Rusiya VPN xidmətlərini qadağan etməyə hazırlaşır

09:30 07.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada Kremlə bağlı Təhlükəsiz İnternet Assosiasiyasının rəhbəri Yekaterina Mizulina bildirib ki, ölkədə VPN xidmətləri mart ayından etibarən “çox güman ki” qadağan olunacaq.

Hafta.az-ın yazdığına görə, internet istifadəçilərinə yasaqlanmış saytlara daxil olmağa imkan verən VPN xidmətlərindən istifadə son zamanlar kəskin şəkildə artıb.

Rusiyalı internet istifadəçiləri qadağan olunmuş sosial media platformalarına və müstəqil xəbər saytlarına daxil olmaq üçün VPN xidmətlərinə müraciət ediblər.

Yekaterinburqda orta məktəb şagirdlərinin qatıldığı konfransda çıxış edən Mizulina, "VPN xidmətləri, xüsusən də pulsuz təklif olunanlar cəhənnəmə açılan qapıdır. Cihazlarınızda böyük qara dəlik yaradırlar" deyib.

Rusiya hökumətinin VPN xidmətlərinə qadağa qoyacağı ilə bağlı şayiələr barədə suala Mizulina “Bəli, yəqin ki, belə olacaq” deyə bildirib.

Mizulina daha sonra sözlərinə aydınlıq gətirib və VPN xidmətlərinin tamamilə bloklanmasının “texniki səbəblərə görə mümkün olmadığını” və yalnız ən çox istifadə edilən xidmətlərin hədəf alınacağını bildirib.

Mizulina, səlahiyyətlilərin bu addımla ictimaiyyəti və istifadə etdikləri cihazları qorumaq məqsədi daşıdığını deyib.

Keçən il Rusiya səlahiyyətliləri başlatdıqları kampaniya ilə VPN-lərdən istifadənin təhlükələri barədə ictimaiyyətə xəbərdarlıq edib və bu xidmətlərdən istifadə edən cihazların hakerlərin hədəfinə çevrilə biləcəyini bildirmişdilər.

Bununla belə, ekspertlər ölkədəki anti-VPN kampaniyasının müstəqil xəbər mənbələrinə çıxışı çətinləşdirmək məqsədi daşıdığını da bildirirlər.