Qazi YAŞAT Fondunu, İcra Hakimiyyətini evlərinə dəvət etdi: “Gəlin, baxın, görün...” - Şikayət

12:47 13.07.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Mətbuatda bəzi qazilərimizin çətinliklər, problemlərlə üzləşdiyinə dair çoxsaylı məlumatlar yayılır. Belə qazilərimizdən biri də müharibədə göstərdiyi şücaətlərə  görə 4 medalla təltif olunan İmişli rayon sakini qazi Əfzələddin Ağabəylidir. O, hazırda Bakıda Qospitalda müalicə olunur. Müalicəsi maddi çətinlik üçündən çox ağır keçir. Səbəblər nədir, indi biləcəyik.

1987 -ci ildə İmişli rayonunun  Cəfərli kəndində anadan olan Əfzələddin Ağabəyli ilk hərbi xidmətini 2006 -dan 2008-ci ilə qədər Qazaxdakı N saylı hərbi hissələrdən birində davam etdirib. Hərbi xidmətdən sonra ayrı-ayrı şirkətlərdə çalışıb. Son iş yeri Azərsun Holdinq olub və elə müharibəyə də oradan gedib. Əfzələddin könüllü olaraq döyüşlərə qatılıb. Deyir ki, ilk vaxtlar döyüşə gedəcəyini ailəsindən gizlədib. Ailəsi müharibəyə getdiyini son anda bilib. Sentyabrın 30 -dan ordu sıralarına qatılan Əfzələddin 5 oktyabrdan başlayaraq Cəbrayıl, daha sonra Zəngilan, Qubadlı döyüşlərində iştirak edib. Hazırda döyüşdə göstərdiyi igidliyə görə 4 medalla təltif olunub. “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”. Deyir ki, oktyabrın 29-da Qubadlı-Laçın istiqamətində rəhmətlik Şükür Həmidovun şəhid olduğu yerdə yaralanıb. Beləcə, Əfzələddin Ağabəyli öz döyüş yolundan, döyüşlər zamanı bir qəhrəman əsgərin köməyi ilə necə mühasirədən çıxmalarından, necə yaralanmasından, son tikəsini ona verən şəhid komandiri Xəyal Məmmədovdan danışdı. Və bir də...

“O son dəfə öz yeməyini mənə verib getdi, şəhid oldu. Onu heç vaxt unutmaram. Qospitaldan çıxandan sonra mütləq onun qəbrini ziyarət edəcəm. Düzdür, çoxlu şəhidimiz, yaralılarımız olurdu. Amma yenə də yüksək rütbəli zabitlərin  yanımızda olması  bizi ruhlandırırdı, heç nədən qorxmurduq, ürəklənirdik ki, zabitlərimiz bizimlədir.  Biz də can-başla döyüşlərimizi davam etdirirdik. İtkilərimiz olsa da, döyüşdə yalnız irəliyə doğru can atırdıq.

Oktyabrın 28-də humanitar atəşkəs elan olunmuşdu. Biz Qubadlıya getmişdik. Gorus rayonunun sərhəddində, Qubadlı deyilən mehmanxananın binasında qalırdıq. Düşmən qaldığımız binanı vura bilmədi. Axşama doğru ermənilər Gorus istiqamətindən qayanın arxasından bizi topla, tankla atəşə tutdular. Mərmilərdən biri bizimkilərin orda yaratdığı tibb məntəqəsinin düz mərkəzinə düşmüşdü. Düşən mərminin zərbəsindən yaralandım. Daxili orqanlarım hamısı öz yerini dəyişmişdi, qəlpə yaraları almışdım. Yadımdadır ki, oktyabrın 29-unda məni Qospitala apardılar”. 

Elə Əfzələddin Ağabəylinin problemləri də özünün dediyinə görə, qospitalda müalicə olunan zaman “həkimin səhlənkarlığı və qaziyə verdiyi yanlış epiqrezlə” başlayıb. YAŞAT fonduna müraciət etsə də, fond o sənədə istinad edərək qaziyə köməkdən imtina edib. Halbu ki, qazimiz müharibədə aldığı çoxsaylı qələpə yaralarından bu günə qədər də müalicə olunur. Sağlıq durumu ağır vəziyətdədir.

