Özünü Ermənistanın dostu, müttəfiqi elan edən Fransa Azərbaycana qarşı qərəzli, ərazi bütövlüyünü şübhə altına alan çıxışlarını Olimpiya Oyunlarının ilk günündə sərgilədiyi şou ilə bir daha göstərdi. Bu, nə qədər qəbuledilməz, absurd olsa da, günün reallığıdır və dünyanın gözü qarşısında baş verir. Olimpiya Oyunlarını yayımlayan Fransa özünün ikilistandartlı yanaşmasını ortaya qoyub. Bu ikili yanaşma olimpiya çempionu adını qazanan idmançımız Hidayət Heydərovun final görüşündən sonra bayrağımızla sevinməsinə imkan verməməklə də canlı yayımda bütün dünyaya nümayiş etdirildi.
Deputat Azər Badamov bildirib ki, Fransanın Olimpiya Oyunları keçirməyə mənəvi haqqı çatmır. Fransa özündən min kilometrlərlə uzaqda yerləşən ada ölkələrini əsarət altında saxlayır, qul kimi işlədərək milli sərvətlərini talayır.
“XXI əsrdə neokolonializm siyasətinin davam etdirilməsi qəbuledilməzdir və bu, insan haqlarının kobudcasına tapdalanmasına görə BMT və digər beynəlxalq təşkilatlar səslərini çıxarmalıdırlar. Fransa kiçik xalqları istismar etməyə və hüquqlarını tapdalamğa o qədər öyrəşib ki, həmin siyasətini Azərbaycana qarşı da tətbiq etmək istəyir".
A.Badamov bildirib ki, Fransanın Yay Olimpiya Oyunları zamanı keçirdiyi təqdimatlar beynəlxalq idman yarışlarının normalarına ziddir. Onun sözlərinə görə, Olimpiya Oyunları bəşəriyyəti birliyə və həmrəyliyə çağırmalıdır. Hətta tarixdə Olimpiya Oyunları keçirilən zamanda müharibələrin müvəqqəti dayandırıldığı dövrlər də olmuşdur.
“Fransa Sena çayı üzərində ölkələrin idman komandalarının keçidi ilə etdiyi təqdimat mərasimində ölkələrə qarşı qərəz və cinsi azlıqların təbliğini nümayiş etdirmişdir. Ermənistanı Fransanın dostu kimi, Azərbaycanı "ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası" adlandırması olimpiya qaydalarına ziddir. Olimpiya Xartiyasında qeyd edildiyi kimi, "Olimpiya hərəkatının məqsədi insan ləyaqətinin qorunmasına xidmət edən dinc bir cəmiyyəti təşviq etmək üçün idmanı bəşəriyyətin harmonik inkişafına yönəltməkdir". Olimpiya Oyunları sülh və həmrəyliyə xidmət etməli olduğu halda, Makron hökuməti Parisdə keçirilən açılış mərasimini nifrət, özlərinin çirkin niyyətlərinin nümayişi və qəzəb üzərində təşkil etdi. Dünya xristianlığı təhqir edilərək, İsa Peyğəmbərin eybəcər obrazını düzəldərək nümayiş etdirdilər. Bu, həm də dünya xristianlarının kəskin etirazına səbəb oldu. Fransanın Olimpiya Oyunlarından öz çirkin məqsədləri üçün istifadə etməsinə görə Beynəlxalq İdman Federasiyası mütləq şəkildə müvafiq tədbirlər görməlidir”.
A.Badamov eyni zamanda qeyd edir ki, Fransanın Olimpiya Oyunlarında nümayiş etdirdiyi qərəz bu ölkənin belə mötəbər tədbirlərə ev sahibliyi etməsinə, ümumiyyətlə, uyğun gəlmədiyini göstərdi.
A.Badamov hesab edir ki, Azərbaycanın Fransaya verəcəyi ən doğru cavab idmançılarımızın qələbə qazanması, Bayrağımızın dalğalandırılması və Himnimizin səsləndirməsidir.
“Keçirilən cüdo yarışında idmançımız Hidayət Heydərovun qələbə çalaraq birinci yeri qazanması qələbələrimizin davamıdır. Bizə düşmən gözü ilə baxan ermənipərəst fransızları bayrağımız və himnimizə ayaqüstə baxmağa və dinləməyə məcbur etdik. Bundan sonra da qələbələrimiz çox olacaq”.
