Latviya Elektron Media üzrə Milli Şurası (NEPLP) ukraynalılara qarşı nifrətə təhrik etdiyini əsas gətirərək, Rusiyanın RTR-Russia televiziya kanalının ölkədə yayımını üç ay müddətinə qadağan edib.
Hafta.az yazır ki, NEPLP-nin açıqlamasına görə, 22 may 2018-ci ildə yayımlanan "Vladimir Solovyovla Axşam" verilişində Ukrayna dövlətinin bir hissəsinə qarşı nifrət dolu çıxışlar yer alıb. Bundan əlavə, 11 yanvar 2018-ci ildə yayımlanan "60 Dəqiqə" verilişində Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Ukrayna ilə müharibəyə çağırış edib.
Latviyalı ekspertlər bu verilişlərin Ukrayna vətəndaşlarına qarşı nifrət oyandırdığı qənaətinə gəliblər.
Yayımın məhdudlaşdırılması qərarı ilə bağlı bəyanatda Rusiya kanalının Latviyada mövcudluğunun "Kremlin hibrid müharibəsinin" bir hissəsi olduğu və Latviyanın yayım qadağasını tətbiq etməklə informasiya məkanını ona düşmən olan ölkələrdən qoruduğu mesajı çatdırılıb.
Şura Rusiya kanalına tətbiq edilən məhdudiyyətlərin məqsədinin onu gələcəkdə Latviya qanunlarına riayət etməyə təşviq etmək olduğunu vurğulayıb.
Latviya əvvəllər də Rusiya telekanalını Ukrayna vətəndaşlarına qarşı nifrət və təxribat xarakterli proqramların yayımına görə qadağan etmişdi.