İyul döyüşləri – Tovuz döyüşlərinin ildönümüdür. Bu döyüş Azərbaycan Ordusunun savaş qabiliyyətinin nümayişi baxımından mühüm tarixi hadisə kimi, bu gün də hərbçi və siyasətçilər tərəfindən təhlil olunur. İyul döyüşlərində əldə olunan hərbi təcrübənin 44 günlük Vətən müharibəsinin gedişinə və planlaşdırılmasına təsirləri xüsusilə qeyd olunur. Bu baxımdan, Tovuz döyüşləri Vətən müharibəsinin hərbi baxımdan hazırlıq mərhələsi hesab edilir.
"Tovuz döyüşləri Vətən müharibəsinə açılan qapı idi"
Hərbi ekspert Şair Ramaldanov Hafta.az-a bildirib ki, Tovuz istiqaməti Azərbaycan, düşmən üçün strateji əhəmiyyət daşıyan bir bölgə idi.

Bu istiqamət mühüm logistika marşrutlarının keçdiyi ərazi hesab olunurdu. Azərbaycanın əsas nəqliyyat və enerji xətləri Ermənistan sərhədinə yaxın ərazilərdən keçdiyinə görə, bu rayon xüsusi strateji əhəmiyyətə malik idi.Təbii ki, düşmən də Tovuz istiqamətini daim özü üçün vacib hesab edir, burada müxtəlif təxribatlar törətməyə çalışırdı.
Azərbaycan Ordusu bütün bu təxribatların qarşısını qətiyyətlə alır, düşmənə layiqli cavab verirdi:
“Tovuz hadisələrinə daha geniş baxdıqda, həmin hadisələrdən əvvəl baş verən proseslər də diqqəti cəlb edir. Düşmən, artıq öz işğalçılıq siyasətini davam etdirmək niyyətində olduğunu gizlətmirdi. Ermənistan tərəfindən verilən bəyanatlar və nümayiş etdirilən davranışlar göstərirdi ki, onlar işğal faktı ilə kifayətlənmək niyyətində deyillər və imkan yarandığı halda yeni ərazilərə qarşı da iddialar irəli sürə bilərlər. Xüsusilə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistanın işğalçılıq siyasətinin mahiyyəti daha açıq şəkildə ortaya çıxdı. Aydın oldu ki, qarşı tərəf konstruktiv mövqe tutmaq niyyətində deyil və Azərbaycan öz torpaqlarını yalnız danışıqlar yolu ilə deyil, zərurət yaranacağı təqdirdə hərbi-siyasi vasitələrlə də azad etməyə hazır olmalıdır. Məhz bu baxımdan Tovuz hadisələri sonrakı proseslərə ciddi təsir göstərdi, Vətən müharibəsinə aparan mərhələnin mühüm halqalarından birinə çevrildi və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində atacağı addımların formalaşmasına mühüm təkan verdi”.
Hərbi ekspert daha sonra deyir:
“Azərbaycan üçün strateji əhəmiyyət daşıyan, coğrafi baxımdan son dərəcə vacib bir istiqamətdə Azərbaycan Ordusu qətiyyətli cavab tədbirləri həyata keçirərək düşmənə ciddi itkilər verdi və onu niyyətlərindən geri çəkilməyə məcbur etdi. Bu döyüşlər, demək olar ki, bütün respublikada böyük rezonans doğuran hadisələrdən biri oldu. Tovuz hadisələri başlayan zaman Azərbaycanın elə bir rayonu yox idi ki, orada gənclər səfərbərlik və hərbi çağırış idarələrinə axışmasınlar. Minlərlə gənc könüllü şəkildə ordu sıralarına qoşulmaq, Vətənin müdafiəsində iştirak etmək istədiyini bildirirdi. Faktiki olaraq, xalq arasında böyük bir könüllülük hərəkatı formalaşmışdı.
