Qərbi Səhrada siyasi və hərbi aktivlik artır: Məqsəd və səbəblər

18:20 12.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Cənubu Afrika Respublikası (CAR) və Mərakeşin BMT İnsan Haqları Şurasının sədrlik uğrunda mübarizə apardığı dekabr ayından üzübəri, İsrailin Qəzzada davam etdirdiyi hərbi əməliyyatları müharibə cinayətləri və soyqırım kimi tanıtmaq məqsədilə CAR-ın dünyanın diqqətini Laheyə çəkdiyi bir vaxtda, İsraillə arası çox yaxşı olan Mərakeşə qarşı Qərbi Səhra tərəfindən antitəbliğat kampaniyaları başladılıb.  

Hafta.az-ın Spsrasd.info-ya istinadən yazdığına görə, Qərbi Səhra hüquq müdafiəçilərinin Əl-Ayunda təşkil etdikləri dinc yürüşün Mərakeşin ordu bölmələri tərəfindən zorakılıqla dağıdılması sözügedən kampaniya üçün göydəndüşmə fürsət olaraq qiymətləndirilib.

Qərbi Səhrada İnsan Haqları Müdafiəçiləri Kollektivi yaydığı press-relizdə bildirib: “Mərakeş qüvvələri bir sıra Səhravi hüquq müdafiəçiləri, bloggerləri və siyasi məhbus ailələrinin evlərini mühasirəyə alaraq onların aksiyaya qoşulmasına mane olub. Mülki geyimli polis əməkdaşları Qərbi Səhra milli bayrağına və xalqın öz müqəddəratını təyinetmə hüququna hörmət tələb edən şüarlarla nümayiş keçirmək istəyən və onlara qarşı cinayətləri pisləyən vərəqələr yaymağa çalışan yerli qadın fəallara da güclə müdaxilə edib. Bu, işğal olunmuş Qərbi Səhra ərazilərində mülki vətəndaşlara qarşı törədilən cinayətdir”.

Mətbuat açıqlamasına görə, qadın nümayişçilər Mərakeş təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən döyülüb. Güc tətbiqi nəticəsində Qərbi Sahra hüquq müdafiəçisi və CODESA üzvü Xadicatü əl-Daviya yıxılaraq huşunu itirib, təşkilatın dügər üzvləri əl-Salika Ammar, Fala əl-Şatüki və Cəmilə əl-Mucahid, habelə jurnalistlər söyüş və sözlü təhqirlərə məruz qalıblar. Cəmiyyət bildirib ki, onlar Mərakeşin BMT İnsan Haqları Şurasının sədrliyinə namizədliyinə qarşı olublar. Cəmiyyət həmçinin repressiya, haqsız həbslər və təbii sərvətlərin talan edilməsi, eləcə də həbsxanalarında Qərbi Səhadan olan məhbuslara qarşı ciddi hüquq pozuntularının araşdıırlmasını tələb edib.

Bu arada, cümə axşamı Səhra Xalq Azadlıq Ordusunun (SPLA) bölmələri, müvafiq olaraq, Um Dreyqa və Farsiya sektorlarında Mərakeş qüvvələrinin bir neçə arxa bazasına hücum həyata keçirib. Nəticədə Mərakeş əsgələri canlı qüvvə və texniki itkilər veriblər.

SPLA Mərkəzi Siyasi Məsələlər İdarəsi tərəfindən dərc edilmiş hərbi bəyannamədə bildirilir ki, “azadlıq müharibəsi çərçivəsində hərbi əməliyyatların davamı olaraq ordunun avanqard hissəsi Mərakeş qüvələrinin arxa mövqelərini atəşə tutmağa, kazarma və sığınacaqları bombalamağa başlayıb”.

Hadisələrin kəskinləşdiyi bir vaxtda Səhra Ərəb Demokratik Respublikasının (SADR) prezidenti, Polisario Cəbhəsinin baş katibi İbrahim Qali deyib ki, Polisario Cəbhəsi Qərbi Səhra xalqının öz müqəddəratını təyinetmə və müstəqillik hüququna hörmət etməyən heç bir yanaşma tutmayacaq.

Prezident Qali beynəlxalq münasibətlər üzrə illik konfransın bağlanışında etdiyi çıxışda vurğulayıb ki, Səhra xalqı bu müqəddəs hüquqa tam sadiqdir və onu beynəlxalq qanuniliyin təmin etdiyi bütün hüquqi vasitələrlə, o cümlədən silahlı mübarizə ilə qorumağa hazırdır.

Eyni kontekstdə Qali BMT-ni öz məsuliyyəti altında olan və təşkilatın Qərbi Səhrada Referendum üzrə Missiyası (MINURSO) tərəfindən təmsil olunduğu beynəlxalq münaqişə zonasında müdafiəsiz Səhra mülki vətəndaşlarını dəstəkləməyə çağırıb.

Prezident Qali Mərakeş həbsxanalarındakı bütün Qərbi Səhralı mülki məhbuslarının təcili azad edilməsini tələb edib, Mərakeşin Qərbi Səhra təbii sərvətlərinin istismarına dərhal son qoymağa çağıraraq, Avropa İttifaqının beynəlxalq humanitar hüquqa və Avropa qanunvericiliyinə əməl etməsi tələbini təkrarlayıb. Qali Aİ-ni xəbərdar edib ki, Mərakeşlə Qərbi Səhra torpaqlarına, hava məkanına və ya ərazi sularına təsir edən hər hansı müqaviləni imzalamaqdan çəkinsin.