Ə.Ağabəyli “həkimin yararsız sənədi” üzündən dövlətin müharibə iştirakçılarına ayırdığı heç bir güzəşt və yardımdan istifadə edə bilmədiyini söylərir. Ona görə də, deyir ki, qospitaldan çıxan kimi ona verilən saxta sənədlərin araşdırılması üçün Hərbi Prokurorluğa şikayət edib, işin yenidəmğn araşdırılmasını tələb edəcək. Bir də, dövlətdən xahişi budur ki, müalicəsinə dəstək olsunlar.

“Həkim, hərbi tibbi leytinant Camal Abbasov mənin epiqrezimdə qəlpə  yaralarımı qeyd eləməyib. Sənədlərimi elə məhv edib ki, heç bir şey mümkün deyil.  Götürüb sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə yararlı yazıb.  Hərbi biletimə “Komsavat” yazıb. İddia edir ki, guya mən müharibə bitəndən sonra, 18 noyabrda yara almışam, aldığım xəsarətlərdən həkimin xəbəri olmayıb. Halbu ki, müharibə qurtarandan sonra, noyabrın 13-də həkimin verdiyi sənədlə evə buraxılmalıymışam. Amma məni saxlayaraq noyabrın 18-də kamsavat edib. İndi müalicəmin xərclərinin bəzi hissəini özüm ödəyirəm. Bəzisi də dövlət xəstəxanasında ödənir, o da C vitamini, şpris, iynələrdir. Qalan dərmanları özüm alıram”.

Əfzələddin deyir ki, müharibəyə Azərsunun işçısı kimi getdiyi üçün hazırda şirkət ona maaşının yarısını verir. İşdə adı getdiyinə görə 182 manat alır. Qazi həmin pulla həm müalicə olunmalı, həm də öhdəliyində olan anasına, iki qardaşı uşaqlarına, gəlinlərinə baxmalıdır.

“Qardaşımın biri 10 ildir həbsxanadadır. Onun 2 övladı, yoldaşı, bir də anam, mənim himayəmdədir. İşdə adım gedir. Əlbəttə ki, çox çətindir. İstərdim ki, haqqı nahaqqa verməsinlər. Başqa heç nə isəmirəm. Həkimlər mənə deyir sənin vəziyyətin ağırdır, amma heç kəs müalicə etmək istəmir”.

Heç bir maddi, sosial  güzəştləri, dəstəyi almayan Əfzələddin Ağabəyli ən çox barəsində verilən saxta sənədə görə üzülür:

“Bu gün Qarabağ döyüşçüləri həm də aldıqları psixoloji travma ilə mübarizə aparır. Çox qazilər, elə özü də elə olub ki, intihara cəhd ediblər. Amma bu gün üzləşdiyimiz ruhi-psixoloji gərginliyi də dəf etməyi bacarmalıyıq. Bəzən görürsən ki, qazilər qospitalda öz vəziyyətlərindən narazılıq edirlər. Elə qazilərimiz var ki, yataqdan qalxa bilmirlər. Şükür edirəm ki, bu gün ayaq üstə dura, yeriyə bilirəm”.

O, amma aidiyyatı orqanların məmurlarını evinə dəvət edib hər kəsdən gəlib öz gözləri ilə görmələrini istədi.

“İmişliyə gedib yaşayış yerimi, evimi çəkərsiz və öhtəliyimdə olan ailə üzvlərimlə görüşərsiz. Qəzetiniz vasitəsi ilə İmişli Rayon İcra Hakimiyyətini, YAŞAT Fondunu yaşadığım evə dəvət edirəm. Qoy gəlib görsünlər, araşdırsınlar görək çoxlu sayda qəlpə yaraları alan, uzun müddətdir daxili orqanlarının sıradan çıxması səbəbindən qospitalda müalicə alan qazi necə yaşayır. Niyə ona saxta epiqrez verilib. Qərar versinlər görək, 182 manat bülliten pulu ilə ailəni dolandırmaq, üstəlik xəstəxana xərclərini ödəmək nə dərəcədə mümkündür. Bir həkimin səhv yazdığı epiqrezi əsas götürüb heç bir reallığa baxmadan yaralı əsgəri köməksiz buraxmaq nə deməkdir?!.

Əfzələdin Ağabəyli üzləşdiyi məsələlərlə bağlı Prezidentə, 1-ci vitse-prezidentdə müraciət etdi. O, müharibədə necə iştirak etməsinin, yaralanmasının bir daha araşdırılmasını və müalicəsində ona dəstək verilməsini xahiş etdi. Qazi ona qarşı edilən haqsızlıqla bağlı Müdafiə Nazirliyinə də müraciət edəcəyini deyir.

Oxunma sayı 2918