Putinin Ukraynadakı bu məğlubiyyəti davam edərsə, Rusiya hansısa kütləvi qırğın silahının istifadəsinə əl ata bilər. Ancaq bunun da çox mürəkkəb bir proseduru var.
Bu fikirləri hafta.az-a politoloq Ərəstun Oruclu deyib:
“Bilirsiz ki, nüvə silahının işə düşməsi üçün ən azı 3 əldə olan kodlar açılmalıdır ki, həmin silah işə düşsün. Bu kodlar da ölkənin Ali Baş Komandanında, Müdafiə nazirində və Baş Qərargah rəisində olur. Bunu da nəzərə alaraq hesab etmirəm ki, Rusiyada hər kəs Putin kimi düşünür və belə bir çox ağır məsuliyyətli addımı ata bilər.
Hərçənd Putinə gəlincə, onun Müdafiə naziri və Baş Qərargah rəisinə təsiri mütləq olarsa, Rusiyadan nüvə raketlərinin atılacağını istisna etmirəm. Amma bu, dediyim kimi, çox ağır məsuliyyət tələb edir və çox ağır nəticələri ola bilər. Zənnimcə, hələlik Rusiyanın belə bir addım atacağı görünmür, söhbət, sadəcə, hədədən gedir.
Hərçənd, dediyim kimi, hökmən deyil ki, Rusiyanın istifadə edəcəyi silah atom və ya hidrogen bombası olsun. Digər kütləvi qırğın silahları, məsələn, iri həcmli vakuum bombaları var ki, onlar dağıdıcı effektlərinə görə elə atom bombasına, nüvə silahına yaxın sayılır. Putinin onlardan da yararlanması mümkündür. Və bildiyiniz kimi, tam təsdiqini tapmamış məlumatlara görə, artıq bu günlərdə Xarkova böyük bir vakuum bombasının atılmasının görüntüləri yayılıb...
Amma siz deyən kimi, hadisələrin inkişaf ssenarisi dəyişərsə və NATO Rusiya ilə birbaşa savaşmağa məcbur olarsa, bu halda Putinin məhz nüvə raketləri atacağını istisna etmirəm...”