Qarabağ düzənliyində arxeoloji tədqiqatlar aparılır

15:55 07.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu ilə Almaniya Arxeologiya İnstitutu arasında bağlanılmış müqaviləyə əsasən “Qarabağ düzənliyinin arxeoloji tədqiqi” layihəsi çərçivəsində bölgədə geniş miqyaslı arxeoloji tədqiqatlara başlanılıb.

AMEA-dan hafta.az-a verilən xəbərə görə, layihənin əsas məqsədi Qarabağ düzənliyində yerləşən e.ə.VI-IV minilliklərə aid yaşayış məskənlərinin müxtəlif elm sahələrinin tətbiqi ilə arxeoloji tədqiqidir. İlkin mərhələdə əsas diqqət e.ə. IV minilliyə aid Leylatəpə fenomeninə məxsus yaşayış məskənlərinin öyrənilməsinə yönləndirilib. Qarabağ düzənliyində yerləşən Leylatəpə fenomeninə aid 13 abidəyə baxış keçirilib, 2022-ci il tədqiqat mövsümü ərzində onlardan dördündə - Canavartəpə, 2 saylı Sarıcalı, Leylatəpə və Fərmantəpə yaşayış məskənlərində arxeoloji tədqiqatlar aparılıb. Bu abidələrdə topoqrafiq ölçmə işləri aparılıb, onların dron çəkilişləri əsasında 3D modelləri yaradılıb.

Canavartəpə yaşayış məskənində (Ağcabədi rayonunun Taynaq kəndi) aparılan arxeoloji qazıntılar zamanı üç qazma tipli və bir möhrədən inşa edilmiş tikili qalığı, dövrün mədəni-iqisadi və təsərrüfat həyatını özündə əks etdirən çox sayda maddi-mədəniyyət nümunəsi aşkar edilib. Hal-hazırda bu abidədə tədqiqatlar davam edir.

2 saylı Sarıcalı yaşayış yerinin (Ağcabədi rayonu Sarıcalı kəndi) hündürlüyü 1m-dən azdır. Abidə dağılmış vəziyyətdədir. Burada üç sahədə arxeoloji qazıntı işləri aparılıb və məlum olub ki, mədəni təbəqənin çox hissəsi dağıntılar səbəbindən məhv olub. Salamat qalan təxminən 30-40 sm-lik hissədə isə hər hansı tikinti qalığına rast gəlinməyib. Az sayda saxsı qab fraqmentlərinə təsadüf edilib. Abidədə qazıntı işləri başa çatdırılıb.

Etnik-mədəni fenomenin eponim abidəsi olan Leylatəpə yaşayış məskənində (Ağdam rayonu Eyvazlı kəndi) arxeoloji qazıntılar 32 ildən sonra bərpa edilib. İlkin olaraq abidənin şimal hissəsində iki sahədə (A1, A2) qazıntı kvadratları müəyyənləşdirilərək arxeoloji qazıntı işləri aparılıb.

Ümidvarıq ki, “Qarabağın Leylatəpə fenomeni” layihəsi çərçivəsində aparılan arxeoloji tədqiqatlar coğrafi və ekoloji kontekstdə yaşayış məskənlərinin öyrənilməsini təmin edərək, nəticədə Leylatəpə tipli yaşayış məskənlərinin maddi-mədəniyyətinin ətraflı təsvirini verəcək. Leylatəpə fenomeninə aid təsərrüfat komplekslərinin tədqiqatları heç vaxt aparılmamış və Leylatəpə maddi-mədəniyyətinin antropoloji baxımdan təhlili hələ də mübahisəlidir. Tədqiqatlar inteqrativ yanaşmadan istifadə etməklə bu problemi həll etmək məqsədi daşıyır.

Tədqiqat yüksək keyfiyyətli təsvirlər, fotoşəkillər, şifahi təsvirlər və analitik məlumatlar daxil olmaqla, Leylatəpə maddi mədəniyyətinə dair əsas məlumat və nəşrləri təmin edərək, Leylatəpə dulusçuluğu, iqtisadiyyatı, yemək vərdişləri və əlavə aspektlər üzrə kritik bilik boşluqlarını doldurmağa kömək edəcək.

Oxunma sayı 117