Rus hərbçilər Qarabağdan çıxarılmalıdır - Ərəstun Oruclu

11:40 21.04.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Hazırda Nyu-Yorkda yaşayan “Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ilə hafta.az-a bu dəfəki müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski və komandasının hazırda apardığı siyasət, Rusiya lideri V.Putinin Baydenlə öncədən razılaşaraq Ukraynanı Şərqi və Qərbi Ukrayna nüfuz dairələrinə bölməsi barədə iddialar,  Ukraynadakı savaşın nəticələrindən asılı olaraq Qarabağ ətrafında baş verənlər və Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi haqqında ehtimallar və digər məsələlər barədə danışdı.

- Ərəstun bəy, doğrudanmı hazırkı prezident Vladimir Zelenski, yaxud ondan öncəki Ukrayna prezidentləri Rusiya, eləcə də ABŞ və Avropaya yönəlik siyasətlərində hansısa ciddi səhvlərə yol veriblər, yoxsa?..

 - Ümumiyyətlə, belə ittihamları nəinki qəbul etmir, heç anlamıram da... Ona görə ki, Rusiyanın Ukraynaya təcavüz edib açıq işğal və soyqırımı apardığı bir vaxtda Ukrayna siyasətçilərinin səhvi; istər prezident Zelenskinin, istər ondan əvvəlkilərin, hətta Yanukoviçin belə, hansı səhvlərə yol verməsi haqda danışmaq anlaşılan deyil. Anlaşılan başqa bir şeydir: Rusiyanın Ukrayna dövlətçiliyini ləğv etməklə bağlı strateji planı olub. Rusiya ideoloqları həmin o ekstremist siyasətbazlar bunun nəzəriyyəsini də hazırladıqlarını və öncədən planladıqlarını da açıq şəkildə etiraf edirlər. Vaxtilə Şərqi Ukraynanı orada separatçı qurumlar yaradılması adı altında işğal edəndə və Krımı ilhaq edəndə Putin həmin ərazilərdə faktiki olaraq özünə bir plasdarm yaradırdı. Məqsəd ikinci mərhələdə Ukrayna dövlətini ləğv etmək idi. Ona görə də mən bir daha deyirəm: Zelenskinin, Poroşenkonun, hətta açıq rusiyapərəst siyasət yürüdən Yanukoviçin hansısa ciddi səhvə yol verdiyini güman etmirəm. Bu cür düşüncələrin təbliği yalnız və yalnız Rusiyanın həmin işğalçı siyasətinə, onun Ukraynada törətdiyi soyqırıma və Ukrayna dövlətçiliyini ləğvetmə strategiyasına bəraət qazandırmaq məqsədi güdür. Bu, sadəcə, Rusiyanın “5-ci kalon”unun fəaliyyətinin tərkib hissəsidir. Rusiya bunun vasitəsilə, yəni kimlərəsə “Zelenski və komandası səhv siyasət aparır” dedirtməklə digər postsovet ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində də çaşqınlıq yaratmağa çalışır. Eyni zamanda paralel olaraq Azərbaycan ictimaiyyətini də şüuraltı təslimçiliyə hazırlayır. Mən bunu yalnız belə qiymətləndirirəm, başqa dəyərləndirməm yoxdur.

- Azərbaycanda bəziləri Zelenski və komandasının dövlət idarəçiliyini “tik-tok” uşaqlarının oyunlarına bənzədir. Guya populist siyasət aparır, hətta bunu 1992-ci ildə Xalq Cəbhəsnin idarəçiliyi ilə müqayisə edirlər...

- Zelenski və komandasını “tik-tok” uşağı, “KVN uşağı” adlandırmaq kimi  deyimlərin hamısı “5-ci kalon”un təbliğatına uyğun fəaliyyəti möhkəmləndirmək üçündür. Ukraynanın dövlət və hökumət rəhbərləri haqqında qeyri-ciddi insan təəssüratı yaratmağa çalışırlar. Guya ki, belə bir prezident olmasaydı, xalq onu seçməsəydi, hər şey başqa cür olardı. Bu, çox uğursuz taktikadır...  Ədalətlə və obyektiv düşünsək, ən azı, bu günkü vəziyyətə istinadla baxdıqda görünən budur ki, məhz Zelenskinin rəhbərliyi altında Ukrayna dövləti özünü tam səfərbər edə bildi. Ukrayna ordusu dünyaya meydan oxuyan Rusiya ordusunu bütün istiqamətlərdə darmadağın etdi. Əminliklə deyə bilərəm ki, Rusiya artıq özünün heç minimum vəzifəsinin də həllinə nail ola bilməyəcək.  Ukrayna rəhbərliyinə qarşı bu cür piar məqsədli piardır və konkret maraqlara, plan və niyyətlərə xidmət edən uydurmalardır.

