Rusiya polisi əcnəbi əsilli vətəndaşları nəzarətə götürür

10:00 08.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın müxtəlif bölgələrində polis Rusiya vətəndaşlığı olan immiqrantlara qarşı ciddi nəzarətə başlayıb.

Hafta.az-ın yazdığına görə, Sankt-Peterburqun ən böyük meyvə bazarı olan “Sofiyskaya” tərəvəz bazarında iki gün dalbadal reydlər keçirilib. Reydlər zamanı immiqrasiya qanunvericiliyini pozanlar da daxil olmaqla 400 əməkçi miqrant müxtəlif yoxlamalara məruz qalıb.

Rusiya vətəndaşlığı olan 100-dən çox mühacir müəyyən edilib ki, onlar sonradan Rusiya vətəndaşlığını alıblar, lakin bu barədə hərbi çağırış idarəsinə məlumat verməyiblər. Həmin şəxslər hərbi qeydiyyat proseduru üçün şəhərin Frunzenski rayonunda yerləşən hərbi komissarlığa aparılıblar.

Həmçinin bildirilib ki, miqrasiya qanunvericiliyini pozaraq Rusiya ərazisində olan 55 nəfər şəxs müəyyən edilib. Saxta sənəd təqdim edən əcnəbiyə qarşı cinayət işi açılıb.

Oxşar nəzarətlər Sankt-Peterburqun cənub-qərbindəki geyim bazarında da keçirilib. Polis dörddə üçü əcnəbi olan 400 bazar işçisinin sənədlərini yoxlayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, əksəriyyəti qanuni olaraq qalmış mühacirlərdən 32-nin immiqrasiya qanunlarını pozduğu müəyyən edilib. Onlar lazımi prosedurların aparılması üçün əcnəbilər şöbəsinə aparılıb və barələrində tədbir görülüb.

Şəxsiyyət yoxlamaları zamanı sonradan məlum olub ki, 56 nəfər Rusiya vətəndaşıdır, lakin onlar hərbi xidmətdə qeydiyyatda deyillər. Hərbi fərari olan bu şəxslər lazımi prosedurların aparılması üçün hərbi şöbələrə göndərilib.

Rusiya parlamentinin qəbul etdiyi yeni düzəlişlər 18-30 yaş arasında olan məcburi hərbi xidmət yaşını tənzimləyir.

Sonradan Rusiya vətəndaşlığını qəbul edən kişi vətəndaşlar bu yaş həddi daxilində ölkədə məcburi hərbi xidmət keçirməyə borcludurlar.

Yeni qanuna əsasən, Rusiya vətəndaşlığını almaq hüququ olan əcnəbilər hərbi xidmətə çağırış idarəsinə gedib hərbi qeydiyyat kitabçalarını almalıdırlar. Hərbi xidmət üçün qeydiyyatdan keçməyən şəxslər vətəndaşlıqdan məhrum edilə bilər.