İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda 11 min uşağı öldürdüyü açıqlanıb.
Hafta.az-ın yazdığına görə, bu barədə açıqlama verən Fələstin hökumətinin Qəzzadakı Media məlumatında hücumlarda 11 min uşaqla yanaşı 7500 qadının da həyatını itirdiyi bildirilib.
Məlumata əsasən, İsrailin ordusunun hədəf aldığı səhiyyə sektorunda 337 səhiyyə işçisi və 45 mülki müdafiə əməkdaşı həlak olub.
Hücumlar mediaya da təsirsiz ötüşməyib - oktyabrın 7-dən indiyədək 119 jurnalist həlak olub.
Ziyanlar bununla bitmir, köçkün fələstinlilərin sığındığı izdihamlı yerləşdirmə mərkəzlərində qeyri-insani vəziyyətin nəticəsində 400 min nəfərdə yoluxucu xəstəlik, o cümlədən 8 adamda Hepatit A virusu aşkar edilib.
Bildirilib ki, Qəzzada 60 min hamilə qadın və 350 min xroniki xəstəliyi olan insan həyati təhlükə altındadır.
Qeyd olunub ki, İsrail ordusu 140 dövlət obyekti, 99 məktəb və universiteti dağıdıb, 295 məktəb və universitetə isə qismən ziyan dəyib.
Qəzza xaricində müalicəyə ehtiyacı olan yaralıların sayının 11 min olduğu, 10 min xərçəng xəstəsinin isə qeyri-kafi sağlamlıq səbəbiylə ölüm riski altında olduğu vurğulanıb.
Bildirilib ki, İsrail ordusu Qəzzada 161-i tamamilə dağıdılmış 253 məscidə ziyan vurub, 3 kilsənin dağıdılmasına səbəb olub.
İsrailin Qəzzada 150 səhiyyə müəssisəsini hədəfə aldığı, 53 sağlamlıq mərkəzi və 30 xəstəxananı xidmətdən çıxardığı, 122 təcili yardım maşınını yararsız hala gətirdiyi bildirilib.
İsrail Fələstinin mədəni irsini də hədəf alıb - Qəzzada 200 tarixi və mədəni varlığı məhv edib.
Açıqlamada həmçinin vurğulanıb ki, İsrail ordusu 7 oktyabrdan bəri Qəzzaya 65 min tondan çox partlayıcı ilə hücum edib.