Siyasi təhlilçi Aydın Quliyev bildirir ki, Fransa hökuməti və şəxsən prezident Makron Olimpiya Oyunlarına ev sahibliyini həyata keçirərkən daxili və xarici siyasətdə konkret məsələləri hədəfləyib.
“Fransanın hansı vəziyyətdə olduğunu bilirik. Həm daxilində, həm də beynəlxalq siyasətdə hansı problemlərlə üzləşdiyi göz qabağındadır. Sosial-iqtisadi zəmində etirazlar, ölkədə vətəndaş həmrəyliyinin pozulması, müəyyən qruplar arasında qarşıdurma, Fransa cəmiyyətinin siyasi cəhətdən kəskin şəkildə parçalanması, müstəmləkələrin azadlıq uğrunda açıq mübarizəyə başlaması Fransa üçün təbii ki, çox böyük çətinliklər yaradır. Belə şəraitdə Makron hakimiyyəti Olimpiya Oyunları kimi mötəbər bir beynəlxalq idman yarışına ev sahibliyi etməklə dünya ictimaiyyətinin diqqətini həm özünün daxili və xarici siyasətdəki problemlərindən yayındırmağa, həm də Fransanın guya çox qüdrətli və sivil bir ölkə olduğunu dünyaya nümayiş etdirmək üçün çalışır. Ortaya çıxan nəticələr, təzahürlər Makronun Olimpiya Oyunları arxasında güddüyü niyyətlərin iflasa uğradığını deməyə əsas verir.
Aydındır ki, Fransa dövləti həm belə oyunların təşkil olunmasında yetərincə səriştəsiz, təşkilatçılıq bacarığına malik deyil, həm də ölkənin daxilində müxtəlif dövlətlərə, o cümlədən də Azərbaycana qarşı bir fobiyasının olduğunu nümayiş etdirmiş oldu. Açılış mərasimində televiziya aparıcısının Azərbaycana və Ermənistana açıq şəkildə fərq qoyması, əsasən siyasi motivlərlə danışmaları, Azərbaycana qarşı qərəz nümayiş etdirməsi bir daha sübut edir ki, Makron Olimpiya Oyunlarının fəlsəfəsini və beynəlxalq olimpiya qaydalarını kobud şəkildə pozdu. Olimpiya Oyunları hər cür siyasi yanaşmanı kənara qoymaqla yalnız idman prinsiplərinə söykənməyi və beləliklə, bu yarışları dünya xalqları və insanlar arasında həmrəylik müstəvisinə çevirməyi təlqin edir. Fransa hökumətinin yanaşması tamamilə açıq oldu və bunlar Azərbaycana qarşı nə qədər düşmən niyyətdə olduqlarını bir daha büruzə verdilər. Əlbəttə, belə tədbirlərə ev sahibliyi etmək Fransa üçün böyük bir itkidir”.
