Rusiya hərbçiləri getdikcə Kremlin dəyərsiz məqsədləri üçün ölməkdən imtina edir və “ət” hücumlarına getmək istəmir. Bu problemi həll etmək üçün komandanlıq əlavə təşviq növləri üzrə eksperimentə müraciət etmək qərarına gəlib.
Hafta.az “UNİAN”-a istinadla xəbər verir ki, Ukrayna ordusu Baş Qərargahından verilən məlumata görə, Rusiyanın 7-ci desant-həmlə diviziyasının 108-ci desant-həmlə alayının şəxsi heyətinə sistemli şəkildə narkotik və psixotrop maddələr verilir. Narkotiklər hərbçilərdə eyforiyaya və küt ağrıya səbəb olur, eyni zamanda onlar reallıq hissini təhrif edir və ölümə aparır.
Qeyd olunur ki, narkotikdən istifadə edən əsgərlər yaralanma və ya ölüm qorxusu olmadan asanlıqla “ət” hücumlarına razılaşırlar.
Baş Qərargah həmçinin bildirib ki, Rusiya ordusu son 24 saat ərzində qoşunlarımızın mövqelərinə və yaşayış məntəqələrinə 7 raket və 60 hava zərbəsi endirib, reaktiv yaylım atəş sistemlərindən 64 hücum həyata keçirib.
“Aşağıdakı məntəqələr aviasiya zərbələrinə məruz qalıb: Xarkov vilayətinin Olxovatka, Volçansk; Luqansk vilayətinin Serebryanskoye meşə təsərrüfatı, Beloqorovka, Pesçanoe kəndləri, Donetsk vilayətinin Kolodyazi, Vesyoloye, Boqdanovka, Avdeyevka, Novomikaylovka, Vladimirovka kəndləri. Eyni zamanda Sum, Xarkov, Luqansk, Donetsk, Zaporojye, Dnepropetrovsk, Xerson və Nikolayev, Çerniqov vilayətləri 140-dan çox artilleriya atəşinə məruz qalıb”, - deyə departamentdən əlavə ediblər.
Ukrayna Silahlı Qüvvələri borclu qalmayıb - raket qüvvələri şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi 3 ərazini, hava hücumundan müdafiə sistemini və düşmənin 2 sursat anbarını vurub.
Ukrayna aviasiyası düşmənin şəxsi heyəti, silah və hərbi texnikasının cəmləşdiyi 4 əraziyə zərbələr endirib. Bir ədəd “X-59” idarə olunan raket də məhv edilib.