Avtomobili olanlar oxusun - YENİ QAYDALAR TƏSDİQLƏNDİ

15:20 16.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaşayış və qeyri-yaşayış obyektləri (kompleksləri, zonaları) üçün parklanma yerlərinin minimal sayının məcburi kvotası təsdiq olunub.

Hafta.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar imzalanıb.

Nəzərdə tutulmuş tikinti obyektləri üçün parklanma yerlərinin əhalisi 50 min nəfərədək olan yaşayış məntəqələrində 50%, əhalisi 50-100 min nəfərədək olan yaşayış məntəqələrində isə 25% azaldılmasına yol veriləcək.

Bu sənədlə nəzərdə tutulmuş parklanma yerlərinin minimal sayının məcburi kvotası kənd yaşayış məntəqələrinə (Abşeron rayonunun kəndləri istisna olmaqla) şamil edilmir.

Tikinti obyektləri üçün parklanma yerləri buranın istifadəçiləri üçün nəzərdə tutulur və həmin parklanma yerlərinin digər məqsədlər üçün yararlanmasına yol verilmir.

Qeyd edək ki, tikinti obyektləri üçün parklanma yerləri - tikinti üçün ayrılmış torpaq sahəsinin hüdudlarında istifadəçilərin nəqliyyat vasitələrinin saxlanması üçün nəzərdə tutulmuş duracaq yerləridir.

Çoxmənzilli yaşayış binaları üzrə yeraltı parklanma yerlərinin sayı 50%-dən az olmamalıdır.

Tikinti obyektlərindən metro, tramvay, şəhərətrafı dəmiryol nəqliyyatının dayanacaq və stansiyalarına və nəqliyyat mübadilə mərkəzlərinə qədər olan piyada gediş məsafəsi 400 metrdən artıq olmadıqda parklanma yerlərinin 30% azaldılmasına yol verilir (yaşayış binaları istisna olmaqla).

Parklanma yerlərinin sayı 50 və ya daha çox olan tikinti obyektləri üzrə həmin yerlərin 5%-dən az olmayan sayda elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurucularının yerləşdirilməsi nəzərdə tutulmalıdır. Həmin parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla, digər nəqliyyat vasitələrini saxlamaq qadağandır.

Minik avtomobillərinin parklanması üçün minimal ərazi tələbi 2.3 m x 5 m qəbul edilməlidir.

Hava limanlarında, dəniz limanları və dəmiryol vağzallarının yanında turist avtobuslarının parklanması üçün duracaqların tutumu pik saatlarında hər 100 turistə 3-4 avtomobil yeri norması ilə qəbul edilməlidir.

Parklanma yerlərinin parametrləri avtobusların tutumu nəzərə alınmaqla hesablanmalıdır, lakin eni üzrə 3 m-dən, uzunluğu üzrə 8.5 m-dən və piyadaların təhlükəsiz keçidi üçün tikinti obyektləri üçün parklanma yerlərinin sərhədləri arasında eni 0.75 m-dən az olmamalıdır.

Tikinti obyektinin təyinatı dəyişdirildiyi halda həmin obyektin yeni təyinatı üçün parklanma yerlərinin minimal sayı əlavədə müəyyən edilmiş saya uyğun olmalıdır.

Bundan başqa, çoxmənzilli yaşayış binalarında hər mənzil üçün bir yer, ümumi sahəsi 180 kvadratmert və bundan yuxarı olan hər mənzil üçün 1.3 yer ayrılmalıdır.

Fərdi yaşayış evlərinin hər biri üçün bir yer ayrılmalıdır.

Bundan başqa;

- Dövlət orqanları (qurumları) üçün binalar - ümumi sahənin hər 75 kvadratmert üçün 1 yer;

- Yerli özünüidarəetmə orqanları üçün binalar - ümumi sahənin hər 100 kvadratmert üçün 1 yer;

- Məktəbəqədər təhsil müəssisələri - ümumi sahənin hər 300 kvadratmert üçün 1 yer;

- Xəstəxanalar və digər stasionar tipli müəssisələr - hər 5 çarpayı üçün 1 yer;

- Restoranlar - ümumi sahənin hər 50 kvadratmert üçün 1 yer;

- Sərnişin vağzalları (dəmir yolu, avtomobil, su nəqliyyatı və aerovağzallar) və limanlar - hər 10 sərnişin üçün 1 yer;

- Qəbiristanlıqlar - hər 1 hektar ərazi üçün 10 yer;

- Bazarlar və topdan satış mərkəzləri - ümumi sahənin hər 100 m2 üçün 3 yer;

- Şadlıq sarayları və mərasim zalları - ümumi sahənin hər 30 m2 üçün 1 yer;

- Məscidlər, kilsələr, sinaqoqlar və digərləri - ümumi sahənin hər 100 m2 üçün 1 yer;

- Tamaşaçı yerləri olan idman kompleksləri və stadionlar - hər 20 oturacaq üçün 1 yer;

- Çimərliklər və parklar - hər 100 eyni zamanda gələn ziyarətçiyə 15 yer.