36 dövlətin iştirakıyla aparılan müstəqil bir ekspertizanın verdiyi rəy beynəlxalq məhkəmələrdə Azərbaycanın mövqeyini gücləndirəcək
Tanınmış hüquqşünas, Ədliyyə Nazirliyinin keçmiş idarə rəisi, Baş ədliyyə müşaviri Adil Minbaşı “Həftə içi” əməkdaşı ilə söhbətində Türkiyədə yenicə yaradılmış Qarabağ Savaş Suçlarının Araşdırılması Komissiyasının üzvü kimi həmin qurumun fəaliyyəti, Ermənistanla sərhəddə yaşanan son gərginliyin hüquqi-siyasi aspektləri, bu qəsbkar ölkənin Azərbaycana mina xəritələrini verməsi və təzminat ödəməsi məsələləri və s. mövzusunda diqqətəlayiq məqamlara toxunub.
Qısa tanıtım:
Adil Nadir oğlu Minbaşı - 1949-cu il noyabrın 10-da Cəbrayıl qəsəbəsiundə dünyaya göz açıb. Ali təhsilli hüquqşünasdır, 1969-cu ildən respublikanın Ədliyyə Nazirliyi sistemində çalışmışdır. 1972-ci ilə qədər rayon məhkəmələrində və Ali Məhkəmədə məhkəmə iclas katibi, 1975-ci ilədək Cəbrayıl rayon Dövlət Natoriat Kontorunda notarius, 1982-ci ilədək Sumqayıt şəhər hüquq məsləhətxanasında vəkil, Bakı şəhəri 13 saylı hüquq məsləhətxanasında müdir işləmiş, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü olub. 1989-1992-ci illərdə Azərbaycan Hüquqşünaslar İttifaqı sədrinin birinci müavini olub, 1993-1996-cı illərdə Ədliyyə Nazirliyində idarə rəisi, 1996-2000-ci illərdə "Yüs Serviz” hüquq firmasının baş direktoru, sonuncu müddətdən 2003-cü ilədək Mərkəzi Seçki Komissiyasının üzvü işləyib. O, Baş ədliyyə müşaviri rütbəsinə malikdir.
-Adil bəy, Ermənistanla sərhəddə yaranmış son gərginlik, Azərbaycan Prezidentinin Zəngəzurla bağlı növbəti bəyanatları fonunda qəsbkar ölkə ilə aramızdakı durumu hüquqi-siyasi baxımdan necə dəyərləndirirsiz?
-Məsələyə hüquqi-siyasi aspektdən yanaşanda ilk növbədə 1991-ci ilin dekabrında - SSRİ dağılarkən imzalanmış Belovejsk razılaşmasını yada salmaq gərəkdir. Sonradan digər müttəfiq respublikalar tərəfindən də imzalanmış həmin razılaşmaya əsasən yeni yaranan bu dövlətlər sovet dövründə müəyyənləşmiş sərhəd xətləri daxilində biri-birinin ərazi bütövlüyünü tanıyacaq və hörmətlə yanaşacaqdılar. Bu mənada Ermənistanın məğlub olduğu müharibədən sonra da yenidən Azərbaycan ərazilərinin işğaldan öncəki sərhədlərini tanımamaq cəhdləri beynəlxalq hüquqa da, yuxarıda xatırlatdığımız razılaşmaya da, eyni zamanda dövlətlərin sərhədlərinin toxunulmazlığı haqqındakı Helsinki razılaşmasına da ziddir. Sadəcə, ermənilər bir az Rusiyaya, bir az da Fransaya güvəndiklərindən ərköyünlük edirlər. Vəziyyəti qarışdırmaq və gərginlikdə saxlamaq onların xislətinə və maraqlarına uyğundur, amma daha çox da gərginləşdirə bilmirlər, çünki Azərbaycanın real gücünü bilir və bununla hesablaşmaq zorundadırlar...
- Ermənistan mediasında yayılmış son məlumatlara görə, mayın 20-də Ermənistan Müdafiə Nazirliyi Ermənistanda akkreditə olunmuş xarici diplomatik nümayəndəliklərin hərbi attaşelərinin Zəngəzura (Sünik bölgəsi) – Qaragöl ərazisinə səfərini təşkil edib. Bundan öncə 10-dan çox Avopa ölkəsi diplomatlarının da eyni əraziyə səfərinin təşkil edilməsi haqda da informasiyalar yayılmışdı. Sizcə, ermənilər belə addımlarla beynəlxalq təşkilatlarda Azərbaycana qarşı hansısa tutarlı hüquqi-siyasi divident əldə edə bilərmi?
