Ağdamda “Qarabağ şahinləri” batalyon komandirinin xatirəsi anılıb

20:04 16.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamda Birinci Qarabağ müharibəsi iştirakçısı, “Qarabağ şahinləri” batalyonunun komandiri Yaqub Rzayevin xatirəsi anılıb. Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Yaqub Rzayevin ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, qazilər, YAP Ağdam rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hafta.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə “Şəhidlər” Abidə Kompleksini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Ağdam Muğam Mərkəzində davam edən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Yaqub Rzayevin keçdiyi döyüş yolundan bəhs edən sənədli film nümayiş etdirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Elman Məmmədov və başqaları çıxış edərək, Yaqub Rzayevin həyat yolundan, Vətən uğrunda göstərdiyi qəhrəmanlıqlardan və Qarabağ döyüşlərindəki igidliyindən bəhs ediblər.

Məlumat verilib ki, Yaqub Ələsgər oğlu Rzayev 1944-cü il oktyabrın 4-də Ağdam rayonu Çuxurməhlə kəndində anadan olub. Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və təcavüzü başlayanda Y.Rzayev Ağdamda könüllülərdən ibarət “Qarabağ şahinləri” batalyonunu yaradaraq, Qarabağdakı azərbaycanlı kəndlərinin müdafiəsində iştirak edib. Ağdamla Əsgəran arasında strateji cəhətdən ən mühüm ərazini, Ağdamın ən böyük qəbiristanlığını “Qaraağacı qəbiristanlığını” mərdliklə müdafiə edib. 1992-ci il fevralın 26-da Xocalı soyqırımı zamanı Yaqub Rzayevin döyüşçüləri əhaliyə kömək etməyə çalışıblar. Həmin gün Yaqubun oğlu Canpolad da şəhid olub və ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Sonda Yaqub Rzayevin ailə üzvləri çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. /AZƏRTAC/