44 günlük savaşdan sonra keçən 4 il ərzində Ermənistan hakimiyyətinin Rusiya ilə münasibətlərinin, demək olar ki, kəskinləşməsinə rəğmən həmin ölkədən Ermənistana pul köçürmələrinin həcmi xeyli artıb.
Hafta.az xəbər verir ki, “Armtimes” nəşrinin yaydığı məlumata görə, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk “ Ekspert” jurnalına müsahibəsində Avrasiya İqtisadi İttifaqının müxtəlif ölkələrində iqtisadi və digər göstəricilər və İttifaqın ümumi nəticələri barədə danışarkən Ermənistana pul köçürmələri haqda rəqəmləri nümunə gətirib.
“2021-2022-ci illərdə Rusiyadan Ermənistana pul köçürmələrinin həcmi 5 dəfə, illik 867 milyon dollardan 4,385 milyon dollara qədər artıb. Lakin hesabların açılmasına səbəb, digər məsələlərlə yanaşı, beynəlxalq ödəniş sistemlərinə çıxış da olub”.
Hələ 2023-cü ilin noyabrında “RBK”-nın Ermənistanın Mərkəzi Bankının verdiyi məlumatlara istinadla apardığı hesablamalara əsasən 2023-cü ilin avqustunda Rusiya vətəndaşları Ermənistana 32,8 milyard rubl ekvivalentində (təxminən 345 milyon dollar) və ya 2021-ci il üçün orta aylıq köçürmələrin həcmindən 7,2 dəfə çox pul köçürüblər.
Ümumilikdə, 2022-ci ilin sentyabrından 2023-cü ilin avqustuna qədər Rusiyadan Ermənistana 322,1 milyard rubl (təxminən 3,5 milyard dollar) vəsait köçürülüb. Əgər ötən il hər ay orta hesabla 19,6 milyard rubl pul köçürülmüşdüsə, 2023-cü ildə orta məbləğ 27 milyard rubla çatıb.
Maraqlıdır ki, əksinə, Rusiyaya birbaşa bağlı olan Serj Sərkisyanın hakimiyyətdə olduğu dövrlərdə, 2015-2017-ci illərdə bu ölkədən Ermənistana pul köçürmələri kəskin azalmışdı.
Hafta.az-ın araşdırmasından o da bəlli olub ki, Rusiyadan Ermənistana köçürülən pul vəsaitlərinin həcmi Ermənistanın ÜDM-nin 13 %-dən yüksəkdir. Bu da Rusiya üçün Ermənistana təsir edə biləcək güclü siyasi və iqtisadi rıçaq formalaşdırır...