İran Hörmüzdən sonra Bab əl-Məndəbi bağlayacaq?

10:09 17.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran rejimi təzyiqi artırmaq üçün Hörmüz boğazından sonra Qırmızı dənizdə gəmi hərəkətini yavaşlatmağı planlaşdırır. Tehranın dəstəklədiyi Husilərin siyasi bürosunun üzvü Məhəmməd Fərəh ABŞ-ın Səudiyyə Ərəbistanını Yəməndə əməliyyat keçirməyə inandırdığını bildirib və bu davam edərsə, Bab əl-Məndəb boğazının bağlana biləcəyi ilə hədələyib: "Mövcud vəziyyət pisləşərsə, Bab əl-Məndəb boğazı və Hörmüz boğazı əməliyyat ittifaqının bir hissəsi olaraq bağlanacaq. Bu halda, neftin qiyməti dəhşətli bir şokla barel üçün 200 dollara qədər yüksələcək".

Hafta.az yazır ki, “Reuters”in təhlilinə görə, Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən boğaz Tehranın müharibədə "son çarə"si ola bilər. Yaxın Şərq üzrə ekspert Fəvaz Gərgəs deyir ki, İran ABŞ-a həm Hörmüz boğazında, həm də Qırmızı dənizdə gəmiçilik trafikini eyni vaxtda poza biləcəyi barədə mesaj göndərmək istəyir: "İran sonuna qədər getməyə hazır görünür. Tehran həm yaxın ətrafında, həm də daha geniş ərazidə gərginliyi artırır. Bu, təkcə Hörmüz boğazının deyil, həm də Bab əl-Məndəb boğazının risk altında olduğu mesajını verir".

Analitiklər münaqişənin Körfəzdən Qırmızı dənizə yayılması qlobal ticarət və enerji təchizatında böhranı daha da dərinləşdirəcəyini bildirirlər. Bu, Vaşinqton və Tehranı danışıqlar masasına qayıtmağa məcbur edə bilər.

İranın dövlət media orqanı olan Press TV-nin təhlilində də Vaşinqton və Tehran arasındakı anlaşma memorandumunun Ağ Ev tərəfindən birtərəfli şəkildə pozulduğu və İnqilab Keşikçilərinin müdafiə strategiyasından hücum strategiyasına keçdiyi bildirilir.

Təhlildə vurğulanır ki, "iki ayrı bölgədə qlobal dəniz nəqliyyatını təhdid etmək qabiliyyəti İranın strateji təsirini əhəmiyyətli dərəcədə artırır". Belə bir addımın, xüsusən də Asiya iqtisadiyyatlarına "vasitəçilik etmək və ya tərəf tutmaq" üçün təzyiqi artıracağı bildirilir.

Hörmüz boğazı və Bab əl-Məndəbin eyni vaxtda bağlanmasının Avropadan Çinə, Hindistana və Yaponiyaya qədər geniş təsir göstərdiyi deyilir.

“Reuters”ə müsahibə verən London Kral Kollecindən Andreas Kriq bildirib ki, Tehran yalnız ümumi müharibənin qaçılmaz olduğuna inandığı təqdirdə Bab əl-Məndəbi bağlamaq üçün Husilərdən istifadə edəcək.

Bu arada, Körfəz ölkələri diplomatik həll yolunda getdikcə artan çıxılmaz vəziyyətdən narahatdırlar. Səudiyyə Ərəbistanı Körfəz Tədqiqat İnstitutundan Əbdüləziz Sager deyir: "İran qalib gəlsə də, məğlub olsa da, bunun region üçün nəticələri olacaq. Daha sabit regional təhlükəsizlik mühiti yaratsa, bir çox Körfəz ölkələri sonuncunun xərclərini daha məqbul hesab edə bilər".

13 iyulda ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında dəniz blokadasının bərpa olunduğunu elan etdi və ABŞ-ın boğazdan keçən gəmilərdən rüsum alacağını bildirdi. Lakin ertəsi gün verdiyi açıqlamada o, bu qərarı ləğv edərək, Körfəz ölkələri ilə ticarət müqavilələri bağlanacağını dedi. CNN-in məlumatına görə, xüsusilə Körfəz ölkələri müdaxilə edərək Trampı bu ideyadan imtinaya razı salıblar.

Qəzza müharibəsinin başlamasından sonra husilər Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar təşkil ediblər. Böyük gəmiçilik şirkətlərini Cənubi Afrika ətrafında gəmilərinin marşrutunu dəyişməyə məcbur edən bu hücumlar nəqliyyat xərclərini artırıb, ABŞ və Böyük Britaniyanı Yəmənə qarşı hava hücumları təşkil etməyə sövq edib.