“Qərb üçün Cənubi Qafqazın geosiyasi çəkisi əhəmiyyətli dərəcədə artır”

12:00 20.07.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Qlobal geosiyasi vəziyyət hər gün daha da mürəkkəbləşir. Belə təhlükəli şəraitdə Cənubi Qafqazın geosiyasi çəkisi əhəmiyyətli dərəcədə artır. ABŞ və Avropa İttifaqı (Aİ) üçün regionun geoiqtisadi əhəmiyyəti enerji və nəqliyyat kimi iki vacib istiqaməti əhatə edir.

Hafta.az-ın yazdığına görə, bu sözlər Azərbaycan-Avropa İttifaqı əlaqələrinə münasibət bildirərkən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin hazırladığı məqalədə deyilir. Buildirilib ki, 18 iyul tarixində Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” tərəflər arasında əməkdaşlığı yeni səviyyəyə qaldırdı. Sazişə əsasən Cənub Qaz Dəhlizi marşrutu ilə Avropaya gələn il 12 mlrd., bir neçə il sonra isə 20 milyard kubmetr həcmində qaz nəql ediləcək.

“Regionun logistika imkanları da Qərb tərəfindən yüksək qiymətləndirilir. Asiyanı Avropaya bağlayan əsas quru ticarət və tranzit yolları Rusiya, Azərbaycan və İrandan keçir. Qərbin Moskva ilə ziddiyyətli münasibətləri Rusiyanı şərq-qərb marşrutu üzrə etibarlı tərəfdaş statusundan məhrum edir. İranla münasibətlərini isə, hələ ki, proqnozlaşdırmaq çətindir. Belə şəraitdə Şərq - Qərb arasında yeganə marşrut Cənubi Qafqazdan (Azərbaycan+Gürcüstan) keçir. Ölkəmizin coğrafi mövqeyi, Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları və (Ermənistan xaric) qonşularla əlaqəli dəmir yolları Qərb üçün Azərbaycanın əhəmiyyətini dəfələrlə artırmış olur. Regionun logistik əhəmiyyətini ABŞ prezidenti C. Bayden Azərbaycan Prezidentinə 1 iyun tarixli məktubunda, xanım Fon der Lyayen isə dünənki çıxışında xüsusi vurğuladı”, - məqalədə deyilir.

Qeyd olunur ki, Qərbin geosiyasi gözləntisi isə odur ki, qeyd edilən lahiyələrin təhlükəsiz şəraitdə həyata keçirilməsini təmin etmək üçün Rusiyanın regiona təsiri hiss olunan dərəcədə azalmalıdır. Bunun üçün Azərbaycan - Ermənistan münasibətləri normallaşmalı və nəticəs olaraq Rusiyanın 2025-ci ildə Qarabağda hərbi mövcudluğuna son qoyulmalıdır. Regionda Rusiyadan ən çox asılı vəziyyətdə olan Ermənistan isə Ermənistan - Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması nəticəsində Rusiyadan iqtisadi və təhlükəsizlik asılılığını azalda bilər.

“Ona görə də Ermənistanla Azərbaycan arasında ikitərəfli danışıqlar Qərb üçün çox vacibdir. ABŞ-ın dövlət katibi Entoni Blinken xarici işlər nazirləri arasında baş tutan son birbaşa dialoqu “Azərbaycanla Ermənistan arasında fikir ayrılıqlarını həll etməyin ən düzgün yolu” adlandırdı. Öz növbəsində ABŞ prezidenti 20 mart və 20 may tarixli məktublarında Ermənistanla diplomatik təmasların artırılmasına kömək göstərəcəyini və regional barışın təşviqi üçün Azərbaycanla birgə işləyəcəyini ölkəmizin başçısına bildirdi. Öz növbəsində Ursula Fon der Lyayen də “Aİ-nin Cənubi Qafqazın təhlükəsizlik, sabit və firavan olmasına sadiq olduğunu” çıxışı zamanı bildirib”, - məqalədə deyilir.

Vurğulanır ki, istər ABŞ, istərsə də Aİ münasibətlərin normallaşdırılması prosesində sərgilədiyi mövqe proaktiv deyil. Ənənəvi “balanslı yanaşma” davam etdirilir. Bəzi Qərb rəsmilərinin “status” və “Minsk qrupu” ilə bağlı fikirlər səsləndirməsi nəticə etibarı ilə Qərbin yanaşmasını natamam edir. Qərbin regionla bağlı hədəfləri bəllidir, amma bu hədəflərə çatma vasitələri üzrə qeyri-müəyyənlik mövcuddur. Belə şəraitdə Qərb bütün məsuliyyəti Azərbaycan və Ermənistan rəhbərliyinin üstünə atır. Lakin, belə yarımçıq yanaşma praktikada müsbət nəticə vermir. Ermənistan Qərb rəsmiləri tərəfindən vaxtaşırı səsləndirilən fikirlərə arxalanıb “status" məsələsini ortaya atır. Bu da sözsüz ki, Azərbaycan tərəfindən qəbul olunmur və buna görə tərəflər arasında normallaşma prosesi lazımı səviyyədə gedə bilmir.

“Görünən odur ki, Qərb üçün əsas geosiyasi və geoiqtisadi məqsədlər Azərbaycan və Gürcüstanla bağlıdır. Rusiyanın regiona təsir gücünün zəifləməsi isə Ermənistanın mövqeyindən asılıdır. Belə olan halda ABŞ siyasi, Avropa İttifaqı isə iqtisadi vasitələrlə Ermənistanı daha konstruktiv siyasət sərgiləməyə sövq etməlidir. Bu məqsədlərin reallaşması üçün isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və bununla da təhlükəsiz şəraitin formalaşması başlıca şərtdir”, - ekspert qrupu bildirib.