“Bu gün hər üç Güney Qafqaz ölkəsində, yəni həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstandakı bütün neqativ, sabitliyin pozulmasına yönəlmiş proseslərin arxasında neçə qüvvə durursa, onun biri Rusiyadır. Və ya heç bir qüvvə durmursa, yenə də Rusiyadır. Təbii ki, hazırda baş verənlər Gürcüstan üçün mühüm rol oynayır. Və ölkədəki bugünkü olayların inkişaf etdiyi təqdirdə bu artıq geriyədönməz bir proses olacaq və Rusiya oradan da çıxmağa məcbur qalacaq”.
Bu fikirləri hafta.az-a açıqlamasında qonşu Gürcüstaandakı son ictimai-siyasi proseslərə toxunan KXCP sədri Mirmahmud Mirəlioğlu ifadə edib.
“Ümumiyyətlə, Kreml son baş verənlərlə bağlı regiondan uduzaraq çıxmalıdır. Amma bu prosesin mümkün qədər ziyansız yekunlaşmasına çalışmaq gərəkdir”, -deyə davamında partiya sədri bildirib.
“Onu da vurğulamaq gərəkdir ki, Güney Qafqazın üç ölkəsi olaraq bizim, yəni Azərbaycan, Ermənistan və Gürcüstanın bir yerdə olması həyati vacib məsələdir. Çünki biz tarixən qonşuyuq. Biri zorla bizim qonşuluğumuza gətirilib onun üçün dövlət yaradılsa da, ərazisi tarixi Azərbaycan torpaqları hesabına 9 min kvadrat kilometrdən 29 min kvadrat kilometrədək artırılsa da, bu günədək elə həmin Moskvanın təhriki ilə xalq, dövlət olaraq saysız-hesabsız zərbələr vursa da, biz həm də böyük güclərin, xüsusən də Rusiyanın bundan sonrakı təcavüzlərindən qorunmaq üçün bu Böyük Qafqaz Evində dinc yanaşı, birgə yaşamağı bacarmalıyıq”, -deyə siyasətçi diqqətə çatdırıb.