Qəzzadakı müharibə “McDonalds”ın gəlirlərini azaldıb

11:48 07.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“McDonalds” 2023-cü ilin dördüncü rübü üçün balans hesabatını açıqlayıb. Şirkətdən verilən açıqlamada “McDonalds”ın gəlirlərinin ötən ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 6,41 milyard dollara çatdığı bildirilib. Şirkət 2022-ci ilin dördüncü rübündə 5,9 milyard dollar gəlir əldə edib.

Hafta.az-ın yazdığına görə, sözügedən dövrdəki artıma baxmayaraq, “McDonalds”ın gəliri bazarın gözlədiyi 6,45 milyard dolların altında qalıb.

Şirkətin açıqlamasında, Yaxın Şərqdəki satışların bölgədəki müharibədən təsirləndiyi, “McDonalds”ın bölgədəki əksər müəssisələrinin yer aldığı "Beynəlxalq İnkişaf Lisenziyalı Bazarlar" seqmentində satışların cəmi 0,7 artdığı ifadə edilib.

Açıqlamada “McDonalds”ın xalis mənfəətinin ötən ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 2,04 milyard dollar olduğu, şirkətin səhm başına xalis mənfəətinin isə 2,80 dollar olduğu bildirilib. ABŞ restoranlar şəbəkəsinin xalis mənfəəti 2022-ci ilin dördüncü rübündə 1,9 milyard dollar, hər səhmə düşən xalis mənfəəti isə 2,59 dollar olaraq hesablanıb.

İsrailin Qəzza zolağına hücumlarını dəstəkləyən bəyanatlar verən və yardım göndərən beynəlxalq şirkətlər bütün dünyada boykot olunaraq etiraz edilməyə başlayıb. ABŞ-ın “McDonalds” restoran şəbəkəsi və “Starbucks” qəhvə şəbəkəsi etirazlar və boykot kampaniyaları ilə üzləşən Qərb brendləri arasındadır.

İsrailə dəstək bəyanatı ilə yanaşı, “McDonalds” İsrail şirkətinin israilli əsgərlərə pulsuz yemək paylayacağını açıqlaması böyük reaksiyaya səbəb olub.

Dünyanın müxtəlif ölkələrindəki “McDonalds”lar da İsrail əsgərlərinə paylanan pulsuz yeməklərlə bağlı şirkətin İsrailin nəzarətində olduğuna dair açıqlamalar verib.

Etirazlar və boykot kampaniyaları ilə üzləşən şirkətlərdən biri olan ABŞ qəhvə zənciri “Starbucks” da qismən Yaxın Şərqdəki mağazalardakı satışlara mənfi təsir göstərdiyi üçün illik satış proqnozunu azaldıb. Şirkətin keçən həftə açıqladığı balans hesabatında “Starbucks”ın 31 dekabr 2023-cü il tarixində sona çatan rübdə gəlirinin əvvəlki ilin eyni dövrünə görə 8 faiz artaraq 9,4 milyard dollara çatdığı bildirilmişdi. Bu dövrdə qeydə alınan artıma baxmayaraq, “Starbucks”ın gəliri 9,59 milyard dollarlıq bazar gözləntisinin altında qalıbı.