Rusiya şəhərlərində bir gündə müxalifətçi Aleksey Navalnının ölümünə etiraz edilən və müxalifətçinin xatirəsinə həsr olunmuş aksiyaların 250-dən çox iştirakçısı həbs olunub.
Hafta.az xəbər verir ki, bu sözləri “OVD-İnfo” layihəsinin əməkdaşı Dmitri Anisimov “Nastoyaşeye vremya” verilişində söyləyib.
“Həbs olunanların əksəriyyəti Sankt-Peterburqdadır: təxminən 130 nəfər. Dünən xüsusilə sərt həbslər oldu. Bəzi polis idarələrinə uzun müddət vəkillər buraxılmayıb. Bundan əlavə, Peterburqda polis dəyənəklərdən və elektrik şokundan istifadə edir, baxmayaraq ki, həbs olunanlar müqavimət göstərmirlər”, - Anisimov əlavə edib.
O qeyd edib ki, insanlar daha çox polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqda ittiham olunurlar. Haqqında Rusiya ordusunu “diskreditasiya” maddəsi ilə protokol tərtib edilən azı bir nəfərin həbsi də məlumdur.
Hazırda Rusiyanın 21 şəhərində həbslər aparıldığı məlumdur. Sankt-Peterburqla yanaşı, Moskva və Nijni Novqorodda da kütləvi həbslər aparılıb.