Rusiya yenə də diplomatik minalar basdırır - Üzeyir Cəfərov

12:09 04.11.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

44 günlük müharibədə qazandığımız böyük zəfərin və 10 Noyabr üçtərəfli atəşkəs sazişinin imzalanmasından 1 il keçir. Ermənistanın Azərbaycan torpaqları üzərindəki işğalına son qoyulsa da, ölkəmiz hələ də müəyyən xarici təsirlərin altında özünün tam suverenliyini və sərhədlərinin bütövlüyünü, təhlükəsizliyini qorumaq üçün mübarizəsini davam edir. Ermənistan Azərbaycan ərazilərindən silahlı dəstələrini çıxarmayıb və hələ də Rusiya sülhməramlılarının iştirakı ilə humanitar dəstək adı altında regiona yerləşməkdə davam edir. Kapitulyasiyaya imza atan, lakin onun tələblərinə əməl etməyən Ermənistan öz məkrli niyyətlərini yenidən dirçəltmək üçün  havadarlarının dəstəyi ilə pusquda dayanıb. Azərbaycan isə əksinə, Ermənistanı sülh sazişinə dəvət edir və Rusiyanın vasitəçiliyi ilə dövlət sərhədlərinin yenidən müəyyənləşdirilib regionda sülh və sabitliyin, infrastrukturun inkişafı, kommunikasiyaların açılması, qaçqın və məcburi köçkünlərimizin öz yurdlarına qayıdışının təşkili üçün bərpa işlərini davam etdirir. Bölgədə mövcud vəziyyət istənilən sabitliyin yaranmasına imkan verirmi? Müsahibimiz hərbi ekspert Üzeyir Cəfərovdur.

- Zəfər günümüz yaxınlaşır. 10 Noyabrda imzalanan üçtərəfli atəşkəs sazişindən sonra 3 rayonumuz -Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan azad edidi. Proseslər addım-addım irəliləyir və ərazilərimizdə -sülhməramlı, Laçın dəhlizi, erməni silahlılarının çıxarılması ilə bağlı müəyyən mübahisəli məqamlar hələ də qalır. Bölgədə hərbi vəziyyət istənilən sabitliyin yaranmasına imkan verirmi, hansı ürəkaçan yenilənmələri müşahidə edirsiniz?

- Hər birimiz Zəfər tariximizin ildönümünü böyük səbirsizliklə gözləyirik. İnşAllah bir neçə gündən sonra o möhtəşəm tarixi bir yerdə qeyd edəcəyik. Bu, Azərbaycan xalqının, bütün Türk dünyasının  erməniyə verdiyi hərb dərsdir. O dərsdir ki, 30 ilə yaxın müddətdə dünyanın söz sahibi olan dövlətlərinin həll edə bilmədiyi məsələni Azərbaycan oğulları, əsgərləri, zabitləri həll etdilər.  Fürsətdən istifadə edib canı-qanı ilə torpaqların alınmasında iştirak etmiş əzgər və zabitlərimizə təşəkkür edirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram.

Hər birimiz, bu zəfər ilinin tamamında yeni nələrinsə baş verəcəyini gözləyirik. Əvvəla, regionla bağlı mühüm sənədin imzalanması gözlənilir.  Ermənistan və ona havadarlıq edən qüvvələr oyun qaydalarını pozmasalar, həmin  sənədin şahidi olacağıq. Bu sənəd bizə əlavə üstünlüklər verəcək.

Müharibəni Azərbaycan xalqının xeyrinə həll eləmiş tərəfik.  Burada bizim dediklərimiz olmalıdır və bizim şərtlər işləməlidir. Amma müəyyən qüvvələr də var ki, onlar var gücü ilə bu prosesi pozmağa çalışırlar. Onların bu niyyətlərinin baş tutacağını düşünmürəm. Ümid edirəm, yaxın günlərdə daha xoş xəbərlər eşidəcəyik. Bu da ondan ibarətdir ki, ərazilərimizdə olan erməni tör-töküntülərinin ağıllandırılma prosesi olacaq və onu da qəhrəman Ordumuz həyata keçirəcək.

