Rusiya maksimum çalışacaq ki, düşmənçilik qalsın - Açıqlama

17:40 22.11.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

44 günlük savaşdan sonra yaranmış vəziyyət çox tərəfi razı salmayıb. Hətta öz silahlı qüvvələrini “sülhməramlı” adı ilə Azərbaycana yerləşdirən Rusiya belə, yaranmış vəziyyətdən tam razı qalmayıb. Ona görə də diqqət edirsizsə, hətta Putinin imzası olan sənədlərin yerinə yetirilməsi yubadılır.

Bu fikirləri hafta.az-a Azərbaycan Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər deyib.

Onun sözlərinə görə, bunun da birinci səbəbi ondan ibarətdir ki, bütün xiristian dünyası, Rusiya və Fransa başda olmaqla, yaranmış vəziyyətdən narazıdır:

“Eyni zamanda İran kimi vəziyyətdən narazı qalan qüvvələr də var. Ona görə də  üçtərəfli bəyanatların yerinə yetirilməsi, o cümlədən sülh sazişinin imzalanması uzadılacaq. Çünki sülh sazişinin bağlanması Ermənistanın həm Azərbaycan, həm Türkiyə ilə barışması bütün nəqliyyat, ticarət, iqtisadi  kommunikasiyaların açılması deməkdir.  O zaman Rusiya silahlı qüvvələri avtomatik olaraq Azərbaycandan çıxmalıdır.  Artıq barış olandan sonra sülhməramlıya ehtiyac qalmır. O cümlədən  Ermənistandan da Rusiya silahlı qüvvələri çıxmalıdır. Çünki Ermənistan bu qüvələri əsasən türk qorxusuna görə saxlayıb. Barış olandan sonra bu qüvvələrə nə ehtiyac var. Rusiya da bunu çox gözəl bilir.  Rusiya maksimum çalışacaq ki, bu gərginlik, münasibətlərdəki düşmənçilik maksimum qalsın və həm Ermənistanda, Azərbaycanda qalması üçün də şərtlər ortadan qalxmasın. Eyni zamanda Fransa, İran, ABŞ-dakı müəyyən erməni dairələri, erməni lobbisi regiondakı vəziyyətin hüquqi baxımdan təsbit olunmasını istəmirlər. Revanşist planlar üzərində işləyirlər. O baxımdan da demorkasiya, delimitasiya prosesinin tezliklə həll olunacağını düşünmürəm. Sərhədlərin müəyyənləşməsi prosesi başlaya bilər, amma uzun illər çəkə bilər. Və yaxud sülh razılaşması 30-40 il çəkə bilər. Azərbaycan cəmiyyətində yanlış bir fikir var ki, danışıq başlayan kimi sərhədlər müəyyən olunacaq, sülh müqaviləsi olacaq, bütün yollar açılacaq və sovet dövründə olduğu kimi Azərbaycan və Ermənistan xalqları dinc-yanaşı yaşıyacaqlar. Bu çox uzun çəkəcək bir prosesdir və biz bu əsəb müharibəsinə hazır olmalıyıq”.