Qışın “kabusu” geri dönür?

11:33 16.11.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Payız-qış mövsümü olduğundan təbii qazın istifadəsinə tələbat xeyli artır. Bu, o deməkdir ki, hər gün dəm qazı “tor”una düşənlərin də sayı çoxalır. Təəssüf ki, hər il bu məsələ ilə bağlı eyni xəbərdarlıq və tövsiyələrə baxmayaraq, faciəvi hallar yenidən təkrarlanır. Dəm qazından zəhərlənmə halları isə təhlükəsizlik tələbləri pozulduğundan baş verir.

Xüsusilə evlərin qızdırılması zamanı təhlükəsizlik tələblərinin pozulması, standartlara uyğun olmayan qızdırıcılardan istifadə edilməsi sonda faciə ilə nəticələnir. Yeri gəlmişkən, bu yaxınlarda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya dəm qazından zəhərlənmə səbəbindən 5 nəfər yerləşdirilib. Onların hamısı bir ailənin üzvləri olublar. Bəs, görəsən, bu kimi halların baş verməməsi üçün hansı addımları atmalıyıq? Dəm qazından kəskin zəhərlənmə hansı hallarda baş verir?

İysiz, dadsız, rəngsiz

Məsələ ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, dəm qazı iysiz, dadsız, rəngsiz, havadan yüngül olan qazdır: “Yanma prosesi düzgün getmədikdə dəm qazı əmələ gəlir. Əgər yanma prosesi düzgün gedərsə, onda dəm qazı əmələ gəlmir. Bəs, yanma prosesi nə zaman düzgün getmir? Təbii ki, qaz cihazlarına kənar müdaxilələr olarsa, qaz cihazlarının avadanlıqları standartlara cavab verməzsə, evə metal borular əvəzinə kapron və digər materiallardan olan borularla qaz çəkilərsə, qaz xəttində hər hansı bir nasazlıq, dəlik və sızma olarsa, onda dəm qazı əmələ gəlir. Həmçinin qaz sobalarına kənar müdaxilələrin edilməsi də çox təhlükəlidir. İnsanlar bir otaqdan digər otağa kustar üsulla hazırlanmış qaz xətti çəkirlər və ya qızdırıcı sobalara kənar müdaxilələr edirlər. Bu da yanma prosesinin düzgün getməməsinə gətirib çıxarır. Bundan başqa, evin bacaları ildə ən azı iki dəfə təmizlənməlidir. Əgər evin bacaları təmizlənməzsə, təbii ki, orada hava ventilyasiyası, sovrulması olmur və yanma prosesini də çətinləşdirir. Daha dəqiq desək, kömürün və odunun yanmasından belə dəm qazı əmələ gəlir. Evin havası gün ərzində iki dəfə-səhər və axşam dəyişməlidir. Evdə qazı yandırarkən əmin olmaq lazımdır ki, otaqda qaz iyi var və ya yox. Əgər evdə qaz iyi yoxdursa, onda kibriti çəkmək lazımdır. Hətta çöldən evə daxil olan zaman da otaqda qaz qoxusunun olub-olmadığını yoxlamaq, daha sonra işıqları yandırmaq vacibdir”.

Əsas təhlükə hamam otağı və mətbəxdir

Mütəxəssis vurğulayır ki, dəm qazları, əsasən, hamam otağında və mətbəxdə əmələ gəlir: “Demək olar ki, dəm qazının 95 faizi hamam otaqlarında əmələ gəlir. Qışda insanların qaza olan təlabatları daha çoxdur. Həmin vaxtda insanlar otaqlarda qapı-pəncərələri bağlı saxlayırlar. Yayda isə qapı-pəncərələr çox vaxt açıq olur və hava ventilyasiya olduğuna görə dəm qazı da, demək olar ki, olmur. Bir otaqdakı hava kütləsinin 0,1 faizi dəm qazı olarsa, bu, insan ölümünə gətirib çıxarır. Dəm qazı olan otaqda insanın həyatını itirməsi üçün 7 dəqiqə kifayət edir. Hamam otaqlarında olan zaman nəfəsliklər mütləq açıq olmalıdır. İnsanlar yayda həmin nəfəslikləri açıq, qışda isə bağlı saxlayırlar. Hamam otaqlarında ventilyasiya olmalıdır, qapıların aşağı hissəsində isə mütləq dəliklər olmalıdır. Hamam otaqlarına kustar üsulla hazırlanan qızdırıcılar qoyulmamalıdır. Bu, dəm qazının yaranmasına səbəb olur. Əgər insanlar bu standartlara əməl etsələr, dəm qazı riski azalar”.

Havanı tez-tez dəyişmək lazımdır

Mövzu ilə bağlı tibb üzrə fəlsəfə doktoru, terapevt Şəmsiyyə Namazlı isə qeyd edib ki, dəm qazından boğulma zamanı insanın mərkəzi sinir sistemi iflic ola bilər: "Qış mövsümündə dəm qazı zəhərlənmələri hər il olduğu kimi bu vaxtlarda müşahidə olunur. Ümumiyyətlə dəm qazının qarşısını almaq üçün öncədən hamamda pəncərələri açıq saxlamaq, havanı tez-tez dəyişmək lazımdır. Bu hallar vanna otaqlarında su qızdırıcıları olan yerdə baş verir. Çox təəssüf ki, indi hamam otaqlarında pəncərələri bağlı saxlayırlar və oraya hava getmir. Lakin bəzən bunun qarşısını almaq üçün qapılarda hava keçirici dəliklər olur. Bu baxımdan havada karbon dəm qazı artır və tədricən zəhərlənmələr baş verir. Dəm qazı zəhərlənmələri çox vaxt 1-ci, 2-ci, güclü, orta, zəif dərəcədə olur. İlk növbədə dəm qazından boğulmuş insan bunu hiss etmir. Yüngül formada baş gicəllənməsi olur, ürəkbulanma, yavaş-yavaş halsızlıq yaranır. İlkin simptomlar yaranan kimi insan bunu hiss etmədiyi üçün bu hallar otaq şəraitində qalaraq davam edir. Sonra keçir ikinci situasiyaya və burada artıq dəm qazının mərkəzi sinir sisteminə təsiri başlayır və insan artıq huşunu itirir. Belə ki, təzyiq aşağı düşür, nəbz sürətlənir və hətta dezrefleksləri də itir. Bu, artıq ağır formalı dəm qazı ilə zəhərlənmə hesab olunur. Tədricən CO2 kimyəvi formullu dəm qazı mərkəzi sinir sistemini iflic edir. Buna görə də zəhərlənmiş insan özündən asılı olmayaraq huşunu itirir. Zəhərlənmə zamanı ilk növbədə pəncərəni açmaq, xəstəni təmiz havaya çıxarmaq, xəstə huşunu itiribsə, təcili sürətdə təzyiqini ölçmək və təcili tibbi yardım çağıraraq xəstəxanaya aparmaq lazımdır. Əgər yüngül formalıdırsa, onda xəstənin üzünə və bədəninin açıq nahiyələrinə soyuq su vurmaq lazımdır. Xəstənin udqunma aktı aktivdirsə, iflic olmayıbsa, ona maye vermək lazımdır. Təzyiqi aşağı olduqda ev şəraitində təzyiq qaldırıcı vasitələr verilir, başının altına yastıq qoyulur ki, vəziyyəti stabilləşsin. Huşsuz vəziyyətdə olduğu halda xəstə artıq xəstəxanaya aparılmalıdır".