Bu hansı formada olacaq? Əgər erməni tör-töküntüləri ağıllarını başlarına yığmayacaqlarsa, mütləq mənada onlara güc tətbiq olunacaq. Yox, əgər ağıllarını başlarına yığacaqlarsa, silahlarını təhvil verib Azərbaycan qanunları ilə yaşayacaqlarsa, yaşasınlar. Biz qalib tərəf olaraq dəfələrlə təkliflərimizi vermişik. Bu günlərdə Romada keçirilən “G-20” sammitində də qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə görüşündə dedi ki,  Azərbaycan öz sülh təklifini irəli sürüb. Hadisələri qabaqlamaq istəmirəm. Yaxın zamanlarda ərazilərimizlə bağlı xoş xəbərlər eşidəcəyik.

- 8 Noyabrda Zəfər gününü qeyd edəcəyik. Ondan sonra gələn 10 Noyabr sazişinin isə 1 ili tamam olacaq. Həmin ərəfədə Moskvada 3 tərəfli növbəti görüş olmalıdır. Orada “Hansı sənədlərə imza atıla bilər?” müzakirələrinin hədəfində budur...

- Düşünmürəm ki, yaxın zamanda sülh sazişi imzalanacaq.  Bu, Azərbaycandan asılı olan məsələ deyil. Daha çox bədnam qonşularımızın hikkələri, iddiaları ilə bağlı olan məsələlərdir.  Ermənistanı əllərində alət edən bəzi qüvvələr buna imkan vermək istəmirlər. Ermənilərə qalsa, onlar onsuz da gec-tez öz qərarlarını verməlidirlər. Hələ də öz yollarını, istiqamətlərini müəyyən etməyiblər. Unutmayaq, bu həmin ermənidir ki, zaman-zaman Azərbaycan xalqına qarşı cinayətlər, soyqırımlar törədib. Belə fikir yaradır ki, müəyyən vaxtdan sonra onların erməni xəstəlikləri baş qaldırır.  Ona görə də  ermənilərlə bağlanan sülh sazişini etibarlı görmürəm. Ermənilər regionda marağı olan güclərin əlində alətdir və o alətdən yenə də istifadə edə bilərlər. Ona görə də silahımızı dolu saxlamalıyıq.

- Ermənistanın belə məğlub vəziyyətində “sülh sazişi”ndən yayınmağa gücü varmı?

- Sənədlər hazırlanıb. Onun detalları 3 tərəfli şəkildə razılaşdırılıb. Bu sənəd noyabrın birinci ongünlüyündə imzalanmalıdır. Ola bilər ki,  prosesi uzatmaq üçün hansısa bəhanə ortalığa atılsın.  Bu prosesdə qarant rolunu Rusiya oynayır. Ona görə də hesab edirəm, ən azı, sənədin imzalanması həyata keçiriləcək. Sənədin necə realizə olunması – bu başqa problemdir. Bir məsələni də xatırladım ki, 2020-ci il Zəfər tariximizdən sonra Rusiya sülhməramlıları bölgəyə gəldilər. Üçtərəfli Bəyannamənin 4-cü bəndində var idi ki, Rusiya sülhməramlılarının bölgəyə daxil olması ilə ermənilərin silahlı qüvvələri çıxarılsın. Bir il keçsə də, bu istiqamtədə addım atılmayıb. Bu bizi düşündürür.  Əksinə, bölgədə bəzi süni problemlər yaradırlar. Azərbaycan əsgərlərinin yerləşdiyi ərazilər atəşə tutulur. Ümid edirdik ki, sülhməramlıların yerləşdiyi ərazilərdə sülh bərqərar olacaq, atəşkəs pozulmayacaq, amma əsgərlərimizdən də şəhid oldu. Sonuncu itkimiz oktyabrın 14-də Əfqan Həmzəyev idi. O,  sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidən snayper atəşi ilə vurularaq şəhid oldu. Ona görə də əminlikə desəm ki, hər şey yaxşı olacaq, bu  doğru olmaz. İmzalanacaq sənəddə Ermənistan faktoru var. Ümid edirik, bu ilin sonunda  məsələlər öz həllini tapacaq.

