Rusiya Federasiyasının ordusunda 100 min rubl rüşvət müqabilində məzuniyyətə getmək və ya ön döyüş xəttinə yollanmaqdan yayınmaq olar.
Hafta.az xəbər verir ki, rus dilində “Biz izah edə bilərik” telegram-kanalı hərbçilər arasında korrupsiyanın yeni növləri barədə məlumat əldə edib.
Rusiya komandirləri onları məzuniyyətə göndərmək və hərbçinin cəbhə xəttinə göndərilməsinin qarşısını almaq üçün pul tələb edirlər. Bunu etmək üçün 100 min rubl ödəmək lazımdır.
2022-ci ilin sentyabrında 1439-cu alayın İrkutsk vilayətindən səfərbər edilmiş hərbçisinin anası jurnalistlərə komandanlığın ondan necə pul qoparması barədə danışıb. Amma qadın rüşvət versə də, əsgər oğlu o vaxtdan məzuniyyətə buraxılmayıb, hərbi prokurorluq onun müraciətlərinə cavab verməyib.
“Onunla əlaqə saxlayıram, deyir ki, mənəvi cəhətdən çox yorğundur, hələ aprel ayında hərbi prokurorluğa yazıb. Hələ də cavab yoxdur",- deyə Tatyana bildirib.
O öyrənib ki, komandirlər məzuniyyət üçün hər əsgərdən 100.000 rubl tələb edirlər. Cəbhə xəttindən uzaq qalmaq da eyni məbləğə başa gəlir. Tatyananın sözlərinə görə, səfərbər olan bir çox insanlar “qanunsuzluğa son qoymaq” üçün şikayətlər yazıblar, lakin heç bir nəticə əldə etməyiblər.
“Hesab edirəm ki, belə olmamalıdır, bəziləri hardasa oturub kef edir, digərləri isə həyatlarını riskə atırlar. Oğlum heç vaxt döyüşdən qaçmaq üçün pul verməyib, hesab edir ki, bu, yanlışdır”, - deyə qadın şikayətlənib.
Yazda İrkutskda səfərbər olunanların qohumları Putinə video-müraciətdə 1439-cu alayın böyük itkilər verdiyini bəyan ediblər: "O, demək olar ki, məhv edilib".
Rusiya əsgərlərinin yaxınlarının komandirlərin özbaşınalığı haqqında belə hekayətləri çoxdur.