Beynəlxalq siyasi analitik, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədr müavini Teymur Qasımlı ilə hafta.az üçün budəfəki söhbətimizdə artıq 31-ci ildir ki, Azərbaycan Respublikasının işğal altında qalan torpaqlarında qondarılmış separatçı-terrorçu erməni rejiminin hazırda Rusiya hərbi kontingentinin himayəsində bəslənən tör-töküntülərinin yeni qanunsuz “prezident” “seçki”ləri keçirmək həvəsindən danışdıq, buna beynəlxalq qurum və aparıcı dövlətlərin hansı münasibət sərgiləyəcəyini müzakirə etdik.
- Teymur bəy, 44 günlük savaşdakı zəfərimizdən sonra da təəssüf ki, Rusiya hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejim yenidən “siyasi” fəallıq göstərməyə çalışır. Növbəti dəfə qondarma “prezident” “seçkiləri” keçirməkdən dəm vururlar. Yadınızdadırsa, 2020-ci ilin mart və iyununda Xankəndidə iki turda keçirilmiş belə üzdəniraq “seçki”lərin nəticələrini tanımamaq barədə Rusiya istisna olmaqla, ABŞ, Britaniya, Almaniya, Fransa, İtaliya və s. kimi aparıcı dövlətlər sərt bəyanatlar verdi. Sizcə, indi belə bir “seçki” keçirilərsə, beynəlxalq ictimaiyyət buna necə reaksiya verəcək?
- Öncə onu deyim ki, 2020-ci ilin martında Azərbaycan Respublikasının Qarabağ torpaqlarındakı separatçı rejim tərəfindən keçirilmiş qondarma “seçki”lərin “pərdəarxası”nda Rusiya var idi. Daha doğrusu, Moskva bu “seçki”dən Azərbaycana təzyiq aləti kimi istifadə edirdi. Onu da demək gərəkdir ki, Qarabağdakı bu oyuncaq qurumun Ermənistanın həmin dövrdəki hökuməti belə, heç bir zaman “müstəqil” olmasını istəməyib. Sadəcə, Ermənistanın tərkibində muxtar bir bölgə kimi olmasına çalışıblar, yəni Ermənistana birləşməsi də gündəmdə olub. Ermənistanı idarə edənlər birləşməyə isti baxmayıblar...
Hazırda isə Xankəndidəki növbəti “seçki” tamaşısnın hazırlanmasını Rusiyanın yeni oyunu kimi görmək lazımdır. Əgər hər hansı “seçki” olsa, bu separatçı, oyuncaq qurum özünü “müstəqil” elan etmək istəsə belə, onu, uzaqbaşı, Rusiyadan başqa heç kim tanımayacaq. Yuxarı Qarabağ hüquqi və tarixi baxımdan Azərbaycanın torpağıdır. Üstəgəl də hazırda biz Qarabağın əksər hissəsinə birbaşa nəzarət edirik. Beynəlxalq hüquq da tərəfimizdədir. BMT və digər beynəlxalq təşkilatlara üzv olanda ərazi bütövlüyümüzü mövcud hüquqi sərhədlərimizdə tanıyıblar. Heç bir dövlət və ya beynəlxalq qurum Qarabağın bir hissəsi olan Xankəndi və digər ərazilərimizdə qondarılmış saxta rejimin istər “müstəqilliyini”, istərsə də bu rejimin keçirdiyi hər hansı qanunsuz “seçkiləri” tanımayacaq və tanıya da bilməz. Əks halda bu, beynəlxalq huquqa zidd addım olaraq dəyərləndirilər. Onu da unutmayaq ki, Qarabağdakı bəhs edilən separatçı rejim və onu dəstəkləyən dövlətlər bizdən orada məskunlaşmış ermənilər üçün status istəyirlər. Bizim dövlətimiz də bundan qəti imtina edir və çox düzgün edir...
- Hazırda hərbi kontingenti “sülhməramlı” adı ilə Qarabağda olan Rusiya, sizcə, bu məsələyə necə rəsmi münasibət bildirəcək?
