Fevralın 24-də Rusiya prezidenti Putinin sərəncamı ilə başlayan müharibə Ukraynanın bir çox şəhərində şiddətli qarşıdurmalarla davam edir. Rus ordusunun hələ də ala bilmədiyi Kiyev ətrafından peykdən çəkilmiş görüntülər qısa zamanda gündəmin bir nömrəli məsələsinə çevrilib. Görüntüləri araşdıran hərbi ekspertlər Rusiya ordusunun yeni planını açıqlayıblar.
Hafta.az bildirir ki, Rusiya dünyanın ən böyük və ən güclü ordularından birinə malikdir, lakin indiyə qədər Ukraynada istədiyi irəliləyişə nail ola bilməyib.
Bunun ən böyük sübutu müharibənin demək olar ki, bir ayını geridə qoyduğu bir vaxtda Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevi ala bilməməsidir.
Yeni peyk görüntüləri Rusiyanın Kiyev ətrafında hazırlığını ortaya qoyub. Kadrlarda rus qoşunlarının şəhərin ətrafında səngərlər qazdığı görünür.
İngiltərənin Daily Mail qəzetində yer alan xəbərə görə, bu, Rusiya ordusunun taktikasını dəyişərək müdafiə mövqeyi tutması deməkdir.
Bu addım Rusiyanın “uzun müharibə” planına işarə edə bilər. Peyk görüntülərində rus əsgərlərinin əraziyə mina qoyduğu da görünür.
“The Times” qəzetinin hərbi mənbəyə əsaslanan hesabatında sözügedən minaların “uzunmüddətli müharibə” üçün döşəndiyi vurğulanır.
ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi isə Rusiyanın Ukraynaya müdaxiləsində irəliləyişinin böyük ölçüdə dalana dirəndiyini və Kiyevin şimalındakı qoşunların bir həftədir şəhərə doğru irəliləyə bilmədiyini bildirib.
Rəsmi əlavə edib ki, bu günə qədər 1100-dən çox raket buraxan Rusiya sursat çatışmazlığı ilə üzləşə bilər, atılan raketlərin bir qismi irəliləyə bilməmiş yerə düşüb, bəziləri isə hədəfinə çatdıqdan sonra partlamayıb.
Rusiyanın hipersəs raketi ilə hücuma keçdiyi ilə bağlı açıqlamasını hələ də təsdiq edə bilmədiklərini ifadə edən rəsmi, Rusiyanın qanadlı raketinin azaldığı və ya mesaj vermək üçün belə bir hücuma keçə biləcəyini bildirib.