"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq

15:39 18.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın müasir siyasi tarixində mühüm yer tutan iki əlamətdar tarixə həsr olunan "İyulun iki günü" adlı sənədli film iyulun 22-də Space TV-nin efirində nümayiş olunacaq.

Hafta.az xəbər verir ki, film Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi hesab edilən iki iyul gününə fərqli rakursdan nəzər salır. Ekran əsərində 1969-cu il iyulun 14-də ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlişi ilə başlanan inkişaf mərhələsi və 1990-cı il iyulun 22-də onun doğma Naxçıvana qayıdışı ilə ölkənin müstəqillik yolunda yeni siyasi mərhələnin əsaslarının formalaşması paralel xətt üzrə təqdim edilir.

Sənədli filmdə vurğulanır ki, bu iki tarix arasında ötən 21 il təkcə zaman fərqi deyil, həm də vahid siyasi xəttin, dövlətçilik düşüncəsinin və Azərbaycanın gələcəyinə hesablanmış strateji baxışın davamıdır. Filmdə birinci iyul gününün ölkənin iqtisadi, sosial və mənəvi inkişafı üçün möhkəm təməllərin qoyulduğu dövrün başlanğıcı, ikinci iyul gününün isə həmin potensialın müstəqil dövlət quruculuğu mərhələsində siyasi dayağa çevrildiyi tarixi mərhələ olduğu real faktlar əsasında təqdim edilir.

Filmdə hər iki tarixi dövrün şahidi və iştirakçısı olmuş görkəmli dövlət xadimləri və ziyalılar müsahib qismində çıxış edərək həmin dövrün ictimai-siyasi prosesləri, qəbul olunan mühüm qərarlar və onların Azərbaycanın inkişafına təsiri barədə dəyərləndirmələrini bölüşürlər.

"İyulun iki günü" sənədli filminin ideya müəllifi Ayaz Mustafayev, ssenari müəllifi Sahil Tahirli, məsləhətçisi İlham Tumas, rejissoru Arzu Həsənov, redaktoru isə Pərvin İsmayılovadır.

"İyulun iki günü" sənədli filmi iyulun 22-də Space TV-nin efirində tamaşaçılara təqdim olunacaq./redaktor/