A.Quliyev hesab edir ki, Fransa 11 milyard avronu bu tədbirlərin təşkilatçılığına yönəltməklə, əslində, ölkəyə həddən artıq ziyan vurdu. Əgər bu tədbirlərlə Fransanın dünyada zədələnmiş imicini bərpa etmək mümkün olmadısa, müəyyən dövlətlərlə, o cümlədən Azərbaycanla münasibətlər daha da pisləşdisə, bu, Fransanın itkisindən başqa bir şey deyil:
“Yəqin ki, oyunlardan sonra Fransa hökuməti və ictimaiyyəti bütün bunların hesabını Makrondan soruşacaq. Küçələrə səpələnmiş 11 milyard avro Fransada vergi ödəyicilərinin puludur, fransız cəmiyyətinin müəyyən sosial-iqtisadi ehtiyaclarından kəsilmiş puldur, Fransa müstəmləkələrinin istismarından gələn puldur. Bu pul, əslində, Fransa dövlətinin imicinin bərpa olunmasına deyil, onun imicinin daha da korlanmasına xidmət etdi. Buna görə Olimpiya Oyunlarına ev sahibliyini Fransanın tarixində uğursuz səhifələrdən biri kimi dəyərləndirmək olar. Bunun da müqəssiri, təbii ki, Makron hakimiyyətidir. Yəqin ki, bu hadisələrə qiymət veriləcək və Makronun belə mötəbər yarışları siyasət və siyasi ambisiyalar meydanına çevirməsinin bir məsuliyyəti olacaq. Beynəlxalq Olimpiya Komitəsi buna ciddi qiymət verməlidir. Bundan sonra da Beynəlxalq Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyən ölkələr olacaq. Makronun Olimpiya Oyunlarını siyasiləşdirmək “təcrübəsi” gələcəkdə bu oyunlarda təşkilatçı olacaq ölkələrin də fəaliyyətinə müəyyən qədər mənfi təsirini göstərə bilər. Ona görə də Olimpiya Oyunlarında Makronun təşkilatçılığına və göstərdiyi siyasi ambisiyalara müasir beynəlxalq tribunalar mütləq qiymət verməlidir”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli bildirir ki, Fransada keçirilən Olimpiya Oyunlarında Fransa mediasının nümayiş etdirdiyi mövqe, əslində, Parisin son illərdə ölkəmizlə, regionumuzla bağlı nümayiş etdirdiyi siyasətin tərkib hissəsidir:
“France 2” telekanalının jurnalistləri ölkəmizlə, Qarabağla bağlı yanlış, qərəzli fikirlər səsləndiriblər. Düşünürəm, bu fikirlər təsadüfi deyil. Fransanın məqsədyönlü siyasətinin Azərbaycana qarşı qərəzli siyasətinin bir hissəsidir. Görünən odur ki, Fransa idman oyunlarından da özünün siyasi məqsədləri üçün istifadə edir. Yəni bu prosesi siyasiləşdirməyə çalışır ki, bu da yolverilməzdir. Hesab edirəm, bu, əslində, Olimpiya Oyunlarının fəlsəfəsinə mahiyyətdə bir zidd davranışdır. Təbii ki, Azərbaycan tərəfindən Fransa mediasının belə bir mövqeyi adekvat qiymətləndirilib. Fransa tərəfindən ortaya qoyulan yanaşma, qərəzli siyasət, təəssüf ki, bölgədə sülhə deyil, əksinə, yeni hərbi siyasi gərginliyin yaranmasına səbəb olur. Düşünürəm, hər halda Fransa bu siyasətini həyata keçirilməklə, ilk növbədə, bölgədə özünün geosiyasi maraqlarını təmin etməyə çalışır”.
“Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov bildirir ki, dövlət başçımızın zamanında "Ermənistan, sən dalandasan" ifadəsini işlətməsi təsadüfi deyildi. Qafqazın dalanı Ermənistandırsa, Avropanın dalanı Fransadır. Fransa Makron hakimiyyəti altında həmin “dalan siyasəti”ni yürüdür. Olimpiya Oyunlarında o siyasətini bir daha göstərdi.
R.Hüseynov qeyd edir ki, vaxtilə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransa Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində 30 illik gözləntilərimizi puça çıxarıb. Onun sözlərinə görə, Fransanın Azərbaycana qarşı qərəzli münasibəti əvvəldən bəlli idi.
Mərkəz rəhbəri bildirir ki, hansı dövlətlərin, kimlərin oyunlarından, riyakarlıqlarından asılı olmayaraq, Azərbaycan qarşısına qoyduğu maraq və məqsədlərinə çatıb və onu pozmağa çalışanlara deyəcək sözü, gücü var:
"İdman sülhə çağırış, inteqrasiya, birlik deməkdir. Bu cür mədəni oyunların siyasi mədəniyyətsiz olan ölkədə keçirilməsi xoş deyil. Fransanın Azərbaycana qarşı mövqeyi, Olimpiya Oyunlarında siyasi mədəniyyətszlik nümayiş etdirməsi dünyanın gözü qaşısında baş verir”.
