“Qartal” ləqəbli şəhidin adını daşıyan bulaq açılıb - FOTO

19:45 03.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətən müharibəsində düşmənin kabusuna çevrilən Xüsusi Təyinatlı Qüvvələrin giziri, “Qartal” ləqəbli şəhid Nurlan Hüseynovun doğum günündə onun adını daşıyan bulağın açılışı olub.

Nurlan Hüseynov 1992-ci il iyul ayının 3-də İmişli rayonunun Göbəktala kəndində dünyaya göz açıb. Həqiqi hərbi xidməti zamanı fiziki göstəricilərinə və istedadına görə Xüsusi Təyinatlı Qüvvələr sırasında xidmətini davam etdirib. Bir çox təlim və kursları uğurla başa vuran Nurlan peşəkar snayperçi olub. Hətta Türkiyədə keçirilən beynəlxalq təlim zamanı 1-ci yeri qazanaraq “Qartal” ləqəbini alıb. Aprel döyüşlərində düşmənə qan udduran Nurlan Vətən müharibəsində də qəhrəmanlığı ilə seçilib.

Ötən il sentyabrın 27-də düşmən təxribatının qarşısının alınması məqsədi ilə başlayan Vətən müharibəsində Nurlanın da təmsil olunduğu qrup əvvəlcə Murovdağ istiqamətində bir çox uğurlu tapşırıqlar yerinə yetirib. Daha sonra Nurlan Füzuli və Cəbrayıl istiqamətlərində strateji yüksəkliklərin azad olunmasında qəhrəmanlığı ilə seçilib. Hadrut istiqamətində Nurlan və onun qrupu erməniləri məhv edərək, onlardan qənimət götürdüyü döyüş maşını ilə yenidən düşmənin üzərinə hücuma keçiblər. Bu gərgin döyüşlərdə Nurlan son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olub.

Nurlanın cənnətdə olan ilk doğum günü münasibətlə keçirilən tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin əməkdaşları, şəhidin silahdaşları, yaxınları və kənd sakinləri iştirak ediblər.

Nurlanın dəfn olunduğu rayonun Göbəktala kənd qəbiristanlığında məzarı ziyarət edilib. Şəhidin məzarına gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Sonra Nurlanın xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Tədbirdə çıxış edənlər şəhidlərimizin qanının yerdə qalmadığını bildirib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın 30 illik həsrətdən sonra işğaldan azad olunduğunu vurğulayıblar.

Xatirə bulaq kompleksinin açılışında Nurlanın təhsil aldığı məktəbin müəllimləri və şagirdləri də iştirak ediblər. Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda bədii kompozisiya təqdim olunub.

Nurlan “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.