- Sülh sazişində Rusiya faktorunun olduğunu dediniz. Son vaxtlar “Putin planı” deyilən bir sazişin imzalanmasından da danışırlar. Ekspertlər hesab edirlər ki, sərhədlərin müəyyənləşməsi, delimitasiyası, demorkasiyası, sülh sazişi Rusiyanın cızdığı xəritələri əsasında reallaşa bilər...

- Yaxınlarda Vladimir Putin Valday forumunda regionla bağlı bəzi narahatlıq doğuran fikirlər səsləndirdi. O, məlum çıxışında “kompromis” sözünü işlətdi. Anlaya bilmirəm, Azərbaycan bundan artıq hansı kompromisi etməlidir ki, həm Rusiya, həm də Ermənistan bundan razı qalsın. Biz 30 il müddətində dəfələrlə danışıqlara getdik. Bunlara  “ən yüksək status, ən yüksək muxtariyyət, nə mümkündüsə təklif etdik, amma özümüz  deyib, özümüz eşitdik. Məcbur qalıb əks-hücum nəticəsində torpaqlarımızı hərb yolu ilə azad etdik.

Mənim üçün şəhidlər ən ağrılı mövzudur. Bizim doğmalarımız, əzizlərimiz həyatlarını itirdilər.   Xeyli insanımız xəsarət aldı. Çoxları ömürlük əlil qaldı. Rusiya yenə də Azərbaycandan “kompromis” istəyir. Bu söz məni qətiyyən açmadı. Qalib tərəf olmağımıza baxmayaraq, Rusiya ortaya yeni hoqqalar çıxarmaq istəyir. Əlbəttə, bu narahat etməyə bilməz. Rusiya yenə də diplomatik minalarını basdırır. Əslində, bu məsələdə söz sahibi Azərbaycan olmalıdır. 44 günlük Vətən savaşında Dəmir Yumruqla sözümüzü dedik, ərazi bütövlüyümüzü bərpa etdik. Düzdür, bəzi texniki xarakterli problemlər qalır. Söhbət Xankəndi, Xocalı, Xocavənddən gedir. Sənədlər imzalanarkən söhbət Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərindən gedəcək.  Bu ərazilər BMT qətnamələrində öz əksini tapıb.  Əgər söhbət XXI əsrin 2021-ci ilində imzalanacaq sənədindən gedəcəksə, orada Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləri öz təsdiqini tapmalıdır. Bu narahatlıqlara son qoyulması üçün sənədin imzalanması və reallaşdırılması mütləqdir.

- Prosesdə Türkiyə niyə görünmür?

-Türkiyə bəlli məqamda hadisələri yaxından izləyir və proseslərin içindədir. “Böyük 20-lər”in sammitində Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında danışıq oldu. Danışıqların bir bəndi də Cənubi Qafqaz, regionla bağlı idi. Ötən həftə Füzulidə Beynəlxalq Hava Limanının açılışında Türkiyə rəsmisi şəxsən iştirak etdi. Füzuli Hava Limanında Türkiyə təyyarəsinin görünməsi, Rəcəb Tayyib Ərdoğanın iştirakı Türkiyənin regionda olması bariz nümunədir.

- Sülhməramlıların regiondan çıxışı üçün hansı zəmin hazırdır?

- Rusiya sülhməramlılarının bölgədən çıxıb-getməsinin tərəfdarlarından biri də mənəm. Onlar bölgəyə daxil olarkən erməni siahlı birləşmələrini çıxarmalıydılar. Bunu etmədilər və bu o deməkdir ki, sülhməramlılar regionda uzun müddət davam edə bilməzlər. Bir il tamam deyil, Rusiya sülhməramlılarında 3 komandanlıq dəyişib. Bu, yaxşı hal deyil. Ona görə də sülhməramlılar özləri öz gedişləri üçün zəmin hazırlayıb...