Rusiya hökuməti 2,4 milyon yeni kadr axtarır

09:44 14.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya hökuməti Vladimir Putinin göstərişinə uyğun olaraq 2030-cu ilə qədər iqtisadiyyatın inkişafı üçün 2,4 milyon yeni işçi tapmağı planlaşdırır. Lakin müstəqil ekspertlər bu hədəfin demokratik və iqtisadi səbəblərdən əldə oluna biləcəyinə şübhə ilə yanaşırlar.

Hafta.az-ın yazdığına görə, baş nazirin müavini Tatyana Qolikova bildirib ki, son 6 ildə ölkədə işsizlik beşdə bir azalaraq 3 faizdən aşağı düşüb. Rəsmi məlumatlara görə, 73,2 milyon nəfərin çalışdığı ölkədə işsizlərin sayı 2,1 milyon nəfərdir. Bununla belə, Rusiya iqtisadiyyatının yaxın 6 ildə 2,4 milyon yeni kadra ehtiyacı var. Prezident Vladimir Putin bu boşluğu aradan qaldırmaq üçün “Kadrlar” adlı yeni milli layihənin həyata keçirilməsinə dair göstəriş verib.

2022-ci ilə olan məlumata görə, Rusiya əhalisinin 79 milyonu 22-60 yaş arasındadır. 60 yaşdan yuxarı əhalinin sayı 32 milyon nəfərdir. 15-21 yaş arası əhalinin sayı 10 milyon nəfərdir.

Plexanov Universitetindən Lyudmila İvanova-Şvets bu fikirdədir ki, Rusiyanın indiki əhali strukturu ilə kadr problemini 5-7 il ərzində həll etmək demək olar ki, mümkün deyil. İvanova-Şvetsə görə, məsələsinin həlli üçün miqrasiya variantı mütləq nəzərə alınmalıdır, lakin bu variant özü ilə başqa çətinliklər də gətirir.