Rusiya müxalifətində hansısa ciddi fəallıq gözlənilmir - Rəy

17:50 24.02.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya müxalifət lideri Aleksey Navalnının həbsxanada ölümündən sonra onun xanımı Yuliya Navalnayanın MünhenBeynəlxalq Təhlükəsizlik Konfransında təsirli çıxışı, Avropa İttifaqı rəhbərlərinin, eləcə də ABŞ prezidenti Cozef Baydenin onu qəbul etməsi və s. ölkənin müxalif dairələrində belə bir ümid yaradır ki, xanım Navalnaya müxalifətin yeni lideri kimi onun başına keçəcək və Rusiya müxalifəti Putin rejiminə qarşı hansısa ciddi addımlar atacaq. Artıq bu mövzuda ölkənin müxtəlif müxalif mövqeli KİV-ində müzakirələr də aparılır. Görəsən, Rusiyanın hazırkı durumunda  belə bir gediş nə dərəcədə realdır?..

Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarov mövzu ilə bağlı hafta.az-a açıqlamasında bunları söyləyib:

“Doğrusu, mən Rusiyada baş verənləri o qədər də dərindən izləmirəm. Odur ki, bilavasitə Rusiya ilə məşğul olan bir mütəxəssis kimi konkret bir fikir söyləməkdən uzağam.  Sadəcə ümumi müşahidələrim əsasında təəssüratlarımı bölüşə bilərəm. İlkin təəssüratım da belədir ki, Navalnının ölümündən sonra belə, yaxın gələcəkdə Rusiya müxalifətində hansısa ciddi fəallıq baş verəcəyi gözlənilmir...

Bilirsiz, Rusiya müxalifəti Ukrayna müharibəsinin başlanmasından sonrakı bir ildə nəsə fəallıq göstərə bilərdi. Çünki o zaman gözlənilirdi ki, Qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində ölkədə ciddi iqtisadi-sosial problemlər yaranacaq, ərzaq çatışmazlığı, inflyasiya və s. baş verəcək və bunların fonunda kütləvi sosial etirazlar baş qaldıracaq. Lakin gördük ki, o vaxt bunların heç biri baş vermədi.   Hazırda isə ölkədə elə şərait yaranıb ki, artıq cəmiyyət Ukraynadakı kütləvi hərbçi itkilərinə, mütəmadi aparılan səfərbərliyə uyğunlaşmış bir duruma düşüb. Navalnı da o dərəcədə ciddi fiqur deyildi ki, ruslar kütləvi şəkildə gedib ondan ötrü özlərini fəda etsinlər”.

Tofiq Zülfüqarov hesab edir ki, Rusiya hakimiyyətində hansısa dəyişiklik yalnız siyasi elita daxilindəki qruplaşmaların toqquşması nəticəsində baş verə bilər.

“Rusiya kimi böyük ölkə üzrə cəmi bir neçə yüz adamın Navalnıya görə həbs edilməsi o dərəcədə ciddi hadisə deyil. Görünür, əksər adi Rusiya vətəndaşlarının zehni Kremlin təbliğatıyla elə doldurulub ki, onlardan nəsə kütləvi etirazlar gözləmək reallığa uyğun olmaz.  Yalnız 5-10 nəfər müxalif siyasi elitaya məxsus adamlar tərəfindən etirazlar ola bilər. Bu da həlledici hərəkata, nəticəyə gətirib çıxara bilməz. Ümumiyyətlə, hesab edirəm ki, Rusiyada hansısa dəyişiklik baş versə, yalnız siyasi elita daxilindəki qruplaşmaların toqquşması nəticəsində baş verə bilər. Bu baxımdan Navalnının ölümündən istifadə edilməsi də real görünmür. Navalnı, öncə dediyim kimi, özü o dərəcədə ciddi nüfuza malik deyildi, handa qala, onun xanımı nəsə real bir iş görə...” -deyə keçmiş xarici işlər naziri vurğulayıb.

Oxunma sayı 56
Siyasət rubrikasından digər xəbərlər