Bu cür hədiyyələr Qarabağ atlarının dünyada bir barış, dostluq və mədəniyyət körpüsü olaraq tanınmasının təsdiqidir.

Qarabağ atları yenidən Qarabağda

Qarabağ atları Şuşa, Ağdam, Bərdə, Ağcabədi, Beyləqan, Xocalı, Xocavənd, Tərtər, Cəbrayıl, Füzuli və Kəlbəcər rayonlarının ərazilərində daha geniş yayılıb. SSRİ Nazirlər Sovetinin 1948-ci il 8 oktyabr, Azərbaycan SSR Nazirlər Sovetinin isə 1949-cu il 27 may tarixli qərarları ilə Ağdam Atçılıq Zavodu yaradılıb.1993-cü ilin iyulunda Ağdam rayonu erməni təcavüzkarları tərəfindən işğal edildikdən sonra Qarabağ atları da yurdlarından didərgin düşmüşdü. İndi Qarabağ atlarının doğma torpaqlarına geri gətirilməsi prosesi həyata keçirilir və bu, həm tarixi irsin qorunması, həm də milli qürurun dirçəlməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Yeri gəlmişkən, respublikamızda atçılığın inkişafı məqsədilə dövlət səviyyəsində lazımi addımlar atılır. 2007-ci il 27 fevralda “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. 2007-ci il 8 oktyabrda Azərbaycan Respublikasının Nazirlər Kabineti “Atçılığın inkişafı üzrə Proqram”ı təsdiq edib. Proqramda Azərbaycanın atın əhliləşdirildiyi və atçılığın təşəkkül tapdığı ən qədim ölkələrdən olduğu, tarixin müxtəlif mərhələlərində cəmiyyətin, iqtisadiyyatın və təsərrüfat münasibətlərinin inkişafının, habelə müxtəlif hərbi-siyasi proseslərinin atçılığın inkişafına öz təsirini göstərdiyi bildirilib: “Azərbaycanın Qarabağ bölgəsində Pənah xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın at zavodlarında Qarabağ cinsinin, qərb bölgəsində isə Dilbazilərin at zavodlarında Dilbaz cinsinin formalaşdırılması və təkmilləşdirilməsi üzrə əsaslı işlər aparılmışdır”.

Atçılığın inkişafı üzrə dövlət proqramında o da qeyd olunub ki, hazırda dünya üzrə 260 cins atın ikisi Azərbaycana məxsusdur. Bunlar “Dilbaz” və “Qarabağ” atlarıdır.

2017-ci il fevralın 22-də isə Prezident İlham Əliyev Azərbaycan Respublikasında Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb. Qeyd edək ki, dövlət başçısının “Azərbaycanda Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında” 2014-cü il 19 noyabr və “Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” 2015-ci il 21 avqust tarixli sərəncamları Qarabağ atının genefondunun qorunmasında, tarixi şöhrətinin özünə qaytarılmasında mühüm rol oynayıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 2018-ci il noyabrın 5-də Ağcabədi rayonu ərazisində inşa edilmiş Qarabağ Atçılıq Kompleksinin və 2022-ci il oktyabrın 4-də isə Ağdam rayonunun işğaldan azad edilmiş Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimi olub.

Mütəxəssislər vurğulayır ki, Qarabağ atlarının qorunması milli kimliyin qorunması deməkdir. Gələcək nəsillər üçün bu atların yetişdirilməsi, sağlamlığının qorunması və düzgün məşq proqramlarının tətbiqi əvəzsiz bir mirasdır. Qarabağ atlarının yenidən doğma torpağa qaytarılması həm də Azərbaycanın dünyada tanınan mədəni irsinin bir hissəsi kimi önəmini artırır.

Nəticədə, işğaldan azad olunan Qarabağda Qarabağ atlarının yetişdirilməsi, onların qorunması və mədəni tədbirlər vasitəsilə təbliği bölgənin tarixi irsinin və milli qürurun bərpasıdır. Bu atlar Azərbaycanın yalnız mədəni simvolu deyil, həm də tarix və təbiətin vəhdəti, eləcə də gələcək nəsillər üçün milli dəyərlərin yaşadılmasıdır. Qarabağ atları ilə birlikdə Qarabağ torpaqlarında həyat yenidən canlanır, tarix və mədəniyyət bir araya gəlir, vətənə dönüş yalnız insanları deyil, nadir irsi də əhatə edir.