“Zirə” UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubu ilə qarşılaşmaq istəməyib.
Hafta.az bildirir ki, komandanın baş məşqçisi Rəşad Sadıqov “Torpedo” ilə cavab oyunundan sonra bu barədə mətbuat konfransında bildirib.
Matç 3:0 hesabı ilə “Zirə”nin xeyrinə qurtarıb və qəsəbə klubu iki oyunun nəticəsinə görə mərhələ adlayıb.
“Püşkdən əvvəl “Torpedo” ilə qarşılaşmaq istəmirdik. Təcrübəli baş məşqçiləri, tarixi ənənələri var. Gürcüstan çempionatında yaxşı çıxış edirlər. Avrokubok təcrübələri də mövcuddur. Amma hər şey bizim üçün uğurlu alındı və mərhələ adladıq”, - Sadıqov deyib.
Baş məşqçi səfərdə rəqibə qalib gəldikləri cavab oyunu haqqında danışıb: “Rəqibin oyunun əvvəlində sistemini dəyişməsi bizim üçün gözlənilməz oldu. Bir çox matçları analiz etmişik. Heç birində belə oynamırdılar. İlk dəqiqələrdə bu sistemə qarşı oynamaq üçün bir az çətinlik yaşadıq. Amma futbolçular yaxşı reaksiya verdilər, rəqibin təhlükə yarada biləcək hücumlarının qarşısını aldılar. Dəqiqələr ötdükcə oyunu bərabərləşdirə, daha sonra üstünlüyü ələ ala bildik. İlk hissədə vacib iki qol vurduq”.
“Zirə” II təsnifat mərhələsində Estoniyanın “Payde” komandası ilə qarşılaşacaq.