Qırğızıstandan ABŞ-a xəbərdarlıq: Daxili işlərimizə qarışmayın!

09:49 13.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstan Prezident Admnistrasiyasının sözçüsü Askat Alagözov prezident Sadır Çaparovun ABŞ dövlət katibi Entoni Blinkenə göndərdiyi cavab məktubunu sosial media hesabında paylaşıb.

Hafta.az-ın yazdığına görə, Çaparov Blinkenə ünvanladığı məktubunda "Təəssüf hissi ilə bildirmək istəyirəm ki, məktubun məzmununda dövlətimizin daxili işlərinə qarışma əlamətləri var. Sizdən yeganə xahişim ökəmizin daxili işlərinə qarışmamağınızdır" deyib.

Blinkenin “Sizin vətəndaş cəmiyyətiniz uzun müddətdir ki, regionun ən güclüsüdür və Qırğızıstanda demokratiyanın mühüm hissəsidir” fikrini xatırladan Çaparov, xalqının ədalət və azadlıq arzusunun olduğunu vurğulayıb.

Çaparov məktubda parlamentdə müzakirə olunan “Qeyri-Hökumət Təşkilatları (QHT) haqqında” qanuna dəyişiklik layihəsi və xaricdə fəaliyyət göstərən QHT-lər barədə də fikirlərini bölüşüb. Qeyd edib ki, sözügedən qanun layihəsi ilə dövlət öz statusuna uyğun olaraq xarici qeyri-kommersiya təşkilatlarından pulların haradan gəldiyini, kimlər tərəfindən, necə və hansı məqsədlə xərclənməsinə nəzarət etməyi qarşısına məqsəd qoyub.

Xarici mərkəzli QHT-lərin və onların ölkədəki tələblərinin konstitusiyaya zidd olmadığını bildirən Çaparov, uzun illərdir xarici tərəfdaşlarla işləyən və maliyyələşən təşkilatların işindən məmnun olduqlarını və dəstəklədiklərini vurğulayıb.

Çaparov bildirib ki, Qırğızıstanda dövlət qurumlarının təşəbbüsü ilə hazırlanan “xarici agentlər”, “media” və “qeyri-hökumət təşkilatları” əleyhinə qanun layihələri azad media adlandırılan qurumlar və bəzi QHT nümayəndələri tərəfindən “düşmənçilik”lə qarşılanıb.

“Siz ABŞ hökuməti və beynəlxalq tərəfdaşların dəstəyi ilə qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilən proqramlar vasitəsilə vətəndaşlarınızın səhiyyə və təhsil kimi həyati əhəmiyyətli xidmətlərə çıxışını təhlükə altına qoyursunuz”, - Blinken məktubunda yazır. Çaparov onun dediyini xatırladaraq, qanun layihəsinin leqallaşdırılması ilə ABŞ və Aİ tərəfindən maliyyələşdirilən QHT-lərin proqramlarının maliyyələşdirilməsində heç bir maneə görmədiyini qeyd edib.

Çaparov Blinkenin bu məktubu ölkədəki bəzi QHT-lərin qeyri-dəqiq məlumatlara əsaslanaraq yazdığını düşündüyünü bildirib.

Qırğızıstanın bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ-la işləməyə hazır olduğunu vurğulayan Çaparov, “Sizi Qırğızıstanda insan hüquq və azadlıqlarının Qırğızıstan Respublikasının Konstitusiyası və qanunları ilə etibarlı şəkildə qorunduğunu görməyə dəvət etməkdən şərəf duyuram" deyib.

Fevralın 7-də Çaparova göndərdiyi məktubda Blinken dövlətin QHT-lər üzərində nəzarət mexanizmlərinin gücləndirilməsi hesab edilən yeni qanun layihəsi ilə bağlı narahatlığını ifadə edib.