Mərkəz rəhbəri qeyd edir ki, Ermənistanla Fransanın siyasi xətlərində, düşüncələrində fərq yoxdur. Hər ikisi işğalçı, haqsız, qərəzli mövqe sərgiləyir. Belə olmasaydı, Fransa 30 il ərzində Qarabağ münaqişəsinin həllində hər hansı təşəbbüsdə bulunardı. Avropanın mərkəzində guya demokratik prinsiplərə, dəyərlərə sığınan ölkə kimi özünü təqdim edən Fransanın insan hüquqlarının təməl prinsiplərinə, ərazi bütövlüyünə, bu cür etinasız yanaşması doğru deyil, riyakarlıqdır.
R.Hüseynov Olimpiya Oyunlarında qələbə çalan idmançılarımızı təbrik edərək, bu qələbənin də Fransa və digər ikilistandartlı çıxışları ilə diqqət çəkən dövlətlərə açıq cavab adlandırıb. Onun sözlərinə görə, Azərbaycana qarşı qərəzli, təxribatçı çıxışlara baxmayaraq, idmançılarımız Bayrağımız və Himnimizin sədaları altında dünyanı ayağa qaldıracaq, ölkəmizin dövlət dəyərlərinə ehtiram göstərmələrini tələb, təmin edəcək.
Siyasi şərhçi Əli Mustafa Olimpiya Oyunlarının dünyada sülhü təmsil etdiyini, xeyirxahlıq, xalqlar arasında dostluq, ədalət kimi prinsipləri ehtiva etdiyini bildirib. O, qeyd edib ki, əslində, bir münaqişə, qarşıdurma varsa Olimpiya Oyunlarında aradan qalxmalıdır. Yəni bu, bir sülh oyunudur, bir xoş məram, xoş mesaj şansı və fürsətidir, bir formada dünyanı birliyə tərəqqiyə, dostluğa çağıran bir simvolu ifadə edir. Bu baxımdan Ə.Mustafa hesab edir ki, Olimpiya Oyunlarında Fransanın sərgilədiyi qərəzli mövqe, Azərbaycanı qaralaması, erməniləri dəstəkləməsi çox utandırıcı, üsuludur.
“Özünü sivil dünyanın, demokratik dünyanın bir parçası hesab edən Fransanın bu davranışı, əslində, milli dini ayrı-seçkiliyin, irqçiliyin bir nümunəsidir. İndi artıq bunun dünyanın gözü qarşısında edilməsi faktı ilə üz-üzəyik. Əlbəttə, bu, Olimpiya Oyunlarının keçirilməsi qaydalarna, prinsiplərinə də ziddir. Hesab edirəm, Olimpiya Komitəsi, bu oyunu təşkil edənlər Fransanın yanaşmasına, davranışına etirazını bildirəcək, qınayacaq. Söhbət Azərbaycanla Ermənistana münasibətdə yol verilən ayrı-seçkilikdən, qüsurlardan gedir. Bu yanaşma pislənməlidir”.
Ə.Mustafa digər tərəfdən hesab edir ki, Fransanın Ermənistanı özünə dost hesab etdiyini, Azərbaycanla düşmənçiliyinin göründüyünü araşdırmaq, bu düşmənçiliyin haradan qaynaqlandığını ortaya qoymaqla Fransanın davranışlarına adekvat cavab verməliyik.
“Fransa Azərbaycana münasibətdə həmişə qərəzli olub. Anlaşılan odur ki, onlar Azərbaycana, ümumiyyətlə, türk millətinə, İslam dininə bağlı olan insanlara qərəzli yanaşırlar, obyektiv ola bilmirlər. Bütün bunların hamısı olimpiya kimi tədbirlərdə bir formada təzahür edir. Fransa, əlbəttə, Azərbaycana hər fürsətdə zərər vurur. İndi Ermənistana silah satır. Ən azından, Minsk qrupunun keçmiş həmsədri kimi bunu etməməliydi. Sülh danışıqlarında iştirak etməyə çalışır, amma hər fürsətdə Azərbaycana qarşı mənfi narazılığını bildirir. O, bunu etməməli idi. Nə edir-etsin, Azərbaycan öz çapında, öz imkanları daxilində Fransanın bu irqçi, qərəzli yanaşmasını pisləməli, ifşa etməlidir. Beynəlxalq birliyi də baş verənləri pisləməyə çağırmalıdır. Fransa ev sahibidir və hamıya eyni münasibət göstərməli idi”.