- Öncə dediyim kimi, hüquqi baxımdan Ermənistanın Azərbaycanla sərhəd məsələsində, o cümlədən Qaragöl insidentində heç bir əsası yoxdur. Sadəcə, onlar müxtəlif manevrlər edərək düşdükləri ağır durumdan çıxmağa çalışırlar. Bu qəsbkar ölkə Fransa ilə yanaşı, ABŞ-dan da, ümumiyyətlə, Qərbdən dəstək almağa çalışır və bu dəstək ermənilərə həmişə verilib. Onlar haqsız olduqları halda da erməniləri müdafiə edirlər, xüsusən də Fransa. Ermənistanı son 44 günlük savaşa məhz Fransa vadar elədi və proqnozlaşdırmadığı nəticələr sayəsində bu qəsbkar ölkəni çox pis duruma qoydu. Ona görə də rəsmi Paris Ermənistanı həyasızcasına, haqlı-haqsız, heç bir beynəlxalq hüquqla, protokolla və s. hesablaşmadan müdafiə edir. Çalışır ki, onların qarşısında bu xəcalətinin yerini nə iləsə doldursun. Belə səfərləri də təşkil edən əsas güc məhz Fransadır. 44 günlük savaşdan sonra Minsk Qrupu məsələlərdən de-fakto kənarda qaldığından Fransa da Güney Qafqazdakı mövqelərini itirib. Buna görə də çalışır ki, nə yolla olur-olsun, Minsk Qrupunun statusunu bərpa edib onun vasitəsilə regiona müdaxilə etsin. Sərhəddəki prosesləri də qızışdıranların başında Fransa dayanır. Ancaq istər Fransa, istərsə də onun himayə etdiyi Ermənistan bu cür saxtakar addımlarla heç nəyə nail ola bilməyəcək və sözsüz ki, son nəticədə Azərbaycanın dövlət sərhədləri də tam şəkildə bərpa olunacaq...
- Bildiyimizə görə, bu yaxınlarda Türkiyədə qardaş ölkə və Azərbaycanla yanaşı, bir çox ölkələrin tanınmış ictimaiyyət nümayəndələri və ziyalılarının təşəbbüsü ilə yaradılmış Qarabağ Savaş Suçlarının Araşdırılması Komissiyasının(Türkcə abreviaturası- KSSAK) Azərbaycandan olan üzvlərindən biri də sizsiniz. Həmin qurumun fəaliyyəti haqqında nə deyə bilərsiniz?
- Bəli. Qarabağ müharibələrində Ermənistanın törətdiyi hərbi, ekoloji və s. cinayətlərin araşdırılması məqsədilə qurulmuş həmin komissiyada 36 dövlətdən nümayəndələr var. Komissiya Dünya Türk Yazarlar Birliyi başqanı Salih Kurt və İslam Ölkələri Alimlər Birliyinin ümumi başqanı, professor doktor Bayram Altan tərəfindən qurulub. Təşəbbüskarlardan biri də Azərbaycanın Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevdir. Onun təşkilatçılııyla ilə bir qrup jurnalist Zəngilan rayonuna səfər etmişdi. Həmin səfərdən sonra onlar bir video-konfrans təşkil etdi və KSSAK-ın yaradılması ideyası da orada meydana çıxdı. Dünya Türk Yazarlar Birliyi də bu təşəbbüsü yüksək səviyyədə dəstəklədi. Qısa müddətdə bir çox nüfuzlu şəxsləri, siyasət, elm, hüquq və sənət adamlarını özündə birləşdirən bu qurumun Türkiyə dövləti tərəfindən dəstəklənəcəyi gözlənilir. Bu günlərdə müvafiq sənədlər Prezident Administrasiyasına təqdim olunacaq , oradan da Türkiyə Böyük Millət Məclisinə göndəriləcək və bu minvalla təşkilatın maliyyələşməsi məsələsi də həll olunacaq. Bu komissiya 44 gün sürən Vətən müharibəsi və ümumiyyətlə, 30 ilə yaxın müddətdəki işğal dövründə erməni ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən hücumları, qətliam və soyqırımları, Bərdə və Gəncəyə ballistik raketlər atılan zaman baş vermiş insan faciələrini, azərbaycanlılara qarşı törədilən çeşidli savaş və insanlıq suçlarını araşdıracaq, eyni zamanda ermənilərin ekologiyaya vurduğu zərərlər, dini və tarixi abidələrə divan tutulması da incələnəcək və bu vəhşiliklər dünya ictimaiyyətinə çatdırılacaq. Bununla bərabər toplanmış faktlar işğalçı Ermənistana qarşı beynəlxalq məhkəmələrdə aparılacaq istintaq müddətində və məhkəmələrdə də sübut kimi təqdim olunacaq...
- Yəqin ki, bəhs edilən komissiya Ermənistanın Azərbaycana 30 illik işğal müddətində dövlətimizə, xalqımıza vurduğu maddi-mədəni, mənəvi zərərlərə görə təzminat ödəməsi məsələsinə də dəstək verəcək?
- Təbii ki, KSSAK bu məsələdə də Azərbaycana ciddi dəstək vermək planları var. Düzdür, komissiyanın ölkəmizə vurulmuş ziyanla bağlı faktları beynəlxalq məhkəmələrə çıxarmaq səlahiyyəti yoxdur. Azərbaycan dövləti bu işləri onsuz da görür və davam etdirəcək. Məhkəmələrdə iddia qaldırmaq üçün haqlı olduğunu təsdiq etmək üçün daha çox sübutlara malik olmaq gərəkdir. Bu baxımdan 36 dövlətin iştirakıyla aparılan müstəqil bir ekspertizanın verdiyi rəy də beynəlxalq məhkəmələrdə Azərbaycanın mövqeyini gücləndirəcək...
