Rus əsgərlər Donetskdə 9 nəfərlik ailəni yatdığı yerdə qətlə yetirib

09:26 01.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 28-də Ukraynanın şərqində, işğal altında olan Donetsk vilayətində 9 nəfərdən ibarət Kapkanets ailəsi öz evlərində ölü tapılıb.

Hafta.az-ın yazdığına görə, həm Ukrayna, həm də Rusiya səlahiyyətliləri ailə üzvlərinin güllələnərək öldürüldüyü hadisə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb. Hadisə yerindən çəkilən görüntülərdə ailə üzvlərinin yataqda olarkən güllələndiyi görünür.

Ölənlərdən ikisinin 2014 və 2018-ci il təvəllüdlü uşaqlar olduğu açıqlanıb.

Ukrayna rəsmiləri ailənin rus əsgərlərlə mübahisə etdikləri üçün öldürüldüyünü iddia edərkən, Rusiyadan verilən açıqlamada məsələ ilə bağlı iki əsgərin həbs edildiyi bildirilib.

Hadisənin baş verdiyi Volnovaka şəhəri 2022-ci ilin martından Rusiyanın işğalı altındadır.

Kiyev administrasiyasına bağlı Donetsk Vilayət Prokurorluğundan verilən açıqlamada qeyd olunub ki, ötən həftələrdə hərbi geyimli şəxslər ailədən evi boşaltmağı tələb ediblər. İddialara görə, rus əsgərlər çeçen qoşunlarını bölgəyə yerləşdirmək üçün 9 nəfərlik ailəni evdən çıxarmaq istəyiblər. İddiaya əsasən, ev sahibi evdən çıxarılma tələbindən imtina etdikdə, forma geyinmiş şəxslər tərəfindən hədələnib.

Baş Prokurorluğun açıqlamasında, "Onlar bir neçə gün sonra qayıdıb və ailənin 9 üzvünün hamısını yatdığı yerdəcə güllələyiblər. Məsələ ilə bağlı aparılan araşdırmalar müharibə qanunlarının və ənənələrinin pozulması ilə bağlı hüquqi prosesə çevriləcək" deyilib.