- Rusiya hazırda Osetiya, Abxaziya, Donbas və s. kimi separatçı qurumlara dəstək verir, hətta onları tanıyır və əməkdaşlığı genişləndirir. Digər tərəfdən, Azərbaycanla bağlı situsiya tamam fərqlidir. Bu gün özü də çətin günlərdən keçən rəsmi Moskva nə Qarabağdakı bu oyuncaq qurumu, nə də onun keçirdiyi qanunsuz “seçki”ləri rəsmən tanıyar. Unutmayaq ki, həmin separatçı quruma bugünədək bəzən “sülhməramlı” adı ilə birbaşa, bəzən də dolayısı dəstək verən Rusiyadır. Rusiyanın Qarabağda olan hərbi kontingenti də ancaq Kremldən gələn əmrləri yerinə yetirir. Xankəndidə növbəti qanunsuz “seçki” keçiriləcəyi halda da Putin hansı tapşırığı verəcək, hərbi kontingent də onu icra edəcək. Təbii ki, “seçki”lərin keçirilməsinə mane olmayacaqlar. “Seçki”lərin durdurulmasını yalnız rəsmi Bakı tələb etməlidir...
- Paşinyan və İrəvandakı Rusiyameyilli Köçəryan-Sərkisyan revanşist müxalifəti ayrı-ayrılıqda Qarabağda oyuncaq liderliyə hansı namizədləri nəzərdə tuturlar?
- Hazırda erməni mediasında yayılan məlumatlara görə, Qarabağda olan oyuncaq quruma rəhbərlik etmək uğrunda əsasən Robert Köçəryanın adamları mübarizə aparır. Onlar Arayiki devirmək üçün hər vasitəyə əl atırlar, hətta Arayikə sui-qəsd də edilmişdi. Hesab edirəm, Paşinyanın namizədi yoxdur. Daha doğrusu, Arayik bugünədək Paşinyanın adamı sayılıb. 10 noyabr üçtərəfli razılaşmasından sonra isə əsasən Rusiyanın əmrlərini yerinə yetirir. Son zamanlar isə Arayiklə Paşinyanın münasibətlərində gərginlik nümayiş etdirilir. Əgər bu da növbəti bir oyun deyilsə.. Qondarma “prezident” “seçki”sini əsas Köçəryan istəyir. Rusiya isə ikili oynayır...
- Ermənilər iddia edir ki, guya Azərbaycan separatçı rejim liderliyinə Qarabag döyuslərində istirak etməmiş birinin “secilməsi” ilə baglı Rusiya tərəfinə təzyiq edir. Məgər rəsmi Bakı Xankəndidə “seçki” keçirilməsinə imkan verəcək?
- Birincisi, bu, ağ yalandır. Azərbaycan dövlətinin belə bir istəyi olmayıb. 11 yanvar 2021-ci il tarixində Moskvadakı görüşdə Azərbaycan dövlətinin rəhbəri Xankəndinin idarə olunmasında Bakı-Moskva razılaşması şərtini irəli sürüb və bu gün də həmin şərt gündəmdədir və bunun üçün də işlər görülür. İkincisi, Rusiya Xankəndinə Ermənistandan erməniləri yığıb gətirir. Ermənilərin çoxu Qarabağda qalmaq istəmir, onları Rusiya hərbçiləri və separatçı rejim orada zor gücünə saxlayırlar. “Seçki” keçirmək oyununu da, öncə dediyim kimi, hazırda Rusiya öz maraqları naminə Azərbaycana təzyiq etmək üçün aparır. Azərbaycan dövləti bu günə qədər oradakı oyuncaq qurumun ləğvını tələb edib. Odur ki, rəsmi Bakının Xankəndində qondarma “seçki”lərin keçirilməsinə imkan verəcəyini düşünmürəm. Əgər ermənilər bunu edərlərsə, hər vasitə ilə qarşısı alınmalıdır. Buna rəğmən “seçki” yenə də keçirilərsə, bu, Rusiya və Ermənistan üçün ən böyük səhv olar. Onlar bu işin altından çıxa bilməzlər. Bu, onların tərəf kimi 10 noyabr bəyanatına zidd davranması demək olar. O halda Azərbaycan dövləti də bunu bəhanə edərək Rusiyanın necə yanaşmasından asılı olmayaraq, Qarabağın separatçı rejimin və qanunsuz erməni hərbi qüvvələrinin mövcud olduğu hissəsində antiterror əməliyyatları başlatmalıdır...
Sonda Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və digər torpaqlarımız da Azərbaycanın birbaşa nəzarətində olacaq. Buna şübhəm yoxdur. Bunun üçün hər bir Azərbaycan vətəndaşı dövlətimizin yanında olmalıdır...