Rusiya-Ukrayna müharibəsinin 4 ili tamam olur. Kiyev vilayətinin Buça rayonunun Borodyanka qəsəbəsi Rusiya ordusunun ilk işğal etdiyi ən böyük yaşayış məntəqəsi olub.
Hafta.az AZƏRTAC-ın Borodyankadan hazırladığı reportajı təqdim edir:
Müharibənin ikinci günü - fevralın 26-da artıq Rusiya ordusu Borodyankaya daxil oldu. 2022-ci ilin aprelin 1-ə qədər Boroyanka uğrunda gedən döyüşlər zamanı ən azı 171 mülki şəxs həlak olub, 60-dan çox insan itkin düşmüş sayılır. Qurbanlar arasında işğal zamanı 13 nəfərin öldüyü Borodyanka psixiatriya dispanserinin xəstələri də olub. Kiyev vilayəti ərazisindəki bütün yaşayış məntəqələri arasında ən ağır dağıntıya məhz Borodyanka məruz qalıb. Borodyanka döyüşlərinin şahidi və hərbçi Mikola Valovik həmin günləri qara kabus adlandırır.
Borodyanka sakinləri “Molotov kokteyli” və ov tüfəngləri ilə müqavimət göstərirdi
Mikola Valovik açıqlamasında bildirib ki, Borodyankanın əsas küçəsində yerli sakinlər “Molotov kokteyli”, ov tüfəngləri ilə müqavimət göstərməyə başlayanda rus hərbçiləri şəhəri xüsusilə təyyarələrlə bombalamağa başladılar.
“Bir neçə çoxmərtəbəli binalar bombalandı. Həmin binalaradan ikisi arxada yerləşirdi. Orada insanlar zirzəmilərdə yaşayırdılar. Hava zərbələri nəticəsində binalar dağıldı, insanlar zirzəmilərdə dağıntıların altında qaldılar. Zirzəmidə qalan həmin insanların taleyi məlum deyil.
Borodyankada 2000-dən çox mülki obyektlər dağıdılıb
Paytaxt Kiyevdən cəmi 30-40 kilometr məsafədə yerləşən Borodyankada Rusiya ordusu Ukrayna hərbçilərinin müqaviməti ilə rastlaşmasaydılar, Kiyevə doğru irəlliləyəcəkdi. Çünki Belarus sərhədi yaxınlığında yerləşən Borodyanka Kiyevə qarşı Rusiya hücumunun əsas mərkəzi sayılırdı. Ona görə də bu yaşayış məntəqəsi kütləvi atəşə məruz qaldı.
Borodyankanın “Çentralne vulitsa” adlanan küçəsində Rusiya ordusu Çernobıl istiqamətindən şəhərə daxil oldu. Rus hərbçilər məhz buradan yerli sakinlərin, Ukrayna Silahlı Qüvvələrinin müqaviməti ilə qarşılaşdılar. Burada Rusiya ordusunun tank kalonu məhv edildi. Lakin ətraf yaşayış məntəqələri dağıdıldı. Onlarla insan, mülki şəxs həlak oldu. Burada yerləşən orta məktəb dağıdılmışdı. Məktəbin partalarından müdafiə istehkamı üçün istifadə edilmişdi. İndi isə gördüyünü kimi, artıq məktəb yenidən tamamilə bərpa edilib və normal təhsil üçün şərait yaradılıb.

Borodyanka faciəsi Buça faciəsindən heç də geri qalmır. Çünki hadisələrin şahidi olan yerli sakinlərin bildirdiyinə görə, rus hərbçilər dağıntılar altında qalan insanların çıxarılmasına mane olurdular. İşğal başlayanda bir çox yerli sakin Borodyankanı tərk etməsəydi, itkilərin sayı daha çox ola bilərdi.
Borodyanka meri vəzifəsini icra edən İrina Zaxarçenko açıqlamasında bildirib ki, şəhər 2022-ci il fevralın 26-da ilk dağıntıya məruz qaldı.
“Rusiya hərbi texnikasının kolonları artıq torpağımızdan, yollarımızdan keçmişdi. Biz itkilər verdik, təkcə şəhərdə 2000-dən çox obyekt dağıdıldı - məktəblər, uşaq bağçaları, çoxmənzilli binalar, xəstəxanalar, təcili yardım məntəqələri və digər infrastruktur. Amma biz ümidimizi itirməmişik. Ukrayna Silahlı Qüvvələri sayəsində şəhərimiz işğalçılardan azad edilib.
Bu gün Ukrayna hökumətinin, prezidentimizin dəstəyi və dost Avropa tərəfdaş ölkələrinin dəstəyi ilə bərpa edirik. Bu günə qədər 30-dan çox obyekti - çoxmənzilli binaları, məktəbləri və uşaq bağçalarını yenidən qurmuşuq. Dövlət proqramları çərçivəsində bərpa işlərini davam etdiririk”, - deyə İrina Zaxarçenko əlavə edib.

Qeyd edək ki, şəhərin mərkəzində yerləşən səkkiz çoxmərtəbəli yaşayış binasını dağıdılıb və çoxsaylı itkilərə səbəb olub. Ümumilikdə Borodyankada döyüşlər və işğal zamanı 300-dən çox mülki şəxs və hərbçi həlak olub. Ona görə də Ukrayna Daxili İşlər Nazirliyi rəsmi hesabatında Borodyankadakı hadisələri Ukraynanın ən böyük faciələrindən biri kimi qeyd edilib.