Xalqımız bu mövqeni tam dəstəkləyirdi və bununla göstərirdi ki, Ali Baş Komandanın ətrafında sıx birləşib, onun verəcəyi hər bir əmri yerinə yetirməyə hazırdır. Tovuz hadisələrindən əvvəl, hələ Aprel döyüşlərindən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun imkanlarını yüksək qiymətləndirərək bildirmişdi ki, Azərbaycan Ordusu qısa müddət ərzində işğalçı qüvvələri darmadağın etməyə və ölkənin ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Əslində, qələbənin ilk anonsu da məhz həmin dövrdə verilmişdi. Xalqın birliyi və cəmiyyətin nümayiş etdirdiyi həmrəylik, əlbəttə ki, Prezidentin diqqətindən kənarda qala bilməzdi. Bununla belə, Prezident sonrakı çıxışlarında dəfələrlə vurğulayırdı ki, Qarabağın və işğal altında olan bütün torpaqların azad edilməsi hər zaman dövlət siyasətinin əsas prioritetlərindən biri olub və bu istiqamətdə davamlı iş aparılıb. Tovuz hadisələrindən sonra həmin dövrü xatırlasaq, Prezident İlham Əliyevin “diplomatiyada hücum” ifadəsini işlətməsi xüsusi diqqət çəkirdi. O zaman bir çoxları bu yanaşmanın mahiyyətini tam anlaya bilmirdi, çünki diplomatiya ilə hücum anlayışlarının bir arada işlədilməsi qeyri-adi görünürdü. Prezident yaxşı anlayırdı ki, Aprel döyüşlərindən sonra beynəlxalq müstəvidə formalaşmış vəziyyəti, xarici riskləri və geosiyasi reallıqları düzgün təhlil etmək lazımdır. O bilirdi ki, bu risklər neytrallaşdırılmadan Azərbaycan öz haqq işinə başlasa belə, bəzi böyük güclər ölkəmizin ərazi bütövlüyünü tam bərpa etməsinə maneə olmağa çalışa bilərlər. Bu baxımdan, əsas vəzifələrdən biri diplomatik müstəvidə lazımi nəticələri əldə etmək idi. Həmin dövrdə Azərbaycan Ordusu hazır idi, xalq hazır idi və cəmiyyət qələbə əzmi nümayiş etdirirdi. Qalan əsas məsələ beynəlxalq arenada Azərbaycanın mövqeyini gücləndirmək və siyasi-diplomatik zəmini formalaşdırmaqdan ibarət idi. Tovuz hadisələrindən sonra Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə, müxtəlif platformalarda və yüksək səviyyəli görüşlərdə Azərbaycanın başqa yolunun qalmadığını, münaqişənin həlli üçün gec-tez güc variantına müraciət etmək məcburiyyətində qala biləcəyini açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırdı. Beləliklə, dünya ictimaiyyəti də tədricən regionda baş verə biləcək proseslərə və Azərbaycanın mövqeyinə hazırlanırdı. Həmin dövrdə beynəlxalq müstəvidə gedən proseslər, ayrı-ayrı dövlətlərin mövqeləri və verilən reaksiyalar sonrakı hadisələrin formalaşmasında mühüm rol oynadı. Biz görürük ki, bütün bu proseslər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilirdi və dövlət başçısı qarşıya qoyulan hədəfləri dəqiq şəkildə müəyyənləşdirmişdi. Mən deyərdim ki, ilk böyük qələbə məhz diplomatiya sahəsində qazanıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diplomatik müstəvidə qarşıya qoyulan məqsədlərə nail olaraq, fəal və hücum diplomatiyası həyata keçirməklə ilk qələbəsini məhz bu sahədə əldə etdi”.
Ş.Ramaldanov bildirir ki, Tovuz hadisələrindən sonra Azərbaycan xalqı bütövlükdə Prezidentin ətrafında sıx birləşdi. Xalq öz mövqeyini ortaya qoyaraq göstərdi ki, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi məsələsində dövlətin və Ali Baş Komandanın yanında dayanmağa hazırdır:
“Hamımıza məlumdur ki, Tovuz hadisələri zamanı Azərbaycanın yüksəkrütbəli hərbçiləri, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər zabitlər ön xətdə döyüşərək şəhidlik zirvəsinə ucaldılar. Bu fakt bir daha göstərdi ki, Azərbaycan Ordusu Vətənin müdafiəsi naminə ən yüksək fədakarlığa hazırdır. Eyni zamanda, yüksəkrütbəli zabitlərin də Azərbaycan torpağının hər qarışını qorumaq üçün canlarını qurban verməyə hazır olmaları orduda hökm sürən vətənpərvərlik ruhunun bariz nümunəsi idi. Bu baxımdan, Tovuz hadisələrini Vətən müharibəsinə aparan yolun mühüm mərhələlərindən biri kimi qiymətləndirmək olar. Tovuz hadisələrini birbaşa Vətən müharibəsinə açılan qapı kimi də dəyərləndirmək mümkündür”.
"Bu hadisələr cəmiyyətdə psixoloji baxımdan yeni bir oyanış yaratdı"
Politoloq Natiq Miri Hafta.az-a bildirib ki, Azərbaycan dövləti Tovuz döyüşlərinə qədər həm siyasi, həm də hüquqi baxımdan haqlı mövqeyini müxtəlif beynəlxalq platformalarda artıq sübut etmişdi.

