Krokusda baş verən terror aktından sonra hakimiyyət Rusiyaya işləməyə gələn mühacirlərin hərəkətinə daha ciddi nəzarət etmək üçün yeni qaydalar hazırlayır.
Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, hakim “Vahid Rusiya” Partiyasının rəhbərləri ilə baş nazir Mixail Mişustin arasında görüş keçirilib və “immiqrantların rəqəmsal profili”nin yaradılması üçün müddət müəyyən edilib. Bu proses ilin sonuna kimi həyata keçiriləcək.
“Rəqəmsal immiqrant profili” əcnəbi işçi haqqında bütün məlumatları, xüsusən də hava limanlarında toplanan biometrik məlumatları ehtiva edəcək. Səlahiyyətlilər həmçinin miqrantların ölkə daxilində hərəkətləri, sənədlərinin bitmə tarixi, harada və kiminlə yaşadıqları, başqa işə keçmə və ya işdən çıxarılma məlumatları kimi təfərrüatları izləyəcək.
Dövlət Dumasının sədr müavini Sergey Neverov baş nazir Mixail Mişustinlə görüşündən sonra sosial şəbəkədəki paylaşımında “Əmək miqrasiyası məsələsi gündəmə gətirilib. Mövzu ağrılıdır, lakin diqqətli və düşünülmüş yanaşma tələb edir. İşə gələn şəxsin rəqəmsal profili yaradılacaq. Hara köçür, məzuniyyəti bitəndə harda yaşayır, kiminlə yaşayır - fəhlə miqrantla bağlı hər şey, o cümlədən başqa işə keçid və işdən çıxarılma da nəzarət altında olmalıdır” deyib.
News.ru xəbər verir ki, terror aktından sonra əcnəbilərə qarşı yoxlamaların artması ilə yanaşı, Moskvada əcnəbilər tərəfindən ölkəyə giriş qaydalarının pozulması hallarının sayı da kəskin çoxalıb. İlin əvvəlindən martın 25-i səhərədək məhkəmələrdə 784 deportasiya qərarı qeydə alındığı halda, təkcə son bir həftə ərzində 1106 analoji qərar çıxarılıb.