Rusiyada qızılca təşvişi: yoluxma halları 288 dəfə artıb

11:55 16.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada bu il qızılcaya yoluxma hallarının rekord dərəcədə artması rəsmiləri təşvişə salıb. Xalq Sağlamlığı Təşkilatı "Rospotrebnadzor" səlahiyyətliləri ilin ilk 9 ayında yoluxma sayının 8073-ə yüksəldiyini bildirir. Rusiyada indiyədək bu xəstəliyə yoluxanların 4989-u 14 yaşa qədər uşaq və yeniyetmələrin payına düşür.

Hafta.az-ın “Kommersant” qəzetinə istinadən yazdığına görə, yoluxma sayının artmasının səbəbi ölkədə kifayət qədər peyvəndin olmamasıdır. Xəstəliklərin sayını artıran digər amil anti-peyvənddir.
Mütəxəssislər sanksiyalar səbəbindən ölkədə qızılca, məxmərək və parotit peyvəndlərinin əldə edilməsində çətinlik yarandığını bildirirlər.

Qəzetə danışan "Rospotrebnadzor" rəsmiləri bildiriblər ki, hadisələrin sayında rekord artım olsa da, vəziyyət nəzarət altındadır.

Digər tərəfdən, bu il göy öskürək hallarında 1096 faizə qədər artım var. Aşkar edilmiş halların sayı 20 minə yaxındır. Suçiçəyi xəstəliyində də 18 faiz artım var.

Ötən gün Moskva Dövlət Universiteti qızılca xəstəliyi ilə əlaqədar fakültələrindən birini distant təhsilə keçirmişdi.