Belə ki, 1993-cü ildən etibarən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə və sonrakı dövrdə müxtəlif beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu təsdiqləyirdi:
“Tovuz döyüşləri bir sıra mühüm həqiqətləri ortaya çıxardı. İlk növbədə, aydın oldu ki, Tovuz döyüşləri Qarabağın azad olunması istiqamətində aparılacaq əməliyyatların bir növ hazırlıq mərhələsi və sınağı idi. İlk dəfə məhz Tovuz döyüşləri zamanı Azərbaycan pilotsuz uçuş aparatlarından və digər müasir texnologiyalardan istifadə edərək Ermənistanın müxtəlif hərbi mövqelərinə dəqiq zərbələr endirdi. Bu isə Azərbaycanın hərbi imkanlarını və texnoloji üstünlüyünü nümayiş etdirdi. Tovuz hadisələri Ermənistanın adi sərhəd təxribatı kimi də qiymətləndirilə bilməzdi. Bu hadisələrin daha geniş geosiyasi səbəbləri və məqsədləri var idi. Ermənistanda təsir gücünü qoruyan revanşist qüvvələr və Qarabağ klanına bağlı dairələr Azərbaycanın strateji əhəmiyyət daşıyan Tovuz–Gəncə istiqamətində yerləşən enerji və nəqliyyat xətlərinə nəzarət imkanları əldə etməyə çalışırdılar. Bu plan regionda mövcud olan müəyyən geosiyasi maraqlarla da uzlaşırdı. Azərbaycan Ordusunun qətiyyətli müqaviməti və düşmənə vurduğu sarsıdıcı zərbələr həmin planların reallaşmasının mümkünsüz olduğunu göstərdi. Bununla da Azərbaycanın öz milli və geosiyasi maraqlarını qətiyyətlə müdafiə etmək əzmində olduğu bir daha nümayiş etdirildi. Məhz bundan sonra aydın oldu ki, Qarabağın azad olunması üçün əlverişli mərhələ yetişib. Bu istiqamətdə həm hərbi, həm də siyasi müstəvidə daha intensiv hazırlıqlara başlanıldı. Nəticədə, həmin hazırlıqların bəhrəsini 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində gördük. Azərbaycan Qarabağın azad olunması əməliyyatına başlayarkən artıq beynəlxalq müstəvidə də mühüm dəstəyə malik idi. Qardaş Türkiyə və dost Pakistan hərbi-siyasi, mənəvi və psixoloji baxımdan Azərbaycanın yanında olduqlarını açıq şəkildə bəyan etdilər. Həmin hadisələr Azərbaycan cəmiyyətində milli həmrəyliyi daha da gücləndirdi, dövlət, ordu və xalq birliyini möhkəmləndirdi və sonrakı qələbənin siyasi-psixoloji əsaslarının formalaşmasına ciddi təsir göstərdi. Bu həmrəylik mühiti, əslində, məhz İyul hadisələrindən sonra daha aydın şəkildə özünü göstərməyə başladı və uzun müddət ərzində davam edərək milli birliyin əsas sütunlarından birinə çevrildi”.
Politoloq bildirir ki, bu hadisələr cəmiyyətdə psixoloji baxımdan yeni bir oyanış yaratdı, insanları yenidən vahid məqsəd ətrafında birləşdirdi və Qarabağın azad olunması ideyasını daha da gücləndirdi:
“Bu prosesə ciddi təsir göstərən amillərdən biri də general-mayor Polad Həşimovun şəhid olması idi. O, xalqın içindən çıxmış, əsgərləri ilə eyni şəraiti bölüşən, ön xətdə xidmət edən bir hərbçi idi. Polad Həşimov Azərbaycan cəmiyyətində sadəcə general deyil, həm də vətənpərvərlik, fədakarlıq və xidmət simvoluna çevrilmişdi. Onun ön xətdə, əsgərləri ilə birlikdə şəhid olması cəmiyyətdə dərin təsir yaratdı və milli həmrəyliyi daha da gücləndirdi. Bu hadisə insanları Qarabağın azad olunması ideyası ətrafında daha sıx birləşdirdi, həmin məqsədə doğru istiqamətləndirdi və milli birliyi daha da möhkəmləndirdi. Ona görə də demək olar ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən əvvəl Azərbaycan cəmiyyəti artıq psixoloji və mənəvi baxımdan bu prosesə hazır idi. İnsanlar Qarabağın azad olunmasını gözləyir, bunun nə vaxt baş verəcəyini düşünürdülər. Məhz buna görə də sentyabrın 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayanda xüsusi təşviqat və ya əlavə səfərbərlik çağırışlarına ehtiyac yaranmadı. Xalq artıq vahid məqsəd ətrafında birləşmişdi və ölkənin ərazi bütövlüyünün bərpasını dəstəkləyirdi. Tarix göstərdi ki, milli birlik və həmrəylik nümayiş etdirən xalqı məğlub etmək son dərəcə çətindir”.