Qazaxıstanda yaradılmış seçki məntəqələri tam hazırdır - Səfirlik

17:00 06.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Respublikasında yaşayan Azərbaycan Respublikası vətəndaşlarının 7 fevral tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səs vermələrinin təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün zəruri tədbirlər görülüb.

Bu barədə trend-ə ölkəmizin Qazaxıstan Respublikasındakı Səfirliyindən məlumat verilib.

Belə ki, paytaxt Astana şəhərində yerləşən Səfirlikdə 15 saylı Yasamal birinci seçki dairəsinin 41 saylı seçki məntəqəsi, Səfirliyin Almatı şəhərindəki nümayəndəliyində isə 47 saylı seçki məntəqəsi yaradılıb.

Eyni zamanda, Qazaxıstanın qərb bölgələrində yaşayan vətəndaşlarımızın səs verə bilmələri üçün ölkəmizin Aktau şəhərindəki Baş Konsulluğunda 15 saylı Yasamal birinci seçki dairəsinin 46 saylı seçki məntəqəsi fəaliyyət göstərəcək.

"Qazaxıstanda yaşayan bütün Azərbaycan vətəndaşlarına səsvermədə iştirak etmələri üçün müraciət edilib və onlar seçkidə fəal iştiraka dəvət olunublar. Seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlərin yayılması işi başa çatdırılıb. Vətəndaşlarla aparılan söhbətlər və ilkin müşahidələr seçici fəallığının yüksək olacağını deməyə əsas verir", - deyə səfirlikdən bildirilib.

Qeyd edilib ki, seçki məntəqələri zəruri texniki vasitə və metodiki vəsaitlərlə təmin olunmuş, müvafiq məlumat lövhələri asılıb, seçki məntəqəsinə bülletenlər gətirilib. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün hər cür şərait yaradılıb.