Şuşada keçirilən IV Qlobal Media Forumu artıq ənənəvi beynəlxalq platformaya çevrilərək Azərbaycanın qlobal informasiya məkanında artan rolunu bir daha nümayiş etdirdi. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan forum dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsini, 30 xəbər agentliyini, 60-dan çox aparıcı media qurumunu və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirdi. Bu faktın özü göstərir ki, Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq informasiya və media diplomatiyasının mühüm mərkəzlərindən birinə çevrilməkdədir.
Milli Məclisin deputatı Jalə Əliyeva Hafta.az-a açıqlamasında bildirib ki, IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya siyasətinin uğurlu nümunələrindən biri kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, müasir dövrdə dövlətlərin beynəlxalq nüfuzu təkcə iqtisadi və hərbi güclə müəyyən olunmur, informasiya mühiti və həqiqətlərin dünyaya düzgün çatdırılması da strateji əhəmiyyət kəsb edir.
Deputat qeyd edib ki, Şuşa Qlobal Media Forumu Azərbaycanın milli maraqlarının informasiya müstəvisində müdafiəsinə xidmət edən ən mühüm platformalardan biridir.
“Forum həm peşəkar media dialoqunu təşviq edir, həm də qlobal informasiya təhlükəsizliyi, dezinformasiya ilə mübarizə, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual məsələlərin müzakirəsinə imkan yaradır”, – deyə Jalə Əliyeva bildirib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin forumda iştirakı və beynəlxalq media nümayəndələri ilə açıq dialoqu tədbirin siyasi və diplomatik əhəmiyyətini daha da artırıb.
“Dövlət başçısının çoxsaylı sualları səmimi və ətraflı cavablandırması Azərbaycanın şəffaf siyasət yürütdüyünü, beynəlxalq media ilə açıq əməkdaşlığa üstünlük verdiyini nümayiş etdirdi. Eyni zamanda, Qarabağda həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərinin, Böyük Qayıdış proqramının nəticələrinin və regionda formalaşan yeni reallıqların birbaşa yerində nümayiş etdirilməsi forumun praktik əhəmiyyətini artırdı”, – deyə o vurğulayıb.
J.Əliyeva hesab edir ki, forumun ən mühüm nəticələrindən biri informasiya müharibəsində həqiqətin əsas arqument kimi ön plana çıxarılmasıdır.
“Uzun illər ərzində Azərbaycan haqqında qərəzli məlumatlar yayan, faktları təhrif edən bəzi dairələrin iddiaları xarici jurnalistlərin öz müşahidələri fonunda inandırıcılığını itirir. Qarabağda tikilən yeni şəhərlər, bərpa olunan tarixi-mədəni abidələr, doğma torpaqlarına qayıdan sakinlər və həyata keçirilən nəhəng infrastruktur layihələri informasiya manipulyasiyalarına verilən ən tutarlı cavabdır. Şuşadan dünyaya yayılan obyektiv görüntülər və faktlar saxta təbliğatdan daha güclü təsir yaradır”, – deyə deputat bildirib.
Onun fikrincə, forumun əhəmiyyəti yalnız Azərbaycan üçün deyil, bütövlükdə beynəlxalq media əməkdaşlığı baxımından da böyükdür.
“Burada müxtəlif ölkələrin media nümayəndələri arasında qurulan əlaqələr, fikir mübadiləsi və qarşılıqlı etimad gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu isə Azərbaycanın beynəlxalq informasiya məkanında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir”, – deyə Jalə Əliyeva qeyd edib.
Deputat bildirib ki, Şuşada belə mötəbər tədbirin keçirilməsi həm də böyük rəmzi məna daşıyır.
“Vaxtilə işğal və vandalizmin simvoluna çevrilmiş şəhər bu gün beynəlxalq dialoq, əməkdaşlıq və sülh ideyalarının müzakirə olunduğu qlobal platformaya çevrilib. Bu dəyişiklik Azərbaycanın əldə etdiyi tarixi Zəfərin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və quruculuq siyasətinin məntiqi nəticəsidir”, – deyə o bildirib.
Jalə Əliyeva vurğulayıb ki, IV Şuşa Qlobal Media Forumu Azərbaycanın informasiya diplomatiyasının növbəti mühüm uğuru kimi tarixə düşəcək.
“Forum göstərdi ki, müasir dünyada həqiqətin ən güclü müdafiəçisi faktlardır. Şuşadan verilən mesajlar sülh, əməkdaşlıq və obyektiv informasiya prinsiplərini təşviq etməklə yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirir və ölkəmizin qlobal informasiya gündəliyinin formalaşmasında fəal rol oynadığını bir daha təsdiqləyir”, – deyə deputat əlavə edib.