- Sizcə, Azərbaycan dövləti yaxın illərdə Ermənistan tərəfindən təzminat ödənməsinə nail ola biləcək?
- Bu, tezliklə həll edilə biləcək elə bir sadə məsələ deyil. Bəzən bu proseslərdə o qədər gözlənilməz nüanslar ortalığa çıxır ki... Məsələn, bu yaxınlarda Türkiyə ilə İsrailin yaxınlaşması çox böyük sürətlə gedirdi, artıq səfirliklərin də açılması razılaşdırılmışdı. Ancaq Fələstində baş verən son olaylar bu iki ölkə arasındakı münasibətləri əvvəlkindən də ziddiyyətli bir duruma gətirib çıxardı... Yəni siyasətdə nəyin necə dəyişəcəyini heç bir institut, heç bir bacarıqlı siyasətçi yüzə yüz proqnozlaşdıra bilməz. Digər məsələlər kimi, təzminat məsələsi də Türkiyə-Rusiya münasibətlərindən, onların mövqeyindən, Türkiyənin Avropa Birliyinə daxil edilib-edilməyəcəyindən və s. asılıdır. Odur ki, bunu indidən söyləmək çox çətindir..
- Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməsi məsələsi də ciddi problemə çevrilib. Beynəlxalq Humanitar Hüquqda bu məsələ necə tənzimlənir?
- Hər hansı ölkələr arasında hərbi əməliyyatlar bitdikdən sonra mina xəritələri mütləq qarşı tərəfə verilməlidir. Müharibədən sonra dinc əhalinin köçkün düşdüyü ərazilərə qayıtması prosesi başlanmalıdır. Savaş bitibsə, mülki həyat bərpa olunmalıdır. İnsanların təhlükəsizliyi və sağlamlığının qorunması da Beynəlxalq Hüququn tərkib hissələrindən biridir. Ermənistan buna riayət etmək istəmirsə, hüquqi məsuliyyət daşımalıdır. Digər məsələlər kimi, mina xəritələrinin verilməməsinin arxasında da Ermənistanın havadarları dayanır...
- Adil bəy, bildiyiniz kimi, Rusiyanın sülhməramlı adı altında Azərbaycanın Laçın rayonu və Yuxarı Qarabağ ərazilərinin bir hissəsinə daxil olmuş hərbi kontingentinin artıq 6 ayı tamam olub. Hələ də həmin qüvvənin beynəlxalq statusu müəyyənləşməyib. Bu prosesin sonunu necə görürsünüz? Azərbaycan dövləti 5 illik müddətin tamamında Rusiya hərbi birləşmələrini öz ərazisindən çıxarmağa nail ola biləcəkmi?
- Əslində, Ermənistanın haqsız ərazi iddiaları özü ilə yanaşı, Azərbaycanın və Gürcüstanın da taleyini başqa bir istiqamətə yönəldib. Rusiya sülhməramlılarının Azərbaycan ərazisinə girməyə nail olması da prosesləri daha da qəlizləşdirdi. 28 il bundan öncə Azərbaycandan çıxarılmış Moskva yenidən hərbi formada ölkəmizə girdi və regionda mövqeyini möhkəmləndirdi. Rusiya nə qədər ki, güclüdür, hətta 5 il tamam olandan sonra da buradan çıxmayacaq. Tutaq ki, lap 5 ilin tamamında Azərbaycan-Ermənistan sərhədi də müəyyənləşdirildi, Ermənistan ərazi bütövlüyümüzü də tanıdı, Zəngəzur dəhlizi də açıldı, iqtisadi-siyasi əlaqələr də bərpa olundu, Rusiya yenə də Qarabağdan və Laçın dəhlizindən çıxmayacaq. Hegemon bir dövlət kimi hər yerdə öz maraqlarını yeritməyə çalışır...
- Bəs Azərbaycan dövləti Rusiya sülhməramlılarından rəsmən imtina etsə də, Kreml onları ərazimizdən çıxarmayacaq?
- Azərbaycan da, Ermənistan da – hər ikisi istəsə belə, buradan çıxmayacaq Rusiya. Həmin 5 illik müddətin tamamına az qalmış, bilsə ki, biz onların çıxarılması məsələsini qoyuruq, Rusiya hərbi kəşfiyyatı Qarabağda azərbaycanlı və ermənilər arasında elə bir konflikt yaradacaq ki, bu, onlara çıxmamaq üçün hüquqi əsas verəcək və həm də yenidən onların funksiyasına möhtac olacağıq. Özümüz deyəcəyik ki, qalın, münaqişəni sakitləşdirin. Rusiyanın Qarabağdan çıxması yalnız bir halda mümkün ola bilər. Əgər Türkiyə də Rusiya ilə birlikdə Avropa Birliyi tipli bir qurum yaradıb birlikdə oraya daxil olacaqsa, o zaman artıq Ermənistan Rusiyaya lazım olmayacaq. Bu halda Kremlin buradakı hərbi mövcudluğuna da gərək qalmayacaq...