Qaldı Zelenskinin komandasını Elçibəy hökuməti ilə müqayisə etməyə, Elçibəy hökuməti elə Zelenski kimi siyasət yürüdürdü. Elçibəy hakimiyyətə gələn kimi Qarabağın böyük bir hissəsi işğaldan azad edilmişdi. Sadəcə olaraq Rusiya o zaman Azərbaycan dövlətçiliyinin kövrək və zəif olmasından yararlanaraq ölkəmizdəki agentura şəbəkəsinin vasitəsilə əvvəlcə sabotaj edib Kəlbəcərin ermənilər tərəfindən işğalına nail oldu. Ardınca da hərbi qiyam təşkil etdi.  Kreml bunu Ukraynada etməyə nail ola bilmədi. Başqa bir dövr, başqa bir dönəmdir. Ukrayna Azərbaycan dövlətindən istənilən halda daha güclü bir dövlətdir. Eyni zamanda əlbəttə ki, burada beynəlxalq dəstək faktorunu da nəzərdən qaçırmamalıyıq. Bu amilin böyük rolu oldu. Bəzən o görünmür, amma o da faktdır ki, hələ Rusiyanın təcavüzü ərəfəsində Ukrayna ordusunun bu qəsbkar müharibəyə qarşı hazırlanmasında Qərb, ABŞ, Avropa, NATO, o cümlədən Türkiyə faktorunun inkarolunmaz rolu var...

- Putinin Baydenlə öncədən razılaşaraq Ukraynanı Şərqi və Qərbi Ukrayna nüfuz dairələrinə böldüyünü söyləyənlər də var...

- Bu, ciddi mövzu deyil. ABŞ-ın və onun israrı ilə Avropa Birliyinin tətbiq etdiyi ssenarilər, sanksiyalar faktiki olaraq Rusiyanı dövlət olaraq təcrid etməyə yönəlib. Belə bir halda hansı anlaşmadan söhbət gedə bilər. Rusiya dövləti artıq öz mövcudluğu uğrunda mübarizə aparmalı, bunun haqqında düşünməlidir.

- Sizcə, Rusiya Ukraynada savaşı hər baxımdan uduzacağı halda, Qarabağ və Ermənistan ətrafındakı proseslər tam olaraq Azərbaycanın xeyrinə yönələcəkmi?

- Düşünürəm, biz Ermənistan və ya Qarabağ siyasətimizi  Rusiyanın bu və ya digər vəziyyətdə Ukraynadakı müharibədən necə çıxacağı üzərində qurmamalıyıq. Bu, yanlışdır və ümumiyyətlə, bu hadisələrin arxasınca getməkdir. Azərbaycanın özünün beyin mərkəzləri, dövlət, hakimiyyət orqanları, qeyri-hökumət sektorunda çalışan ekspertləri tərəfindən ciddi bir strategiya hazırlanmalıdır. Şübhəsiz, həmin strategiyada deyilən amillər, yəni Rusiyanın Ukrayna savaşında məğlub olduğu və ya qalib çıxdığı halda nələr olacağı da nəzərə alınmalıdır. Xətti özümüz seçməliyik, özümüz diqtə etməliyik ki, hadisələrin arxasında yox, önündə olaq. Baş verənlərin arxasınca getmək, artıq öncədən məğlubiyyətə imza atmaqdır. Bu mənada hesab edirəm ki, hər iki situasiyanı nəzərə almaqla yanaşı, prosesləri özümüz idarə etməli və öndə özümüz getməliyik...

- Putinin müvəqqəti də olsa, Ukraynadakı planlarının çoxunu həyata keçirə biləcəyi halda, Qarabağ və Ermənistan ətrafında nələr baş verə bilər?

- Qarabağ ətrafında, Azərbaycan-Ermənistan münasibətlərində və ilk növbədə iki ölkə arasındakı sərhəd ərazilərdə proseslər istənilən halda gedəcək; Rusiya Ukraynada qalib və ya məğlub çıxsa da. Bu gün bunun əlamətləri artıq görünməkdədir. Sülh anlaşması ilə bağlı görüşlər başlayan kimi həmin görüşlər Avropa Birliyinin moderatorluğuyla həyata keçirildiyinə görə artıq Rusiya reaksiyasını göstərməkdədir...

Bilirsiniz ki, Ermənistanda Paşinyana qarşı yeni bir etiraz dalğası başladılıb. Qarabağdakı separatçı tör-töküntüləri həm siyasi, həm də hərbi xarakterli bəyanatlar verir, tələblər irəli sürür. Əlbəttə ki, bunların hamısı o “Rusiya sülhməramlıları” deyilən hərbi kontingentin himayədarlığı altında baş verir. İstər İrəvana, istərsə də Xankəndinə bütün komandalar Moskvadan gəlir. Ona görə də biz öz maraqlarımız, öz istəklərimiz, öz hədəflərimiz üzərində konkret strateji fəaliyyət planı qurmalıyıq. Bütün taktiki addımlar hesablanmalı və məsələni köklü şəkildə həll etməliyik. Məsələni köklü şəkildə həll etmək dedikdə, torpaqlarımızda qanunsuz olaraq yerləşmiş həmin Rusiya kontingentinin çıxarılması və ardınca da dərhal antiterror əməliyyatı başlayaraq Qarabağdakı bütün qanunsuz silahlı dəstələri ləğv etmək üzərində düşünməliyik. Bax, bunu edəcəyiksə, bunu edə biləcəyiksə, əlbəttə ki, olaylar bizim xeyrimizə cərəyan edəcək. Yox, biz gözləsək ki, Rusiya hansı addımları atacaq, hansı vəziyyətə düşəcək və ümumiyyətlə, nə baş verəcək, bu halda biz öz ölkəmizə, öz torpaqlarımıza aid qurulmuş prosesdə müşahidəçi statusuna düşəcəyik.