Rus rəssamın əsərini oğurlayana hökm yanvarın sonunda veriləcək

09:15 10.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Misirin İqtisadi Cinayətlər Məhkəməsi misirli qrafik dizayneri Qada Valinin “Rus rəssamının rəsmlərini oğurlamaqda və onları özünə aid etməkdə” ittihamladığı iş üzrə hökmü yanvarın 30-na təyin edib.

Hafta.az-ın yazdığına görə, iş Misirdə böyük maraq yaradıb və dünən keçirilən ilk dinləmə Google-da axtarış siyahılarının başında olub.

Misir Prokurorluğunun apardığı araşdırmalar və rəsmləri nəzərdən keçirən komitənin hesabatı belə nəticəyə gəlib ki, Valiyə aid olduğu deyilən rəsmlər əslində “rəssam Georgi Kurasovun rəsmlərindən təqlid edilib və kopyalanıb”.

Dizayner mətbuata verdiyi açıqlamalarda ittihamları rədd edərək, “Rus rəssam deyirsə ki, dizaynı ondan oğurlamışam, o, həm də Pikassonun əsərlərinin oğrusudur” deyib.

Rəsmlərinin qədim Misir sənətindən və Luksordakı Habu məbədinin divarlarındakı yazılardan ilhamlandığını bildirən dizayner, əsərlər arasındakı oxşarlığı onların tək mənbə, qədim Misir rəsmlərinin olması ilə əlaqələndirib. Onlar ispan rəssam Pablo Pikassonun yaratdığı kubizm məktəbini izləyirlər.

Rus rəssam metrostansiyasında istifadə etdiyi rəsmlərindən birinin Misir deyil, qədim yunan sivilizasiyasını təmsil etdiyini, burada Homerin məşhur “Odisseya” dastanından bir səhnənin təsvir olunduğunu bildirib. O, həmçinin dizayneri onun şəkillərini su şirkəti üçün reklam kampaniyasında istifadə etməkdə günahlandırıb.

Vizual sənətlər sahəsində çalışan misirli tənqidçi Salah Bissar hesab edir ki, Valinin hazırladığı dizaynlarda “köçürmə şübhəsi” var: “Metro kimi ictimai obyektlərin texniki və estetik baxımdan necə idarə olunacağını müəyyən edən məsləhət orqanı olmalıdır. Yarışlar keçirilir və gənclər iştirak edirlər. Biz onlara kömək edir, yol göstəririk. Biz gənclərin əleyhinə deyilik, onları maarifləndirmək, həvəsləndirmək lazımdır, amma iftiraya qarşıyıq”.