Rusiya ilə cənub qonşusu Qazaxıstan arasında ticarət həcmi 2,5 trilyon rubl və ya 28 milyard dolları ötüb.
Hafta.az-ın yazdığına görə, Rusiyanın baş naziri Mixail Mişustin Qazaxıstanın yeni baş naziri Oljas Bektenovla görüşündə Astana ilə münasibətlərin yaxşılaşdırılmasının Moskva üçün prioritet olduğunu bildirib.
Rusiyanın baş naziri iki ölkə arasında qardaşlıq münasibətlərini inkişaf etdirməyə hazır olduğunu təsdiqləyib və deyib: "Moskva Bektenovun Rusiyaya ilk xarici səfərinin başlamasını alqışlayır. Bu, ölkələr arasında münasibətlərin qardaşlıq xarakteri daşıdığını göstərir. İndi əsas vəzifə ondan ibarətdir ki, iki ölkə arasında qardaşlıq münasibətləri inkişaf etdirilsin, iki ölkə prezidentlərinin bütün qərarları yerinə yetirilsin”.
Rusiya-Qazaxıstan iqtisadi əməkdaşlığı son illər əhəmiyyətli sürət qazanıb. Xüsusilə Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi ağır sanksiyalardan sonra iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi ötən il 2,5 trilyon rublu keçərək 2022-ci ildə əldə edilən rekord göstəricini yeniləyib.
İki ölkə arasında ticarət dövriyyəsinin bu il də artacağı gözlənilir.