Argentinanın Futbol üzrə Milli Komandasının hücumçusu və kapitanı Lionel Messi sosial şəbəkələrdə geniş yayılmış, İspaniya yığmasının hücumçusu Lamin Yamalı körpə ikən çimizdirdiyi fotoyla bağlı açıqlama verib. Messi BMT-nin Uşaq Fondunun (UNICEF) xətti ilə çəkilmiş fotonun tarixçəsini inanılmaz adlandırıb.
O, bu barədə mətbuat konfransında danışıb.
"Bu foto sadəcə inanılmazdır. Mən onu körpə olanda çimizdirmişdim, indi isə tezliklə dünya çempionatında qələbə uğrunda mübarizə aparmaq üçün üz-üzə gələcəyik. Bu, həqiqətən də inanılmazdır", - deyə Messi bildirib.
Messi Yamalı dünyanın ən yaxşı futbolçularından biri adlandırıb.
“Heç bir şübhə yoxdur ki, hazırda o, dünyanın ən yaxşı futbolçularından biridir. Ona böyük uğurlar arzulayıram. Çünki onun uğuru "Barselona" üçün də yaxşı olacaq. Amma biz böyük oyun keçirmək və onun ən yaxşı futbolunu göstərməsinə imkan verməmək üçün əlimizdən gələni edəcəyik, hərçənd bu, çox çətin olacaq. Biz təkcə Lamini deyil, bütövlükdə İspaniya millisini də zərərsizləşdirməyə çalışacağıq. Onların çox güclü futbolçuları var və əla futbol nümayiş etdirirlər", - deyə Messi əlavə edib./trend/